Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 Aprel 2014 - №12

 

Təhsil prosesində İKT-nin rolu

 

Böyütmək üçün şəkili seçin Hazırda respublikamızda bütün sahələrdə mütəxəssislərin informasiya və kommunikasiya texnologiyaları (İKT) ilə işləmək və onlardan düzgün istifadə etmək bacarığına çox böyük önəm verilir. İKT biliyinə mükəmməl yiyələnməyin yolu isə məktəbdən başlayır.

Qeyd etmək lazımdır ki, ümumilikdə təhsil sisteminin İKT əsasında təkmilləşdirilməsi informasiya cəmiyyətinin əsas xüsusiyyətlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 avqust 2004-cü il tarixində təsdiq etdiyi "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)" ölkəmizdə bu prosesə start verdi. Həmin proqram başa çatdıqdan sonra 10 iyun 2008-ci il tarixində ölkə başçısı tərəfindən yeni - "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" qəbul olundu. İKT-dən istifadə etməklə ölkəmizdə beynəlxalq standartlara uyğun keyfiyyətcə yeni təhsil modelinin qurulması, vahid elektron təhsil məkanının yaradılması və təhsil sisteminin dünya təhsil məkanına inteqrasiya olunması əsas məqsəd kimi qarşıya qoyulan həmin proqramda nəzərdə tutulan tədbirlər də artıq həyata keçirilmişdir. Təqdirəlayiq haldır ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəllimlərin kompüter savadlılığının artırılması məqsədi ilə son illər çoxsaylı tədbirlər - konfranslar, seminarlar, müxtəlif stimullaşdırıcı və həvəsləndirici aksiyalar, müsabiqələr həyata keçirilir. Bu işlərdə müxtəlif fondlar, şirkətlər, firmalar da yaxından iştirak edirlər. Məktəblərin İKT avadanlığı, o cümlədən kompüter, noutbuk, interaktiv lövhələr ilə təchizatı da hazırda uğurla davam etdirilir.

Dünya təcrübəsi göstərir ki, İKT-dən istifadə etməklə qurulan müasir təhsil modeli məktəbin pedaqoji heyəti qarşısında da yeni tələblər və vəzifələr qoyur. Müəllimlərin təkcə fundamental biliklər, pedaqogika və psixologiya sahəsində deyil, həm də informasiya sahəsində yenidən təlim alması olduqca aktuallaşır. Artıq yeni nəsil müəllimlərindən öyrətdikləri konkret fənnin struktur məzmununa və məqsədinə uyğun, uşaqların individual xüsusiyyətlərini nəzərə alan, şagirdlərin harmonik inkişafını mümkün edən texnologiyaları seçib tədrisdə tətbiq etmək tələb olunur.

Tədrisdə yeni texnologiyalardan müvəffəqiyyətlə istifadə edən müəllimlərin sözlərinə görə, İKT vasitələri öz geniş imkanları ilə təhsil prosesini xeyli sadələşdirir, onu dinamik və çevik edir. "Müəllim - şagird - dərslik" tədris modelinə kompüterin də əlavə edilməsi tədris prosesini individual proqram üzrə  təşkil etməyə, uşağın dərsə marağını və istəyini stimullaşdırmağa imkan verir. Kompüterlə aparılan dərslər uşaqlar üçün çox cəlbedici və yaddaqalan olur. Multimedia vasitələri, avtomatlaşdırılmış öyrədici sistemlər, kompüter tədris proqramları, animasiya qrafikası, rəngarəng illüstrasiyalar uşaqların idrak fəallığına müsbət təsir göstərir və nəticə etibarilə şagirdin olimpiadalarda, müxtəlif intellektual  yarışmalarda göstərdikləri nəticələrin keyfiyyəti xeyli artır.

Tədris prosesində interaktiv lövhədən istifadə edilməsi dərsin əsas prinsiplərindən birini, onun əyaniliyini təmin edir. Elektron lövhənin sensorlu, yəni hissiyatlı səthinə xüsusi qələmlə və ya barmaqla yavaşca toxunmaqla onun üzərində kompüterdə mümkün olan bütün əməliyyatları interaktiv rejimdə aparmaq olur. "Ağıllı lövhə", həmçinin kompüterə qoşulan mikroskop, skaner, rəqəmli fotoaparat, videokamera və s. qurğulardan alınan təsvirləri də proyektor vasitəsilə qəbul edə bilir ki, bu da məktəblərdə virtual laboratoriyaların təşkilində mühüm əhəmiyyətə malikdir. Şagirdlər istənilən kimyəvi reaksiyanın, fiziki, bioloji, coğrafi proseslərin izahını və videogörüntülərini, müxtəlif cihazların, qurğuların, texniki vasitələrin işləmə prinsiplərini "möcüzəli" ekranda izləyə bilirlər. Bu isə şagirdlərin nəzəri-metodoloji biliklərini, praktiki bacarıq və təcrübələrini inteqrasiya etməklə tədrisi xeyli canlandırır, uşaqlarda yaradıcı yanaşma, düşünmə, təşəbbüskarlıq, tədris materialını dərindən dərk etmə qabiliyyətini daha da artırır.

"Ağıllı lövhə"nin bir üstün cəhətini də xüsusi qeyd etmək lazımdır ki, onun üzərində aparılan bütün əməliyyatları, dərsin gedişini, hazırlanmış şablonları, modelləri kompüterin daimi yaddaşında saxlamaq və dəfələrlə istifadə etmək olur. Belə imkanlar müxtəlif səbəbdən dərsləri buraxan şagirdlər və ya təlimdən geri qalan uşaqlar üçün xüsusi əhəmiyyətə malikdir. Belə ki, şagird iştirak edə bilmədiyi dərsin elektron variantı ilə sonradan tanış ola və ya təlimdən geri qalanlar həmin materialı tam qavrayana kimi təkrar-təkrar kompüterdə izləyə bilərlər.

İnteraktiv rejimdə keçilən dərslərdə şagirdin mərkəzi fiqur olması təmin edilir. Müəllim, əsasən, şagirdin konsultantı, onun fərasətini və orijinal bacarığını qiymətləndirən, şagirdi aktivliyə, müstəqilliyə, təşəbbüskarlığa həvəsləndirən rolunda çıxış edir. Elektron tədrisdə uşaqların hamısı lövhəyə çıxıb müəllimin bütün tapşırıqlarını yerinə yetirməkdə həvəsli olurlar. İnteraktiv rejimdə keçilən dərslər bütün uşaqların, o cümlədən passiv, utancaq, müəyyən fiziki və ya psixoloji qüsuru olan şagirdlərin də dərs prosesinə aktiv qoşulmasına şərait yaradır.

1-4-cü sinif şagirdlərinin güclü əyani, bədii, canlı təfəkkürə malik olduğunu nəzərə alsaq, onlar üçün keçilən dərslərdə uşaqların görmə, eşitmə duyğularını, emosiya və təsəvvürlərini cəlb edən metodlardan istifadə edilməsi mühüm əhəmiyyətə malikdir. Dərslərin məhz interaktiv rejimdə aparılması bu işdə çox faydalı olur. İnformatikanın əsaslarının ibtidai siniflərdə təlimi artıq 3 və 4-cü siniflərdə şagirdlərə mətn redaktorlarında elementar işləri görmək, İnternet şəbəkəsində axtarışlar aparmaq, Power Point proqramında sadə prezentasiyalar yaratmaq imkanı verir.

Bunlardan əlavə, müəllimlər İKT-nin köməyi ilə bir dərs prosesində müxtəlif hazırlıqlı şagirdlərə fərqli yanaşma və adaptasiyalı öyrətmə sistemini tətbiq etməklə qavrama qabiliyyətlərinə uyğun tapşırıqlar verə bilir. Uşaqların sinifdə statusuna uyğun onları qruplara ayırmaqla kompüterdə optimal iş rejimi də qurmaq olur. Müəyyən fənlər üzrə məsələlərin, tədqiqat xarakterli çalışmaların həllində belə qruplaşdırma xüsusi effekt verir. Kompüter qarşısında əyləşən şagird materialın verilmə və mənimsəmə sürətini özünə rahat formada müəyyənləşdirə bilir. Öz sürət rejimində uşağın işləməsi yaxşı nəticə verir. Müəllimin verdiyi suala sinifdəki şagirdlərin hamısı kompüter vasitəsilə eyni zamanda cavab verməklə dərs prosesində aktiv iştirak edir, müəllimlər isə dərs boyu uşaqların aktivliyini istədikləri kimi qoruyub saxlaya bilirlər.

Hazırda informasiya cəmiyyətinə istiqamətlənmiş yolu bəşəriyyətin gələcəyinə gedən yol kimi dəyərləndirirlər. Digər sahələrdə olduğu kimi, İKT sahəsində də regionda liderlik edən Azərbaycan bu yolla uğurla irəliləyir. Artıq alimlərin  proqnozuna görə, informasiya cəmiyyətinin tam formalaşdığı mərhələdə insanların əsas əmək predmeti informasiya, əmək alətləri isə İKT olacaq. Ona görə də bu gün respublikamızda təhsilin bütün pillələrində İKT-nin tətbiq və istifadə edilməsi, eyni zamanda İKT-nin özünün tədris olunması, uşaqlarda müstəqil şəkildə informasiya toplamaq, analiz etmək, ötürmək qabiliyyətinin formalaşdırılması balalarımızın gələcəkdə informasiya cəmiyyətinin qiymətli üzvlərinə çevrilməsində mühüm rol oynaya bilər. 

Lətifə ƏLƏKBƏROVA,
Azərbaycan Dövlət Pedaqoji Kollecinin riyaziyyat müəllimi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov