Mövzu:
N.Gəncəvinin "Kərpickəsən kişinin dastanı" əsərinin
təhlili
Standart:
1.2.2.; 1.2.4.; 1.1.2.; 3.1.3.
Məqsəd:
Şagirdlərdə: 1. Yazılı və şifahi nitqi inkişaf edir. 2.
Təhliletmə bacarıqları təkmilləşir. 3.Əməyə və əməkçi
insanlara qarşı məhəbbət hissi yüksəlir.
İnteqrasiya:
Azərbaycan dili: 2.2.3.; 3.1.2; Azərbaycan tarixi:
5.1.2.; İnformatika: 3.3.2.
İş forması:
Qruplarla iş, cütlərlə iş.
İş üsulu:
Şaxələndirmə, "Venn diaqramı", müzakirə, rollu oyun,
Sinkveyn üsulu.
Resurslar:
Dərslik, iş vərəqləri, əyani vəsaitlər, kompüter,
proyektor
Dərsin gedişi
Dərsə fəallaşdırma ilə başlayıram. Hər bir şagirddən
əmək, zəhmət, halallıq haqqında bir atalar sözünü
söyləməsini xahiş edirəm.
I. Motivasiya
Proyektorla əvvəl dahi N.Gəncəvinin portreti, sonra
müxtəlif peşə sahiblərinin iş prosesindəki şəkilləri
göstərilir. Şagirdlər slaydlara baxa-baxa həmin peşə
haqqında məlumat verirlər. Onlara sual verirəm ki, bu
peşələri birləşdirən ümumi cəhət nədir? Şagirdlər
düşünərək cavab verirlər ki, bu peşələri birləşdirən
ümumi cəhət əməkdir. Sonra proyektorla N.Gəncəvinin
əsərləri göstərilir. "Sirlər xəzinəsi" əsəri və mövzu
haqqında qısa məlumat verirəm.
Tədqiqat sualı
İnsan həyatında əməyin rolu nədən ibarətdir?
II. Tədqiqatın aparılması
Tədqiqatı aparmaq üçün şagirdlər 3 qrupa bölünürlər.
Qruplara ad və lider seçilir.
İş vərəqlərini qruplara paylayıram.
İş vərəqi 1.
"Əmək" qrupunun sualları və cavabları
Tapşırıq 1.
N.Gəncəvinin "Kərpickəsən kişinin dastanı" şeirində
tanış olmayan sözlərin mənasını lüğətdən istifadə
etməklə aydınlaşdırın.
Cavab:
Ruzi-azuqə, qida; qalxan-poladdan hazırlanmış qədim
silah növü; qəlib-taxtadan kərpic kəsmək üçün istifadə
olunan əşya; ahıl-qoca; cahil-nadan adam.
Tapşırıq 2.
Hekayəni rollar üzrə oxuyun.
Cavab:
Cavan oğlanla qocanın dialoquna kimi bir şagird, digər
iki şagird isə qoca və cavan oğlan obrazlarının
sözlərini dialoq şəkilində oxuyur.
İş vərəqi:
"Halallıq" qrupunun sualları və cavabları.
Tapşırıq 1.
Şeirdə verilmiş bədii təsvir və ifadə vasitələrini
müəyyənləşdirin.
Cavab:
Şeirdə istifadə olunan pəri kimi, cin kimi sözləri
təşbeh, acı sözlər ifadəsində acı sözü "sözlər" sözünə
epitetdir.
Tapşırıq 2.
Hekayənin mövzusuna aid plan qurun.
Cavab:
Plan:
1. Qoca öz məşğuliyyətində
2. Cavan oğlanın qocaya məsləhəti
3. Qocanın cavabı
4. Nəticə
İş vərəqi 3.
"Səadət" qrupunun sualları
Tapşırıq 1.
Mətndən iki mürəkkəb söz və iki antonim söz seçin. Əmək
mövzusunda yazılmış şeirlərdən bir bənd yazın.
Cavab:
Mürəkkəb sözlər: kərpickəsən, birdən-birə, ac-tox,
qoca-cavan.
Tapşırıq 2.
"Kərpickəsən kişinin dastanı" əsərindən nə öyrəndim?"
mövzusunda kiçik bir esse yazın.
Cavab:
N.Gəncəvinin "Kərpickəsən kişinin dastanı" əsərindən
öyrəndim ki, xoşbəxtliyin "qızıl açarı" əməkdir. İnsanın
cövhəri və şərəfi də əməkdir. Əmək və halallıq insanı
səadətə aparır. Əməyi sevək, həyatımızı onunla bəzəyək.
III. Məlumatın mübadiləsi
Verilmiş vaxt tamam olduqdan sonra qruplar öz işlərini
təqdim edir, informasiya mübadiləsi başlayır.
IV. Məlumatın müzakirəsi və təhlili
Bu mərhələdə digər qruplar da cavablara əlavələr edir.
Qaranlıq məqamlara aydınlıq gətirirlər.
V. Nəticənin çıxarılması və ümumiləşdirilməsi
Qrupların təqdimatlarını dinlədikdən sonra belə
ümumiləşdirirəm. Hesab edirəm ki, qrupların cavabları
qənaətbəxş idi. Sevindirici haldır ki, qrupların adları
mövzuya uyğun seçilmiş, "Səadət" qrupu essedə qruplara
verilən adlardan ibarət simvolik bir cümlə qurmuşdur.
"Əmək, halallıq səadətin açarıdır". Bununla yanaşı qeyd
etməliyəm ki, bütün qrupların təqdimatlarında nitq
rabitəli və obrazlı idi. "Əmək" qrupunun üzvlərinin ifa
etdikləri rollu oyunda onlar öz istedadlarını nümayiş
etdirdilər. Lakin bununla yanaşı xırda nöqsanları da
qeyd etməliyəm. "Halallıq" qrupunun üzvləri
müzakirələrdə iştirak etmədilər. Heç bir qrup mövzunu
müasir həyatla əlaqələndirmədi.
Bəli, əmək insan xoşbəxtliyinin açarıdır. Hər kəs öz
həyatını əməyə bağlamalıdır. Dövlətimiz də əməyə, əmək
adamlarına yüksək diqqət və qayğı göstərir.
VI. Yaradıcı tətbiqetmə
Şagirdlər Sinkveyn üsulu ilə öyrəndikləri mövzunu 3-4
cümlə ilə ifadə edirlər. Qruplar proyektorla hər qrup
üçün yazılmış testləri şifahi cavablandırırlar.
VII. Qiymətləndirmə
Bilik və bacarıqları şagirdlərin iştirakı ilə müəyyən
meyarlar üzrə qiymətləndirirəm.
Ev tapşırığı
Dərsdəki "Araşdırma müzakirə, yaradıcı iş" başlığı
altında təklif olunmuş işin icrası.
Dərs şagirdlərin ifasında "Sabahın ustaları" mahnısı ilə
sona yetir.
Gülnaz TALIBOVA,
Masallı rayonu F.Şükürov adına Lürən kənd tam orta
məktəbinin
Azərbaycan dili və ədəbiyyat müəllimi |