İki
il bundan öncə "Azərbaycan müəllimi" qəzetinin
13.04.2012-ci il tarixli 14-cü nömrəsində "Ümumtəhsil
məktəbi strukturunun təşəkkülünə dair" adlı yazıda
ölkəmizdə ümumtəhsil məktəbi strukturunun təşəkkülü,
onun inkişaf tendensiyası və formalaşması prosesini
məntiqi ardıcıllıqla izləməyə çalışmışdıq. Yaradıldığı
ilk dövrlərdə heç bir konkret struktura və dəqiq təlim -
tədris müddətinə malik olmayan Azərbaycan məktəbi XX
əsrdə dəqiq strukturu və təhsilalma (vermə) müddətinə
malik 10 illik (3+5+2) və 11 illik (4+5+2) məktəblər
kimi formalaşdı. 3 səviyyədən - ibtidai məktəb (4 il),
əsas məktəb (5 il), orta məktəb (2 il) - ibarət 11 illik
orta ümumtəhsil məktəbi strukturunun tətbiqi 1984-cü
ildə keçirilən təhsil islahatı zamanı qərara alındı.
1985/1986-cı dərs ilində 6 yaşlıların məktəb təliminə
cəlb edilməsi ilə 11 illik orta ümumtəhsil məktəbinin
bünövrəsi qoyuldu.
O vaxtdan 30 illik bir dövr keçir. Bu müddət ərzində
dünyada elmin, texnikanın, iqtisadiyyatın, mədəniyyətin
inkişafında böyük yüksəliş əldə olunub, çoxlu kəşflər,
ixtiralar edilib, yeni elm sahələri yaradılıb,
elmlərarası inteqrasiya nəticəsində sinergetik elmi
istiqamətlər, elmi paradiqmalar formalaşıb. Elmi-texniki
tərəqqinin sürətli yüksəlişi elmi biliklərin həcmini
daha da artırmışdır. Onlar haqqında zəruri biliklərin
məktəbin tədris planı, fənn proqramları və dərsliklərinə
gətirilməsi, 11 illik məktəbin "çərçivəsinə"
sıxışdırılması şagirdlərin həddindən artıq yüklənməsinə
səbəb olar, onların sağlamlığına mənfi təsir göstərər.
Deməli, ölkəmizin orta ümumtəhsil məktəbində təhsilalma
(təhsilvermə) müddətinin uzadılmasına - 12 illik məktəbə
çevrilməsinə ciddi ehtiyac vardır. Bu, zamanın
tələbidir. Avropanın və dünyanın inkişaf etmiş
ölkələrində fəaliyyət göstərən 12 illik - 13 illik orta
ümumtəhsil məktəblərinin uzunmüddətli təcrübəsi bu
təhsilalma müddətinin daha optimal olduğunu çoxdan sübut
etmişdir. Təsadüfi deyildir ki, dünyanın əksər
ölkələrində ümumi orta təhsil 12 illikdir. Ölkəmizin
yerləşdiyi regionda olan ölkələrdə də xeyli vaxtdır ki,
12 illik ümumi orta məktəb strukturuna keçilmişdir.
Dövlət başçısı tərəfindən 24.10.2013-cü ildə təsdiq
edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı
üzrə Dövlət Strategiyası"nda 12 illik ümumi təhsil
sisteminin yaradılması nəzərdə tutulmuşdur. Bəs 12 illik
tam orta ümumtəhsil məktəbinin strukturu hansı sxem üzrə
yaradılacaqdır?
Bəzi "təhsil xadimləri", "müstəqil ekspertlər"
əsaslandırmadan müxtəlif telekanallara müsahibə verərək
12 illik məktəbin strukturunun "10+2" sxemi üzrə
qurulmasını təklif edirlər. Onlar hansı tədqiqatların
nəticələrinə, hansı təcrübəyə əsaslanırlar? Şərh yoxdur.
Orta ümumtəhsil məktəbi 12 illik olan ölkələrin
məktəblərinin üçüncü - sonuncu səviyyəsi - yuxarı
siniflər üç və ya dörd ili əhatə edir. Məsələn, ABŞ-da
12 illik məktəb strukturu bir neçə sxem üzrə qurulur.
Lakin bunlardan ən geniş yayılanı "6+3+3" (1-6 kiçik
(aşağı) siniflər, 7-9 orta siniflər, 10-12 yuxarı
siniflər) və qismən də "6+2+4" sxemləri üzrə qurulan
məktəb strukturlarıdır (Система
образования в Соединенных Штатах Америки).
Fransada orta ümumtəhsil məktəbinin (ibtidai məktəb - 5
il, kollec - 4 il, lisey - 3 il) strukturu "5+4+3"
sxemi üzrə qurulur (Начальное
и среднее образование во Франции,
информационные и
"Учебные
материалы"
№34). Birləşmiş Krallıqda orta ümumtəhsil məktəblərində
təhsilalma müddəti 12-13 il təşkil edir ki, bu
məktəblərin strukturu - "6+5+1" və ya "6+5+2" sxemləri
üzrə qurulur. ("British Council"in Bakı ofisinin
məlumatı). Almaniya Federal Torpaqlarında da orta
ümumtəhsil məktəblərin növündən (real məktəblər,
gimnaziyalar) asılı olaraq təhsilalma müddəti 12-13
illikdir. Bu məktəblərin strukturu - "4+5+3" və "4+6+3"
sxemi üzrə yaradılır (İnternetdən götürülmüşdür).
Qonşularımız olan Türkiyədə məktəblərin strukturu
"4+4+4", Gürcüstanda "6+3+3" sxemi üzrə qurulmuşdur.
Gətirilən faktlardan göründüyü kimi, orta ümumtəhsil
məktəbinin üçüncü səviyyəsində təhsilalma müddəti ən
azı "3" ildir. Bu təbiidir, ona görə ki, üçüncü
səviyyədə "Təhsil haqqında" qanunun tələbinə əsasən
təlim təmayüllər üzrə aparılmalıdır. Təmayüllər üzrə
hazırlanacaq fənn proqramlarının mürəkkəbliyi, dərin və
yüksək elmi səviyyəsinə müvafiq tələblərini ikiillik
müddətdə həyata keçirmək qeyri-mümkündür.
Bu məsələ ilə bağlı məktəbimizin təcrübəsində olan bir
faktı da xatırlamaq yerinə düşərdi. Keçən əsrin 60-cı
illərinin birinci yarısında keçmiş SSRİ-nin bir sıra
ərazilərində, o cümlədən Azərbaycanda da orta ümumtəhsil
məktəbinin üçüncü səviyyəsi bazasında iki sinifdən - IX
və X siniflərdən ibarət ikiillik ayrıca - müstəqil
"Riyaziyyat məktəbi", "Fizika məktəbi", "Kimya məktəbi"
və s. məktəblər yaradılmışdı. Lakin bu məktəblər qarşıya
qoyulan məsələləri - şagirdlərə elmlərin əsasları üzrə
hərtərəfli və dərin biliklər verilməsini onlara ayrılan
təlim müddətində həyata keçirə bilmədikləri üçün tez bir
zamanda ləğv edildilər.
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda
"19.19. Tam orta təhsil səviyyəsində təhsilin
təmayülləşməsi (hümanitar, texniki, təbiət və digər)
təmin olunur" müddəası təsbit olunmuşdur. Deməli,
məktəblərimizin üçüncü səviyyəsinə müvafiq elm sahələri
üzrə yüksək intellektə malik olan şagirdlər qəbul
edilməlidir. Belə şagirdləri aşkar etmək və düzgün
istiqamətləndirmək üçün pedaqoji kollektivlər
valideynlər, psixoloqlar, sosioloqlar və digər
mütəxəssislərlə birlikdə çox gərgin iş aparmalıdırlar.
Şagirdlərin maraq, meyil, qabiliyyətlərini üzə çıxarmaq
və onları müvafiq peşələrə yönəltmək elmi əsaslar
üzərində qurulmalıdır. Elə edilməlidir ki, şagirdlər IX
sinfi bitirəndə tam aydın olsun ki, kimlər ilk
peşə-ixtisas, kimlər orta ixtisas müəssisələrində
təhsillərini davam etdirəcək, kimlər isə sahibkarlıq,
xüsusən kənd rayonlarında fermerlik fəaliyyəti ilə
məşğul olan valideynlərinə kömək edəcəklər. Dövlətimizin
əmək qanunvericiliyinə müvafiq olaraq ümumi orta icbari
təhsili başa vuran 15 yaşlı yeniyetmələrin əmək
fəaliyyəti ilə məşğul olmalarına icazə verilir. Əmək
fəaliyyətinə başlayan IX sinif məzunları təhsildən
kənarda qalmamalı, onlar tam orta təhsil verən axşam,
qiyabi məktəblərə cəlb edilməlidirlər. Bu məsələnin
müsbət həlli BMT-nin "Təhsil hamı üçün" Bəyannaməsinin
(1990) icrası ilə bağlı - məktəbyaşlı bütün uşaqların,
bu və ya digər səbəbdən ümumi orta təhsil ala bilməyən
gənclərin, hətta yaşlıların təhsilə cəlb edilməsi barədə
Azərbaycan hökumətinin Dakar forumunda (2000) götürdüyü
öhdəliyin yerinə yetirilməsi baxımından çox önəmlidir.
Tam orta məktəbin üçüncü səviyyəsində təhsilini davam
etdirəcək şagirdlərin seçimi aşkarlıq və şəffaflıq
şəraitində, obyektiv, ədalətli və təmənnasız həyata
keçirilməlidir.
Deyilənləri nəzərə alaraq, belə qənaətə gəlmək olar ki,
ölkəmizdə 12 illik məktəbin strukturunun "4+5+3" sxemi
üzrə qurulması məqsədəuygün olardı. Ona görə ki,
dördillik ibtidai məktəb, beşillik ümumi orta (natamam
orta) məktəb 1984-cü il islahatından sonra 30 il
müddətində özlərini təsdiq etmiş, onlarda təhsilin
məzmunu müəyyən mənada formalaşmışdır. Ümumi təhsilin
üçüncü - tam orta təhsil səviyyəsində təhsilalma
müddətinin "3" ilə qaldırılması onun yeni məzmununun
yaradılmasını zəruri edəcəkdir.
Məsələnin bu şəkildə həlli: şagirdlərin səhhətini
pisləşdirən təlim yükünün həcmini azaltmağa; təhsilin
keyfiyyətini yüksəltməyə; yaranmış demoqrafik şəraiti
nəzərə alaraq, perspektivdə maddi-maliyyə resurslarına
qənaət etməyə; gənclərin əlavə məşğulluğunu təmin etməyə
imkan verəcək; attestatlarımızın xarici ölkələrdə
tanınmasını təmin edəcək; struktur baxımından Avropa və
dünya təhsil sisteminə inteqrasiya olunmasına təkan
verəcəkdir.
İnanırıq ki, müstəqillik illərində ümumi təhsilin
məzmununun yaradılması sahəsində müəyyən təcrübə
toplamış və səriştəyə yiyələnmiş elmi-metodik sahədə
fəaliyyət göstərən mütəxəssislərimiz bu işin öhdəsindən
uğurla gələcəklər.
Arif MURADOV,
Azərbaycan Respublikasının əməkdar müəllimi |