Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 Aprel 2014 - №12

 

18 nömrəli Bakı Peşə Liseyində hərbi-vətənpərvərlik tərbiyəsinin təşkili

 

Böyütmək üçün şəkili seçinÖlkədə bütün sahələrdə aparılan islahatlar, yeniləşmələr və dəyişikliklər, ordunun hazırlığının artırılması istiqamətində atılan addımlar gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisi keyfiyyətinin yüksəldilməsini zərurətə çevirir. Ümumtəhsilin məzmunu və strukturunda aparılan dəyişikliklər, bütün fənlərdə olduğu kimi gənclərin çağırışaqədərki hazırlığında da baş verməkdədir. Təcrübə və araşdırmalar göstərir ki, gənclərin çağırışaqədərki hazırlığı ümumtəhsil fənlərindən biri kimi bu baxımdan daha böyük əhəmiyyət kəsb edir. Bu fənn şagird və tələbələrin istər fiziki, istərsə də mənəvi cəhətdən inkişaf etməsində, vətənin müdafiəsinə hazırlanmasında xüsusi rol oynaması ilə seçilir. Xüsusən yuxarı siniflərdə bu fənnin tədrisi heç də təsadüfi deyildir. Uşaqlar bu yaşda daha çox həyati hadisələrlə maraqlanır, vətən, xalq məfhumları ətrafında düşünməyə, onları daha yüksək səy və qətiyyətlə dəyərləndirməyə cəhd edirlər. 

Bütün bunlar nəzərə alınaraq 18 nömrəli  Bakı Peşə Liseyində gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir. Liseydə bu iş aşağıdakı məzmunda həyata keçirilir:

- Gənclərin çağırışaqədərki hazırlığı fənninin məqsəd və vəzifələri, əhəmiyyəti haqqında məlumatların verilməsi;

- Fənni tədris edən hərbi rəhbərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində gördüyü işlər, həyata keçirmək istədiyi tədbirlərin reallaşdırılması üçün verdiyi təkliflər;

- Gənclərin çağırışaqədərki hazırlığı fənninin keyfiyyətli tədrisi üçün  nəzərdə tutulan və müntəzəm həyata keçirilən tədbirlər;

- Tədris prosesində kompüter texnologiyasının imkanlarından istifadə;

- Tədrisdə fənlərarası əlaqə;

- Gənclərin çağırışaqədərki hazırlığı fənni üzrə "açıq dərs"lərin keçirilməsi.

Bunların hər biri üzrə görülən işləri oxucuların da diqqətinə çatdırmağı məqsədəuyğun hesab edirik.

Gənclərin çağırışaqədərki hazırlığı fənninin məqsəd və vəzifələri, əhəmiyyəti haqqında məlumatların verilməsi.

Belə məlumatlar əsasən nəzəri, tarixi mövzuda olub fənnin tədrisi zərurətinin tələbələrə çatdırılmasına  xidmət edir. Belə tədbirlərdə qeyd olunur ki, Azərbaycan xalqı tarix boyu bir çox sınaqlardan qalibiyyətlə çıxmağı bacarıb. İllərlə hərbi, siyasi və mənəvi təcavüzlərə məruz qalsa da öz tarixi qəhrəmanlıq ənənələrini həmişə yaşadıb, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək   əzmini bütün dünyaya nümayiş etdirib. Bu gün Azərbaycan xalqı onun milli mənliyini qorumaq üçün öz canlarından keçməyə hazır olan övladları ilə fəxr edir. Xalqımız üçün müasir dövrün ən ağrılı faktı müharibədir.

Gənclərimizin  hərbi  xidmətə  hazırlığının  vacibliyi də məhz bu zərurətdən irəli gəlir. 

Vətənpərvərlik tərbiyəsi uşaqlara kiçik yaşlarından aşılanmalıdır. Tərbiyənin digər qollarında olduğu kimi, vətənpərvərlik tərbiyəsinin aşılanmasında da ailə müstəsna rol oynayır. Bu tərbiyəni düzgün təşkil etmək üçün, ilk növbədə, valideynlər vətənpərvər olmağın mahiyyətini, məqsədini, vəzifə və prinsiplərini bilməlidir. Uşaqların vətənpərvərlik tərbiyəsi sahəsində iş aparılarkən ilk növbədə onlara öz vətənlərinin tarixini öyrətmək, ən kiçik yaşlardan ölkəmizin dövlət atributlarına dərin ehtiram hissləri aşılamaq lazımdır. Məktəbdə isə bu vəzifəni  gənclərin çağırışaqədərki hazırlığı fənni  öz  üzərinə  götürür. Fənni tədris edən hər bir müəllim ilk növbədə gənclərlə mənəvi və psixoloji tərbiyə işi qurmalıdır.

Mənəvi tərbiyə işlərinin mahiyyəti gənc  nəslin  vətənpərvərlik, xalqına,  tarixinə və adət-ənənələrinə məhəbbət hisslərinin aşılanmasından və  hər an vətənin müdafiəsinə  hazır  olmaqdan  ibarətdir.

Psixoloji cəhətdən aparılan işlərin mahiyyəti isə sülh  şəraitində mürəkkəb və çətin  hərbi  xidməti qüsursuz  keçməsi,  müharibə zamanı isə döyüş  tapşırıqlarının  müvəffəqiyyətlə yerinə yetirilməsi üçün gənclərdə bir sıra sosial-psixoloji və  intellektual keyfiyyətlərin  formalaşdırılmasından, ilk  növbədə cəsurluq,  düşmənlə mübarizədə davamlılıq, qələbə naminə təmkinlilik, mürəkkəb şəraitdə  düzgün qərar qəbul etmək və s. kimi xüsusiyyətlər tərbiyə etməkdən ibarətdir.

Gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisi zamanı tələbələr Silahlı  Qüvvələrin tarixini,  növlərini, texnikasını, silahlarını, onlardan istifadəni  öyrənirlər. 

Eyni zamanda gənclərin çağırışaqədərki hazırlığı fənnində tələbələr fövqəladə hallar  zamanı  mühafizə, tibbi biliklər və ilk tibbi yardım qaydaları ilə tanış olurlar.

Hər bir Azərbaycan vətəndaşı  öz  ölkəsini  sevməli, onun qanunlarına  hörmət etməli, ərazi bütövlüyünü, suverenliyini  qorumalı və lazım  gələrsə, hətta canından keçməyə hazır olmalıdır. Gənclərimizin Azərbaycanın bayrağına, gerbinə, himninə hörmət ruhunda tərbiyə edilməsi vətəndaş cəmiyyətinin yaradılmasının  mühüm amillərindən biridir. Bu istiqamətdə də liseydə sistemli işlər aparılır, tədbirlər keçirilir.

Fənni tədris edən hərbi rəhbərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində gördüyü işlər, həyata keçirmək istədiyi tədbirlərin reallaşdırılması üçün verdiyi təkliflər.

2013-2014-cü  tədris ilinin  I yarimilinin başa çatması ilə əlaqədar liseyin hərbi rəhbəri kimi yarımillik hesabatımı hazırlamışam. Hesabatda  2013-2014-cü tədris ili üçün gənclərin çağırışaqədərki hazırlığı fənni üzrə "2013-2014-cü  tədris ili üçün hərbi rəhbərin illik fəailiyyət planı"nda  nəzərdə tutulan işlərin bir qismi öz həllini tapmışdır. Təlimin müasir mexanizmlər çərçivəsində planlaşdırılması işinin aparılması məqsədilə "ümumtəhsil fənn müəllimlərinin peşəkarlıq səviyyəsinin artırılması"  istiqamətində noyabr - dekabr  aylarında    liseydə üzvü olduğum təbiət elmləri və humanitar fənlər üzrə metodkomissiyanın keçirdiyi treninqlərdə iştirak etmişəm. Daim öz peşəkarlıq səviyyəmi  artırmağa çalışıram. Müdafiə Nazirliyinin nəşri olan "Hərbi bilik" hərbi, elmi, nəzəri, publisistik  jurnalını, "Hərbi and" qəzetini alıram, respublikamızda baş verən bütün hadisələri ardıcıl olaraq izləyirəm.

Vətənpərvərlik tərbiyəsini gücləndirmək üçün mənim fikrimcə, tədris ocaqlarında tirlər təşkil olunmalıdır. Çünki atəş tiri olmadan silahı və atəş qaydalarını öyrətmək mümkün deyil.

Digər fənlər kimi gənclərin çağırışaqədərki hazırlığı fənni üzrə imtahanların keçirilməsi, hərbi hissələrə ekskursiya tipli gəzintilərin təşkili də, fikrimizcə, faydalı olardı.

Gənclərin çağırışaqədərki hazırlığı fənni üzrə dərslərin təşkili.

Gənclərin çağırışaqədərki hazırlığı fənni üzrə dərslərin təşkili istiqamətində 18 nömrəli Bakı Peşə Liseyində bir çox işlər görülmüşdür.  Maddi-texniki  bazanın  genişləndirilməsi məqsədilə xeyli sayda köməkçi dərsliklər,  plakatlar  alınmışdır.  Tələbələrdə  vətənpərvərlik  ruhunu  qaldırmaq  üçün  milli  qəhrəmanlarımızın  fotostendləri  hazırlanmış, qruplar  tağım  və  bölük  adlandırılmış,  əmrlə  tağım  və  manqa  komandirləri  təyin  edilmişdir.

Dərslik  və  tədris  vasitələrinin  tərtib  edilməsi,  tədris  materiallarının  planlaşdırılması, təlim   üsullarının  müəyyənləşdirilməsi və tətbiqi keyfiyyətli tədrisin və  həyata  keçirilməsi  fənnin  əsasını  təşkil  edir.

Tədris prosesində kompüter texnologiyasının imkanlarından istifadə.

Yeni pedaqoji texnologiyalar və müasir təlim üsullarını öyrənmək, öz peşəkarlıq səviyyəsini artırmaq müasir müəllimin ümdə vəzifəsidir. Bu gün hər bir müəllim  mövcud elektron dərsliklər, tədris vəsaitləri ilə kifayətlənməyərək fəal yaradıcılıq axtarışlarına qoşulmalı, əyani vəsaitlər hazırlayıb tətbiq etməlidirlər. Mən də  bir müəllim kimi yeni dərslərin izahında təqdimatlardan istifadə edərək motivasiyanı daha maraqlı qurmaq və dərsin müəyyən mərhələlərində elektron dərsliklərdən istifadə etməyə çalışıram.

Məzmunu dövlət müdafiəsinin əsasları, taktiki hazırlıq, atəş hazırlığı, hərbi nizamnamələr, sıra təlimi, hərbi topoqrafiya, mülki müdafiə, hərbi tibbi hazırlığı və hərbi tətbiqi fiziki hazırlıqdan ibarət olan gənclərin çağırışaqədərki  hazırlığı fənni digər fənlərlə geniş inteqrasiya imkanlarına malikdir və mən bu imkanlardan  yeri gəldikcə istifadə edirəm.

Gənclərin çağırışaqədərki hazırlığı fənni üzrə "açıq dərs"lərin keçirilməsi.

Liseydə tədrisin keyfiyyətini yüksəltmək, mənimsəmə səviyyəsini   genişləndirmək məqsədi ilə "açıq dərs"lərin keçirilməsi, qarşılıqlı dərsdinləmə nəticəsində ümumi səviyyənin öyrənilməsi və qarşıya çıxan problemlərin aradan qaldırılması məsələləri həmişə ön plana çəkilmişdir. Gənclərin çağırışaqədərki hazırlığı fənni üzrə "açıq dərs"lərin keçirilməsi də bu mənada vacibdir. Bu həm müəllimin, həm də tələbələrin  məsuliyyətini artırır,  tələbələrin hazırlıq səviyyəsinin yüksəlməsində mühüm rol oynayır. Bunu nəzərə alaraq gənclərin çağırışaqədərki hazırlığı fənni üzrə 89 nömrəli "Mühasibat uşotu" qrupunda "açıq dərs" keçirilmişdir. Dərsdə liseyin dərs hissə müdiri K.Quliyev, metodiki komissiyanın sədri Ə.Əliyeva, qrupun istehsalat təlimi ustası Ş. İsmayılova və bir neçə fənn müəllimi iştirak edirdilər. Dərsin mövzusu "Döyüşdə əsgərin vəzifələri" idi. Dərs yüksək səviyyədə keçdi. Dərs zamanı tələbələr çox sərbəst və fəal idilər. Dərsin möhkəmləndirilməsi mərhələsində yeni dərsə aid verilən sualları yaxşı cavablandırırdılar. 

Aparılan belə kompleks işlər tədrisin keyfiyyətini yüksəltməyə, tələbələrin hərbi-vətənpərvərlik tərbiyəsini yaxşılaşdırmağa imkan verir. 

Mütəllim BAYRAMOV,
18 nömrəli Bakı Peşə Liseyinin hərbi rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov