Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 Aprel 2014 - №12

 

Həkim məsləhəti

Uşaqlar necə qidalanmalıdırlar?

 

Uşaqların necə qidalandırılması bu gün cəmiyyətin böyük bir qismini düşündürən və narahat edən vacib məsələdir. Bakı şəhərindəki 4 nömrəli uşaq poliklinikasının terapevti Sevinc İmanovanın mövzuyla bağlı fikirləri və məsləhəti bu baxımdan maraqlıdır: 

- Məktəblilərin faydalı və keyfiyyətli ərzaq məhsulları ilə düzgün qidalanması onların sağlamlığı üçün çox vacibdir. Əlbəttə, ilk növbədə valideynlər öz uşağının təhsili ilə yanaşı, düzgün qidalanmasına da ciddi fikir verməlidirlər.  Şagirdlərin məktəb çantasında evdən özləri ilə yemək götürmələri, əslində onların mədə-bağırsaq infeksiyalarından qorunmasını təmin edir. 

Uşaqların düzgün  qidalanmaması onların nəinki bugünkü sağlamlığını, həm də gələcək həyatını təhlükə altına qoymuş olur. Düzgün və keyfiyyətli qidalanmayan uşaqlar bir sıra sahələrlə yanaşı, təhsildə də irəli gedə, yüksək fəallıq göstərə bilmirlər.

Mən bir həkim kimi onu valideynlərə tövsiyə edirəm ki, süni surətdə enerji artıran qazlı içkilərin, qızardılmış yeməklərin və çipslərin əvəzinə uşaqları süd, ayran, yoğurt, meyvə suyu, təzə və yerli meyvələrlə qidalandırsınlar. Təsadüfi, tez başa gələn yeməklərlə  mütəmadi qidalanan uşaqların əksəriyyətinin mədə-bağırsaq sistemində problemlər,  qurd xəstəliklərinin törətdiyi fəsadlar müşahidə olunur.

Evdən kənarda, səyyar ticarət obyektlərində  hazırlanan "Fast food" - yəni tez başa gələn yemək tərzi ilə böyüyən uşaqlar əslində normal qidalanmır, onların sadəcə mədəsi dolur. Belə uşaqlarda tədricən sümükdə kalsiumun miqdarı azalır və artıq 12-13 yaşlarında sümük əriməsi kimi dəhşətli bir xəstəliyin təməli qoyulur. Bu xəstəliyin-osteoporozun  təməli uşaq yaşlarında yaranmağa başlasa da,  yaşlılıq dövründə daha sürətlə üzə çıxır. Sümük möhkəmliyində ən mühüm şərt uşaqlıq dövründə kifayət qədər kalsium tərkibli qidalardan istifadə etməkdir. Bıçaqla kəsərkən dilimləri tez qaralan bütün meyvələr - qızıləhmədi alma, heyva, nar, xurma tərkibi kalsiumla zəngin olan nemətlərdir.

Uşaqların normal inkişafı üçün onlara mütəmadi süd də verilməlidir. Məktəbli uşaqlarda indiki mövsümdə yuxarı nəfəs yollarının kəskin respirator xəstəliklərinin geniş yayılmasının səbəblərindən ən birincisi odur ki, onların çoxu ev yeməkləri əvəzinə  məktəbdə, mağazalarda, marketlərdə satılan çips, çubuqlu şirələr, qarğıdalı çöpləri, yumurta formasında olan şokoladlar və s. hazır məmulatlarla qidalanırlar. Bu qidalar isə uşaqlarda angina, yuxarı tənəffüs yollarının virus infeksiyaları, həmçinin  parazitlərə yoluxma, işləmə-qusma halları yaradır. Uşaqların, hətta böyüklərin də əksəriyyətində mədə-bağırsaq infeksiyalarının baş vermə səbəbi əsasən, keyfiyyətsiz qidalarla bağlıdır.

Soyuq aylarda hava şəraiti, qapalı məkanlar və havasızlıq ilə əlaqədar qrip virusu özünü daha çox büruzə verir. Qripdən qorunmağın əsas yolu gigiyena ilə yanaşı, həm də qidalanmadır. Xəstəlikdən qorunmaq üçün ilk növbədə çoxlu təmiz su içməyi, tərkibi A, C, E vitaminləri ilə zəngin olan qidalardan, yeni sıxılmış təbii meyvə şirələrindən istifadə etməyi, səhər yeməyinə xüsusi diqqət yetirməyi tövsiyə edirəm. Qida rasionunda daim ət və ət məhsulları, yumurta, təzə  meyvə-tərəvəz, süd və süd məhsulları olmalıdır. Gün boyu bol maye qəbul etmək, idmanla məşğul olmaq, müxtəlif şorbalar qəbul etmək lazımdır.

İmmuniteti möhkəmləndirmək üçün hər gün eyni vaxtda yatıb-durmaq, yatmazdan əvvəl otağın havasını mütləq dəyişdirmək  orqanizmin həm oksigen ehtiyacını ödəyir, həm də otağın içindəki virusları məhv edir.

Mağazalarda, ayaqüstü qəlyanaltı obyektlərində satılan qidalar nəinki keyfiyyətsizdir, üstəlik də onların çoxunun tərkibi köhnə və şübhəli olur. Adətən uşaqlar kolbasa və sosiskaya, üstü kremli, südlü şirniyyata, dönərə, hamburgerə  daha çox meyil edirlər. Halbuki, bu qəbildən olan və günlərlə mağazalarda, ticarət guşələrində  qalan belə məhsullar əsl mikrob daşıyıcılarıdır. Mən hətta onu da vurğulamaq istərdim ki, bu gün gənc nəsildə meydana çıxan bir çox problemlərin də səbəbi  uşaq yaşlarından düzgün qidalanmamaqla bağlıdır. Köhnə, keyfiyyətsiz, mikroblaşmış qidalar xəstəlik mənbəyidir.

Ümumiyyətlə, uşaqları tez və hazır yemək sistemindən- yəni,  "Fast-food"  yeməklərindən çəkindirmək lazımdır. Fast-food yemək tərzi dedikdə nə başa düşülür? Bu, az zaman ərzində çox sayda müştəriyə xidmət edən və ya hazır birdəfəlik qablarda satılan ayaqüstü yemək sistemidir.  "Fast-food" tez və hazır yemek sistemi həm də  küçədə yeyilən yemək anlamındadır.

Uşaqların sağlamlığı naminə onları daha çox nələrdən qorumaq lazımdır? "Fast-food" kateqoriyasından olan bütün qida növlərindən uşaqları uzaq tutmaq onları ən gözlənilməz və təhlükəli xəstəliklərdən sığortalamaq deməkdir. Uşaqlara məsləhət görülməyən qida siyahısına qızardılmış bütün ət növlərini, qızardılmış kartofu, üzərinə bol tomat sousu və ya mayonez çəkilmiş xəmirli məmulatları, normadan  çox şirin olan  sərinləşdirici bütün qazlı suları,  tərkibində yüksək kalorili yağ, yumurta olan  şirniyyatları da əlavə etmək lazımdır.

Çünki "Fast-food" qidalarının tərkibinin şübhəli olması, ən təhlükəlisi isə qidanın təzə görünməsi üçün xüsusi rəngləndirici maddələrin qatqı kimi istifadə edilməsi, qidanın tərkibindəki duz və ya şəkərin miqdarının normadan dəfələrlə artıq olması, bu qidaların küçələrdə gigiyenik tələbata uyğun olmayan şəraitdə hazırlanması onlardan bol-bol istifadə edən uşaq orqanizmini hətta onkoloji problemlərlə də üz-üzə qoya bilir.

Məktəbli  uşaqların qidalanmasına xüsusi diqqət yetirilməlidir. Tam bişməmiş və qeyri-steril şəraitdə hazırlanan yeməklər uşaqlarda bağırsaq qurdlarının əmələ gəlməsinə səbəb ola bilir. Uşaq orqanizminin parazitlərə yoluxmasının ilkin əlamətləri iştahasızlıq, qarın nahiyəsindəki ağrılar, öskürək, yüksək hərarət, gərilmiş qarın, ishal, bəzən isə qəbizlik, zəiflik, ümumi halsızlıq, yatarkən ağızdan suyun  axması və s. Uşaqların  evdən qoyulmuş yeməklərlə qidalanması problemin təhlükəsiz həlli deməkdir.

Uşaqların yoluxucu xəstəliklərə qarşı dözümlü, immunitetli olmaları üçün çoxlu  meyvə yemələri məsləhətdir. Uşaqlar hər fəslə uyğun meyvələrdən bol-bol yeməlidir. Çünki mövsümi meyvələr insan orqanizminin növbəti fəslə hazırlaşması üçün ən əvəzsiz bir nemətdir.

Bir qayda olaraq, şagirdlər səhər yeməyi yemədən evdən çıxmamalıdırlar. Məhz məktəb dövrü uşağın fiziki cəhətdən inkişaf etdiyi, böyüdüyü, sümüklərinin möhkəmləndiyi, ömürboyu davam edəcək davranışlarının qazanıldığı və necə qidalanması nəticəsində ortaya çıxa biləcək xroniki xəstəliklərin təməlinin atıldığı bir dövrdür.

 Günə gümrah və nikbin  başlaya bilmək, məktəbdə keçirilən dərsləri başa düşmək, yadda saxlamaq, yaxşı oxumaq baxımından  səhər yeməyinin əhəmiyyəti çox böyükdür.

Səhər yeməyində gərəkli vitaminlərlə və proteinlə zəngin süd, pendir, təzə   yumurta qəbul etmək uşaqların inkişafı üçün zəruridir.  Uşaqların gündəlik enerjiləri üçün bəhməz, bal, mürəbbə kimi məhsullar da faydalıdır. Onlar həm qanazlığının qarşısını alır, həm də yaddaşı qüvvətləndirir. Səhər yeməyi zamanı hər uşaq heç olmasa iki və ya üç dilim çörək yeməlidir.  Təzə sıxılmış meyvə suyu, qoz, fındıq ləpəsi hər zaman uşağın yeməyinin yanında olmalıdır. Səhər yeməyi ilə nahar arasındakı ara müddətdə yemək üçün uşağın yemək paketinə badam və ya qoz ləpəsinin qoyulması sağlamlıq baxımından çox vacibdir. Ara yeməyi yeməyən uşaq təbii ki, naharda və ya şam yeməyində daha çox qida qəbul edəcək. Bu da tədricən uşağın orqanizminin yüklənməsinə gətirib çıxaran amildir.

Uşağın normal inkişafı üçün onun menyusunda tərkibi dəmir və C vitamini ilə zəngin olan ət, balıq, toyuq, yumurta, paxlalı bitkilər, yaşıl tərəvəzlər və bəhməzin olması önəmlidir. Məktəblilərin qidalanması ilə bağlı ən vacib amillərdən birincisi  su və maye qəbuludur. Ən xeyirli maye yeni sıxılmış meyvə şirəsi, süd, ayran, həmçinin təbii ərzaqlardan çəkilmiş təmiz, qatqısız şirələrdir. 

Hörmətli valideynlər! Övladlarınızın düzgün qidalanmasına ciddi fikir verin, onları təsadüfi qidalardan uzaq tutun. Düzgün və sağlam qidalanma uşağınızın gələcəyinə  proqramlaşdırılmış sağlam həyat tərzinin qarantıdır.  

Söhbəti yazdı:
Ellada UMUDLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov