Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 Aprel 2014 - №12

 

Dünyada hər il təxminən 5 milyona yaxın insan siqaretin qurbanı olur

 

Ümumdünya Səhiyyə Təşkilatının statistikası ciddi xəbərdarlıq edir

Müasir dövrümüzdə bəşəriyyətin qarşısında duran qlobal problemlərdən  biri də siqaretdir. Siqaret bu gün az qala bir çox insanın həyatının bir parçasına çevrilib. Həmin insanlar bu pis vərdişdən yaxa qutara bilmirlər. Siqaretin törətdiyi fəsadlar yəqin ki, hamımıza yaxşı məlumdur. Bu haqda KİV-də çoxlu sayda yazılar dərc olunmuş, beynəlxalq səviyyədə maarifləndirmə işləri aparılmışdır. Təəssüflər olsun ki, siqaretdən istifadə edənlərin sayı getdikcə artmaqdadır.

Hələ 1970-ci ildə  Ümumdünya Səhiyyə Assambleyası ağ ciyər və ürək-damar xəstəliklərinin inkişafına, həmçinin bronxial xərçəng, xroniki bronxit, emfizema və bir çox xəstəliklərə səbəb olan siqaret çəkmənin ciddiliyini dərk edərək dünyanın bütün səhiyyə orqanlarına müraciət etmiş, problemə qarşı  lazımi tədbirlərin görülməsinin vacibliyini bildirmişdir. Həmin dövrdən başlayaraq dünyanın bir çox ölkəsində siqaretə qarşı  təbliğat  kampaniyaları  daha da genişlənmişdir. Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, dünyada hər il təxminən 5 milyona yaxın insan siqaretin zəhərli təsiri nəticəsində dünyasını dəyişir.  Bundan başqa, mütəxəssislər bu rəqəmin get-gedə daha da artacağını proqnozlaşdırır. Dünyanın dörd bir yanında siqaretə qarşı ciddi mübarizə aparıldığı halda bəs görəsən hansı səbəb bu pis vərdişin günü-gündən daha da çoxalmasına zəmin yaradır? Hər yerdə, hər cür şəraitdə insanlar (fərqi yoxdur, qadın, kişi, uşaq və s.) siqaret çəkir, siqaretin aludəçisinə çevrilir. Heç bir qadağa siqaret çəkənləri bu işdən çəkindirə bilmir.  

Siqaretin tarixi, istehsalı 

Siqaret sözü fransız dilindən götürülüb. Fransızca "cigarette" sözü bizim dilə kiçik siqar kimi tərcümə edilir. Qeyd edək ki, siqaret tütündən hazırlanır və siqaretin yaranmasına qədərki dövrdə insanlar tütün, siqar və papirosdan istifadə ediblər. Tarixdə ilk dəfə siqaretə bənzər bir şey haqqında Amerika hinduları fikirləşib. Belə ki, onlar tütünü samana, qamışa və yaxud da qarğıdalı yarpağına sararaq siqareti kəşf ediblər. Deyilənə görə, 1492-ci ildə Kolumb Qəraib dənizindəki bir adada siqaret çəkən qoca bir hindu ilə görüşüb. Bir çox tarixçilər belə hesab edir ki, Kolumbun qoca kişi ilə görüşdüyü adanın adı Tabaqadır, yəni, bu söz "tabak" ("tütün") sözünün ilkin formasıdır. Avropada isə belə hesab edilir ki, siqaret kütləvi şəkildə Krım müharibəsi dövründə (1853-1856-cı illər) yayılıb. Tarixçilərin qənaətinə görə, o vaxt müharibə zamanı rus və türk əsgərləri arada yaranmış fasilələrdə yaxa ciblərində saxladıqları tütünü barıt örtüyünə və yaxud qəzet parçasına sarıb siqaret kimi tüstülədirmiş. Bu adəti sonradan Krım müharibəsində türk əsgərlərdən ingilis və amerikan orduları da mənimsəmiş, daha sonra İngiltərədə siqaretin kütləvi istehsalına başlanmışdır. Onu da deyək ki, ilk siqaret fabriki də məhz Londonda açılmışdır. Siqaretin sürətli yayılması Amerikada 1880-ci illərdə siqaret istehsal edən maşınlar yaradılmasına səbəb olur və artıq bu sahə böyük bir biznes sahəsinə çevrilir.                   

Siqaretin tərkibi haqqında 

Siqaret tüstüdən və nikotindən ibarətdir. Siqaret fabrik istehsalı olub, əsasən 84 mm uzunluğunda və 7-8 mm diametrdə olur, bundan başqa, siqaretin xüsusi filtri olur ki, o da zəhərli maddənin qismən azaldılması və siqaret çəkənlərin tüstünü içlərinə çəkməsi və çölə buraxması üçün nəzərdə tutulub. Kətan və yaxud kətan lifindən hazırlanmış kağızdan böyük bir hissə götürülür və siqaretin istehsalı üçün istifadə olunur. Siqaretin 20-30%-ni karbonat kalsiumu təşkil edir. Bu maddə boğucu effektə malikdir. Tütünün tez alışması üçün siqaretin tərkibinə xüsusi maddələr daxil edilir. Siqaret qutularının üzərinə həmişə siqaret çəkməyin zərərli olduğu haqqında xəbərdarlıq yazılır. 

Siqaretə qoyulan qadağalar 

Yuxarıda qeyd etdiyimiz kimi, dünyanın bütün ölkələrində siqaretə və tütünə qarşı ciddi mübarizə gedir. Bu mübarizənin tarixinə nəzər saldıqda görürük ki, tütünlə mübarizə yeni başlanmayıb. Onu əvvəllər də "şeytanın aldatma üsulu" adlandırırdılar. XVI əsrin sonlarında Böyük Britaniyada və Osmanlı imperiyasında tütün çəkənləri cadugər adlandırıb edam edirdilər. Qədim Rusiyada isə XVII əsrdə tütün çəkənləri ağacla döyərək "düz yola" gətirmək istəyirdilər. 1634-cü ildə Moskva şəhərindəki böyük yanğından sonra isə tütün çəkənlərə ölüm hökmü tətbiq edilməyə başladı. Lakin qoyulan qadağalara baxmayaraq tütündən istifadə daha da sürətlənirdi.

XVII əsrin sonlarında tütünün ziyanlı olduğu müəyyənləşdi. Tütün gətirilməsi qadağan edildi və əkini azaldıldı. Bundan sonra tütün qaçaqmalçılıq yolu ilə gətirilməyə başlandı. ABŞ tütün istehsalı və satışından zənginləşdi. Amma artıq bu ölkədə də qadağalar başlayırdı. 1890-cı ildə Amerikanın 26 ştatı kiçikyaşlı uşaqlara siqaret satmağı qadağan etdi. 1908-ci ildə isə Nyu-York rəhbərliyi qadınlara ictimai yerlərdə siqaret çəkməyi qadağan etdi. 1915-ci ildə isə ilk dəfə anti-tütün ifadəsinin şüarı meydana gəldi. Bu ifadənin müəllifi amerikalı bioloq Devis Starr Cordana (Davis Starr Jordan) məxsus olması güman edilir. İfadə isə belə idi: "Siqaret çəkən oğlan öz gələcəyi barədə narahat olmaya bilər - çünki onun gələcəyi yoxdur".

İkinci Dünya müharibəsində isə bir çox dövlətlər, xüsusilə də SSRİ siqareti əsgərlərin rasionuna daxil etdi. Məqsəd döyüşçülərin əsəblərini sakitləşdirmək idi. Hitler Almaniyası isə əksinə, tütün əleyhinə mübarizəni sürətləndirərək onu hakimiyyətin imicinə zərbə kimi qiymətləndirir, düşmən tərəfin lideri qəlyan çəkən Stalini pis nümunə kimi göstərirdi. Müharibədən sonra siqaretə qarşı mübarizə daha da gücləndi. Almaniyada qatarlarda, avtobuslarda və digər ictimai yerlərdə siqaret qadağan edildi. 1970-ci ildən Amerikada siqaret reklamı televiziya ekranlarından yığışdırıldı. Lakin buna baxmayaraq, bu gün dünyada tütün reklamı avtomobil reklamından sonra 2-ci yeri tutur. 1980-ci il tütün üzərinə qlobal hücumların başlanması kimi xatırlanır. Amerika və Qərbi Avropada tütün vergisi 85 faizə qədər artırıldı. 2003-cü ildə tütün istehsalı ilə mübarizəyə dair Ümumdünya Səhiyyə Təşkilatı Çərçivə Konvensiyası qəbul etdi. 4 il ərzində bu Konvensiyaya 146 ölkə daxil oldu. Bu BMT-nin qəbul etdiyi konvensiyalardan ən çox dəstəklənən sənəd oldu.

Hazırda Rusiyada siqaret qutularının üzərində "öldürür" ("ubivaet") sözü yazılır. Türkiyədə isə siqaretə qarşı daha ciddi tədbirlər görülür. Belə ki, dövlət siqaretin qiymətini bazar səviyyəsindən çox yüksəyə qaldırıb. Siqaret qutularının üzərinə isə siqaret aludəçiliyinin sonu olaraq ölmüş adamların, yaxud da çürümüş qara ciyər şəkilləri yapışdırılır. Bundan başqa, türk filmlərində siqaret çəkilən səhnələrdə siqaretlər görünməz halda nümayiş olunur. Türkiyədə qapalı yerlərdə siqaret çəkmək qadağandır, belə hal müşahidə olunarsa böyük məbləğdə cərimə ödənilməlidir.

Bəs görəsən respublikamızda siqaret əleyhinə hansı qadağalar mövcuddur və bu, qanunla necə tənzimlənir?            

Tütün məmulatlarının istehlakına dair məhdudiyyətlər "Tütün və tütün məmulatı haqqında" Qanunda müəyyən edilib. Həmin qanunun 21-ci maddəsinə əsasən, Azərbaycanda aşağıda göstərilən yerlərdə siqaret çəkmək qadağandır:

- tədris, tərbiyə, səhiyyə, sağlamlıq və mədəniyyət obyektlərində, habelə idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda;

- inzibati binalarda fərdi iş otaqları və siqaret çəkmək üçün müəyyən edilmiş xüsusi yerlər istisna olmaqla, iş yerlərində;

- yüksək kateqoriyalı restoranlar, kafelər, barlar istisna olmaqla, ticarət, ictimai-iaşə, məişət obyektlərində, ümumi istifadədə olan yaşayış binalarında və digər qapalı yerlərdə;

- uzaq mənzilli sərnişin nəqliyyatında xüsusi ayrılmış yerlər istisna olmaqla, bütün ictimai nəqliyyat növlərində.

Həmin qanuna görə, mehmanxanalarda siqaret çəkənlər üçün xüsusi yerlər ayrılmalıdır.

Həmçinin, müəssisə, idarə, təşkilat rəhbərləri və digər işəgötürənlər iş yerlərində siqaret çəkmək üçün xüsusi yerlər ayrılmasını və görünən yerlərdə "siqaret çəkmək qadağandır" xəbərdarlıq yazısının və ya işarəsinin olmasını təmin etməlidirlər.

Əlavə olaraq qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsində:

hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə yüz manat miqdarında cərimə, dəmiryol nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə xəbərdarlıq və ya beş manatdan on beş manatadək miqdarda cərimə, metropoliten stansiyalarının vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda siqaret çəkməyə görə əlli manat miqdarında cərimə,  dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə xəbərdarlıq və ya yeddi manatdan on üç manatadək miqdarda cərimə, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməsinə görə qırx manatdan əlli manatadək miqdarda cərimə müəyyən edilib. 

Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov