Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsini gücləndirmək
məqsədilə Qəbələdə "Şahin" hərbi-idman oyunu üzrə rayon
birinciliyi keçirilmişdir. AzərTAc xəbər verir ki,
Qəbələ şəhər 2 nömrəli məktəbdə keçirilən yarışın açılış
mərasimində çıxış edən rayon gənclər və idman idarəsinin
rəisi Fəxri Soltanov yarışın əsas məqsədinin məktəblilər
arasında aparılan hərbi-vətənpərvərlik tərbiyəsi işini
daha da gücləndirmək, onların fiziki hazırlığını
artırmaq və ordu sıralarında xidmətə hazırlamaqdan
ibarət olduğunu vurğulamışdır.
Sonra hərbi-idman yarışının startı verilmiş və 10-11-ci
sinif şagirdləri sıra hazırlığı, maneələri dəf etmə,
avtomatın sökülüb-yığılması, 100 metr məsafəyə qaçış,
turnikdə dartınma, mülki müdafiə hazırlığı və digər
mərhələlər üzrə qüvvələrini sınamışdır. Yarışda
Soltannuxa kənd orta məktəbinin komandası birinci,
Qəbələ şəhər 2 və 1 nömrəli orta məktəblərin komandaları
isə ikinci və üçüncü yerləri tutmuşlar.
Qalib komandalara Qəbələ Rayon Gənclər və İdman
İdarəsinin diplomları təqdim edilmişdir. |