Uşağı idarə etmək, arzu olunmayan davranışlarına maneə
törədə bilmək üçün deyilən sözlər qorxulara səbəb olur
Aidə NƏBİYEVA,
Müasir Psixologiya Mərkəzinin baş psixoloqu
Uşaq qorxuları çox erkən yaş dövrlərində başlayıb,
ömürboyu davam edən bir prosesdir. Çox vaxt
valideynlərin, nənə-babaların uşaqları nədənsə
uzaqlaşdırmaq və ya hər hansı bir davranış probleminin
qabağını almaq məqsədi ilə onları qorxutduqlarını
görürük. Bu zaman uşaqlarda ilk qorxular yaranır.
Məktəbəqədər yaş dövründə uşaqların qəribə qorxu
predmetlərinə rast gəlirik. Bunların çoxu insanların
uydurduqları qorxu personajlarıdır. Məsələn, təpəgöz,
xoxan, cinni, torbalı adam. Sadalanan predmetlər ona
görə qorxuludur ki, onların uydurulma hekayəsi dəhşətli
və cansıxıcıdır. Uşaqların erkən yaşlarında bu cür
qorxudulması onlarda daha sonra aşağıdakı problemlərə
gətirib çıxarır:
1.
Uşaqların çəkingən olmasına.
2. Sosial mühitdən uzaqlaşmasına.
3. Həyəcan probleminin dərinləşməsinə.
4. Emosional kəkələməyə.
5. Tək qalmamaq probleminə.
Hər bir uşağın fobiyası özünəməxsusdur. Bu qorxuların
hansı təsirlə başlaması onun aradan qaldırılmasında çox
önəmlidir. Məsələn, qaranlıq, tək qalmaq, şiddətli
səs-küylər, qəribə bir adamın peyda olması, bəzi
heyvanlar və s. uşaqlarda qorxu hissi yaradır. Uşaqların
qorxuları yaş dövrlərinə görə fərqlidir. Kiçik yaşlarda
qorxuların mənbəyi səs olduğu halda, daha böyük yaşlarda
konkret qorxular ortaya çıxır.
Altı yaş qorxuların artdığı bir dövrdür. Bu yaşda
uşaqlarda bədəninə bir zərər gələcəyi duyğusu, qaranlıq,
ailədən uzaq qalma, göy gurultusu kimi qorxular vardır.
Bunlara ailələrin öz təcrübələrində istifadə etdikləri
dilənçi, oğru, həkim qorxusu kimi qorxular da əlavə
oluna bilər. İbtidai məktəb dövründə uşaqlarda daha
konkret şeylər - heyvanlar, özünə zərər verəcək kəslər,
filmlərlə bağlı qorxular başlayır.
Bir
çox hallarda ailələr və digər insanlar bu qorxuların
ortaya çıxmasına, bərkiməsinə səbəb olurlar. Uşağı idarə
etmək, arzu olunmayan davranışlarına maneə törədə bilmək
üçün deyilən sözlər qorxulara səbəb olur. Məsələn, "Səni
dilənçiyə verərəm", "İtə yaxınlaşma , dişləyər" ,
"Dəcəllik etsən səni tək qoyub gedərəm", "Bax, indi
susmazsan, həkim iynə vuracaq". Bunlar valideynlər
tərəfindən nəticələrini heç düşünmədikləri, anlıq həll
olunan, lakin sonradan qorxulara səbəb olan
davranışlardandır.
Əslində qorxu olmadan yaşamaq mümkün deyil. Bütün
qorxulardan təmizlənmiş və heç bir şeydən qorxmayan
insan, cəmiyyət üçün bir təhlükədir. Qorxu insanın
cəmiyyətə uyğunlaşmasını, dost və yoldaşı ilə müəyyən
"sərhədlər" içində yaşamasını təmin edən ən əhəmiyyətli
insani bir refleksdir. İnsan ancaq həmin refleksdən necə
istifadə etməsini müxtəlif yaşlarda müəyyən sınaqlar
edərək öyrənir və yetkinliyə doğru bu şəkildə
irəliləyir.
Uşaqlar düşünmə qabiliyyətlərinin və təcrübələrinin
məhdud olması və xəyal güclərinin zənginliyi səbəbiylə
yaşadıqlarını həqiqi olaraq qiymətləndirə bilmirlər.
Gördüklərini təhrif edərək, şişirdərək və ya bənzətmələr
edərək qorxulu nəticələrə gələ bilərlər.
Fobiyaların (qorxu) aradan qaldırılması üçün ən yaxşı
vasitələrdən biri valideynin praktik şəkildə qorxu
predmetinin uşaqdan uzaqlaşdırmasıdır. Bəzi hallarda isə
qorxu predmeti əyani olaraq uşağa yaxınlaşdırılmalıdır.
Məsələn, əgər uşaq gözəgörünməz "təpəgöz" obrazından
qorxursa, bu zaman onun şəklini çəkərək cırmalı, əzib
atmalı və ya yandırmalıdır. Uşağın qorxuları konkret
əşya və ya heyvanla bağlıdırsa, həmin heyvanın şəkli
uşağa göstərilməli, o heyvan gülməli formaya salınmalı
və daha sonra onun oyuncaq forması uşağa yavaş-yavaş
yaxınlaşdırılmalıdır.
Uşaqlarda qorxuların yaranmaması üçün valideynlərə
məsləhətlər
* Uşaqlarınızı sözlə deyil, əyani şəkildə predmetlə
tanış edin (məsələn, soba misalında olduğu kimi sobanın
xüsusiyyətlərindən sadəcə danışmaq yox, onu həm də
uşağın bir dəfə də olsa əlini vurmasına imkan
yaratmaq lazımdır)!
* Uşaqlarınızı qorxudaraq deyil, qaydalara riayət etməyə
sövq edərək tərbiyə edin!
* Uşaqlarınızın hər bir əşya və predmetlə düzgün tanış
olmasına şərait yaradın!
* Uşaqlarınıza heyvanları sevməyi öyrədin! |