Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 Aprel 2014 - №12

 

Üç əsrin şahidi

 

2 nömrəli Texniki-Humanitar Lisey - Həbib bəy Mahmudbəyovun yaratdığı məktəb 

"Mənim ictimai fəaliyyətim maddi vəziyyətimi yaxşılaşdırmaq məqsədi daşımır. Yeganə məqsədim yeni məktəblərin, institutların, texniki, orta məktəblərin və sairənin açılmasını təbliğ etməkdir...". 

Həbib bəy Mahmudbəyov 

İnsanın, canlı varlığın cismani  diriliyi Günəşin nuruna bağlı olduğu kimi, mənəvi diriliyi, inkişafı ziyalıların fəaliyyətindən asılı olaraq başa gəlir. Böyük adamların əməlləri yaşayır,  adları isə  əsrlər keçsə də nəsilləri böyük arzulara, əməllərə səsləyir. Azərbaycan məktəbinin təşəkkül tapmasında misilsiz xidmətləri olan yorulmaz maarifçi, ictimai xadim Həbibulla bəy Hacı İbrahimxəlil bəy oğlu Mahmudbəyov belə simalardandır. XIX əsrin sonu, XX əsrin əvvəllərində ziyalılarımız tərəfindən adı birmənalı şəkildə dərin hörmətlə çəkilən, xeyriyyəçiliyin başında duran, ictimai işlərin önündə gedən H.Mahmudbəyov bu gün Bakı şəhərində fəaliyyət göstərən 2 nömrəli Texniki-Humanitar Lisey adı ilə tanınan orta məktəbin yerləşdiyi binada vaxtilə rus-Azərbaycan məktəbinin ilk direktoru olmuşdur. 

Həbib bəy Mahmudbəyovun həyat və fəaliyyəti  

Həbibulla bəy Mahmudbəyov Şamaxı mötəbərlərindən Hacı İbrahimxəlil bəyin oğludur. 1864-cü il iyulun 29-da Şamaxı şəhərində anadan olmuşdur. Həbibulla bəyin ulu babalarından Hacı Sadiq Nadir şahın xəzinədarı imiş və özləri nəslən Şirvan əsilzadələrindəndir. Səkkiz yaşındaykən Həbib bəy Şamaxının məhəllə məktəblərindən katib Mirzə Hüseyn adlı bir mollanın məktəbində oxuyub, sonra Şamaxının şəhər məktəbinə girir. 1872-ci il zəlzələsindən şəhər məktəbinin binası dağılır və Həbib bəy də oradan gəlib Bakıdakı realnı məktəbə daxil olur. Bu məktəbin altıncı sinfinədək oxuyandan sonra 1881-ci ildə o, Sultan Məcid Qənizadə ilə birlikdə Tiflisə gedib Aleksandrovski Müəllimlər İnstitutuna qəbul olunur. Hər ikisi 1887-ci ildə gimnaziya müəllimi adını alırlar.

H.Mahmudbəyovun teatrın inkişafında da misilsiz xidmətləri olmuşdur. 1880-ci ildə Bakıda teatr işi sürətlənməyə başlayarkən H.Mahmudbəyovun rəhbərliyi ilə sabit teatr qrupu yaradıldı. Qrupun yaradılmasında S.M.Qənizadə, Nəcəfqulu Vəliyevin də xidmətləri olmuşdur. Cahangir Zeynalov, Hüseyn Ərəblinski, Əbülfət Vəli, Mirzağa Əliyev, Məhəmməd Ələvəndi kimi teatr xadimləri bu truppada çıxış edirdilər.

"Nərimanov kitabxanası"nın maarifçilik fəaliyyətində H.Mahmudbəyov maddi və mənəvi yardım göstərirdi. 1897-ci ilin yanvarında S.M.Qənizadə, H.Mahmudbəyov və Ə.Axundovun rəhbərliyi altında Bakıda nəşriyyat şirkəti yaradıldı. Burada əsasən rus və Azərbaycan dillərində bədii ədəbiyyat, dərslik, uşaq mütaliəsindən ötrü müxtəlif xarakterli kitabların nəşri nəzərdə tutulmuşdu. 

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Həbib bəy Mahmudbəyov hökumətin tapşırığı ilə qabaqcıl maarif xadimləri olan F.Rzabəyli və Ə.Cəfərovla birlikdə Bakıda Azərbaycan Ali Pedaqoji İnstitutunun yaradılmasında yaxından iştirak etmişdir. Həmin institutda uzun illər direktor müavini, eyni zamanda rus dili və ədəbiyyatı müəllimi vəzifəsində çalışmışdır.

Azərbaycanın böyük maarif xadimi professor Həbibulla bəy Hacı İbrahimxəlil oğlu Mahmudbəyov 1927-ci ildə Bakıda vəfat etmişdir. Bu gün ziyalılarımızı təəssüfləndirəcək bir hal Azərbaycanın böyük maarif fədaisinin qəbrinin qalmamasıdır.

Azərbaycan məktəbinin inkişaf yolu Həbibulla bəy Mahmudbəyovun və Sultan Məcid Qənizadənin birlikdə kirayə tutub birmərtəbəli evin üç otağında təşkil etdikləri siniflərin fəaliyyəti ilə müəyyənləşmişdir. 1887-ci il oktyabrın 20-də H.Mahmudbəyov S.M.Qənizadə ilə birlikdə Bakıda "rus-müsəlman" məktəbinin əsasını qoydular. Bu barədə sənədlərdə xəbər verilir ki, "Aleksandrovski Müəllimlər İnstitutunun keçmiş məzunları olan Mahmudbəyov və Qəniyev tərəfindən Bakıda birsinifli üçüncü dərəcəli xüsusi rus-tatar məktəbi açıldı. Məktəb oktyabrın 20-dən düzgün fəaliyyətə başladı; noyabrın 12-də xalq məktəbləri direktoru bu məktəbə baxarkən 60-a qədər şagird var idi. Hazırda onların sayı 70-ə çatmış və qəbul dayandırılmışdır".

Azərbaycanda və bütün Zaqafqaziyada şöhrət qazanan "rus-Azərbaycan" məktəbi keçmiş Spasski küçəsi ilə Kolyubakin küçələrinin tinində Hacı ağa Dadaşovun ayı 35 manata kirayə edilmiş xüsusi evində yerləşirdi. İlk illərdə məktəb təhsil haqqından toplanan vəsaitlə (ildə hər şagirddən 3 man.) idarə olunurdu.

Məktəbin tədris planına ana dili, rus və fars dilləri, hesab, coğrafiya, tarix, şəriət fənləri daxil idi. Məktəbin dil siyasətini Haşım bəy Vəzirov belə izah edirdi: "Əvvəlinci rus-müsəlman məktəbi açıldığı halda və ondan qabaqda əhalinin tamam kitabəti, dəfdərdarlığı, irsal-mərsulu fars dilində olduğundan zəki və huşyar rus-müsəlman məktəbi baniləri həm işin burasına diqqət yetirib, həm də fars dilinin müsəlmanlar üçün bir ədəbiyyat dili olduğunu və bu dilin həlavətin nəzərə alıb öz məktəblərinə bu dili də daxil etdilər. Müşarileyh müəllimlər tərəfindən o vaxtın təqazasınca fars dilinə, həm də şəriət dərslərinə bir o qədər əhəmiyyət verilməsi ən böyük tədbirlərdən idi".

Böyütmək üçün şəkili seçinMəktəbin uğurunun səbəbi həm dil siyasətinin doğru müəyyənləşməsi, həm də şəriət dərslərinin məktəbdə tədris olunmasına bağlı idi. Bu barədə Haşım bəy Vəzirov fikrini davam etdirərək yazırdı: "Hərgah Qənizadə və Mahmudbəyov cənabları o vaxt bu iki dərsə etina etməyib məhz türk və rus dillərinin tədrisinə məşğul olsaydılar, nə öz məktəblərində müvəffəqiyyət görməzdilər, nə də bəlkə Bakı şəhəri bugünkü mütəəddid rus-müsəlman məktəblərinə malik olmazdı...". 

"Rus-müsəlman" məktəbinin dövlət məktəbinə çevrilməsi 

"Rus-Azərbaycan" məktəbinin rəsmən birsinifli (tədris müddəti 2 il) tədris ocağı kimi fəaliyyətə başlamasına baxmayaraq, sonralar 2 sinifli (tədris müddəti 4 il) oldu və təlimin məzmunu nisbətən genişləndirildi. Bütün bunların nəticəsi idi ki, şagirdlərin sayı da get-gedə artır, məktəb əhalinin və maarif rəhbərlərinin hüsn-rəğbətini qazanırdı. Məşhur maarifçi Firudin bəy Köçərli 1912-ci ildə yazmışdı: "Bu vaxtlarda (1891-ci ildə) Qafqazda maarif müdiri olan Yanovski Qənizadə ilə Mahmudbəyovun təzə qayda ilə açılmış məktəblərini ziyarət edib, həm şagirdlərin oxumasından və həm də cavan müəllimlərin səy və hümmətindən artıq dərəcədə razı qalmışdır və bu məktəbi hər yerdə vəsf etmişdir". Bunun səbəbi o idi ki, çəkilən zəhmət yavaş-yavaş öz bəhrəsini verirdi. Buranı bitirənlər asanlıqla realnı və digər məktəblərə daxil olurdular. Halbuki, o vaxt azərbaycanlı uşaqlardan realnı məktəblərə daxil olanlar tək-tək idi. Məktəbdə təlimin yüksək keyfiyyəti, Böyütmək üçün şəkili seçinnümunəvi nizam-intizam, səliqəlilik tezliklə əhalinin diqqətini cəlb etdi. 1891-ci ildə Bakı camaatından 150 nəfəri şəhər dumasına ərizə verərək bu məktəblərin sayının artırılması və dövlət xərcinə keçirilməsi tələbini irəli sürdü. Şəhər camaatının tələbi əsasında 1891-ci ildə dövlət xərcinə "rus-Azərbaycan" məktəbinin bazası əsasında iki yeni məktəb açmaq qərara alındı. Hər iki məktəb 1891-ci il sentyabrın 23-də açıldı. Birinciyə 35, ikinciyə isə 45 şagird qəbul edildi. Mahmudbəyov birinci, Qənizadə ikinci məktəbin müdiri təyin olundu. Bu iki rus-Azərbaycan məktəbinin təşkili ilə əlaqədar olaraq onların saxladıqları xüsusi rus-Azərbaycan məktəbi bağlandı (həmin il iyunun 15-də). Yeni təşkil edilmiş hər iki rus-Azərbaycan məktəbində Qafqaz canişini tərəfindən 1881-ci il yanvarın 13-də təsdiq olunmuş "Rus olmayan xalqların məktəbinin tədris planı" tətbiq edilirdi (ana dili, rus dili, fars dili, hesab, rəsmxət, müqəddəs tarix və şəriət). Rus-Azərbaycan məktəblərində təhsil haqqı ləğv olundu. 

Məktəbin ilk müəllimləri 

Rus-Azərbaycan məktəbində S.S.Axundov, A.Şaiq, Ə.Cəfərov, A.Atakişiyev, Həmidə xanım Behbudova kimi gözəl müəllimlər dərs deyirdilər. Folklorşünas Əbülqasım Hüseynzadənin xatirələrindən: "Həbib bəy Mahmudbəyovu 15 yaşımdan tanıyıram. Mən o vaxt rus-tatar məktəbində oxuyurdum. Məktəbin direktoru Həbib bəy Mahmudbəyov idi. O, üzügülər, ciddi baxışlı, nurlu bir şəxs idi. Seyid Hüseynlə oxuyurdum. Bir gün Həbib bəyin təşəbbüsü ilə məktəbdə yaradılmış teatr truppasına üzv yazıldıq. Mən ədəbiyyata və teatra çox həvəs göstərirdim. Bunu Həbib bəy Mahmudbəyov hiss etmişdi. Ona görə də mənə müxtəlif rollar verirdi". Ə.Hüseynzadə Mahmudbəyovun yüksək insani keyfiyyətlərindən də bəhs edirdi: "Həbib bəy məktəbdə oxuyan kasıb uşaqlara əl tuturdu. Həmin şagirdlər uzun müddət bu yardımın kim tərəfindən edildiyini bilmirdilər. Mənim əziz müəllimim Həbib bəy humanist, tikəsini bölməyi bacaran insan idi. Həbib bəy mənim uşaqlıq illərimə işıq saçan, nur çiləyən bir müəllim kimi xatirimdə qalıb".

Abdulla Şaiq bu məktəbə müəllim təyin olunması haqqında xatirələrində yazırdı: "1902-ci ildə görkəmli maarifpərvər Həbib bəy Mahmudbəyov müdir olduğu 6 sinifli məktəbin aşağı siniflərinə ana dili müəllimi təyin edildim". Bu dövrdə yazıçı Seyid Hüseyn və onun qardaşı Mirpaşa Sadıqov burada təhsil alırdılar.

Bu gün Həbib bəy Mahmudbəyov adına liseylə Abdulla Şaiqin ev-muzeyinin əməkdaşlığı davam etdirilir. Şaiqin ocağını qoruyan nəvəsi Ülkər xanım Talıbzadə Mahmudbəyovun işıqlı xatirəsini tez-tez yad edərək məktəbdə təşkil olunan tədbirlərdə könüllü iştirak edir.  

"Rus-müsəlman" məktəbinin Azərbaycanda məktəblərin artmasına təsiri 

Yeni açılmış  "rus-Azərbaycan" məktəbləri bir sıra qabaqcıl müəllimlərin diqqətini cəlb etdi. Onlar təzə açılan məktəblərdə işləməyə, özləri yeni məktəblər açmağa cəhd göstərdilər. Yeni təşkil edilmiş "rus-Azərbaycan" məktəblərində işləmək arzusunda olanlardan biri də Nəriman Nərimanov idi. Bu vaxt Tiflis quberniyası Borçalı mahalının Qızıl-Hacılı kəndində müəllimlik edən Nərimanov Bakıya gəlir və 1891-ci il iyulun 21-də məktəb komissiyasına müraciət edərək Bakı şəhər Duması tərəfindən yeni açılan "rus-tatar məktəblərindən birinin müdir müavini" təyin edilməsini xahiş edir.

"Rus-Azərbaycan" məktəbinin müvəffəqiyyətindən ruhlanan ziyalılardan Mirzə Həsənbəy Axundov və Məhəmmədhəsən bəy Nəsirbəyin hər biri bu tipli iki yeni məktəb açdı. Qısa müddət ərzində təkcə Bakıda "rus-Azərbaycan" məktəblərinin sayı 10-a çatdırıldı.

1914-cü ildə Həbib bəy Mahmudbəyovun məktəbinin fəaliyyətinin 25 illik yubileyi qeyd olunmuş, bu münasibətlə o, çar hökuməti tərəfindən təşəkkürnamə ilə də təltif edilmişdir. Haşım bəy Vəzirov bu münasibətlə "Bakıdakı rusi-müsəlmani məktəblərin iyirmi beş illik yubileyi münasibətilə" adlı kitabçasını nəşr etdirmişdir.

Azərbaycan xalqının maariflənməsi yolunda çətinliklər də çox idi. Bütün "rus-Azərbaycan" məktəblərinin, o cümlədən, ikisinifli "rus-Azərbaycan" məktəbinin müvəffəqiyyəti onun banilərinin - H.Mahmudbəyovla S.Qənizadənin və bu məktəblərə cəlb edilmiş digər zəhmətkeş müəllimlərin əməyinin nəticəsi idi. Bununla birlikdə çarizmin türk-müsəlman xalqların maarifi sahəsindəki mürtəce siyasəti həmin məktəblərin tərəqqi etməsinə mane olurdu. Təkcə onu qeyd etmək kifayətdir ki, bu məktəblərdə işləyən müəllimlərin heç biri dövlət qulluqçusu hesab edilmirdi. S.Qənizadənin ikisinifli şəhər "rus-Azərbaycan" məktəbinin əsasını qoymasına, uzun müddət ona rəhbərlik etməsinə baxmayaraq, onun mövcud qanun üzrə dövlət qulluqçusu hesab edilməməsi bir yana qalsın, həm də o, uzun müddət məktəbin  rəsmi müdiri hesab edilməmiş, əvəzedicisi kimi işləmişdir. Çünki şəhər məktəblərinin 1872-ci il nizamnaməsinə görə, ancaq xristian dininə mənsub olanların şəhər məktəblərində işləmək hüququ var idi.    

Həbib bəy Mahmudbəyovun maddi-mənəvi irsi qorunur 

Həbib bəy Mahmudbəyovun müqəddəs ruhu, sanki təşkil etdiyi məktəbin himayəçisinə çevrildi. Onun vaxtilə əsasını qoyduğu bu təhsil ocağı sovet dövründə 8 illik məktəb kimi fəaliyyət göstərdi. Yüz il əvvəl məktəbin əsası qoyulduğu kimi, 1987-ci ildə də məktəbin yeni inkişaf dönəmi başladı. 1987-ci ildə görkəmli akademik Azad Mirzəcanzadə H.Mahmudbəyovun adını daşıyan məktəbə gəldi və yeni fikirlərini həyata keçirməyə başladı. Akademik Azad Mirzəcanzadə Həbib bəyin məktəbini istedadlı şagirdlər üçün məktəbə çevirdi və 1990-1991-ci tədris ilindən lisey statusunu aldı. Həbib bəy Mahmudbəyov öz məktəbinə ən səriştəli müəllimləri topldığı kimi, A.Mirzəcanzadə də orta məktəb şagirdlərinə müəllim kimi dərs keçməklə yanaşı, buraya tanınmış alimləri - Bəkir Nəbiyevi, Yaşar Qarayevi, Rafael Hüseynovu dəvət edirdi, diskussiyalar keçirirdi.

Vaxtı ilə bu məktəbdə metodist müəllim vəzifəsində çalışan Kamilə Əhməd qızı Məmmədova yazır: "Həbib bəy Mahmudbəyovun adını daşıyan məktəbdə bu gözəl müəllimin tədris ənənələrindən bəzilərini yaşatmağa çalışırıq. Bildiyimiz kimi, Həbib bəy də öz məktəbində uzunömürlü bir teatr dərnəyi yaratmışdı. Bu ənənə bu gün də davam edir". Məktəbdə Həbib bəyin xatirəsi ilə bağlı "Sözün qüdrəti" adlı ədəbi dərnək də təşkil olunmuşdur.  

Həbib bəy Mahmudbəyovun müasir davamçısı 

Həbib bəy Mahmudbəyov adına 2 nömrəli Texniki-Humanitar Elmlər Liseyinin bugünkü fəaliyyəti ilə maraqlanarkən direktordan müsahibə almağa ehtiyac qalmadı. Məktəbin qapısından girən andan etibarən binanın daşı, divarı, interyeri, müəllimlərin, şagirdlərin davranışları, ünsiyyətləri onun idarəçilik sistemi haqqında məlumat verir. Gülərüz, səmimi, təvazökar, qayğıkeş müəllim kollektivi burada həqiqətən şəxsiyyət yetişdirilməsinin əsas göstəricisidir.

Bu gün liseyin müəllim kollektivi H.Mahmudbəyovun xatirəsini gələcək nəslin yaddaşında əbədiləşdirmək üçün ciddi tədbirlər görür. 2001-ci ildə məktəbin metodist  müəllimi K.Məmmədova "Həbib bəy Mahmudbəyovun məktəbi" adlı tarixi oçerkini kitabça şəklində nəşr etdirmişdir.

2004-cü ildə Həbib bəy Mahmudbəyov adına Texniki-Humanitar Elmlər Liseyinin 115-ci ildönümü qeyd olunmuşdur. Bu münasibətlə məktəbin direktoru Bəkir Mustafayevin naşirliyi ilə Haşım bəy Vəzirovun kitabçası ərəb əlifbasından transfoneliterasiya etdirilərək yenidən nəşr olunmuşdur. Yubiley münasibətilə Həbib bəyin büstü hazırlanmış, fəaliyyəti haqqında məlumatlar onuncu sinif dərsliyinə salınmışdır. Bu gün isə Bəkir müəllim və məktəbin müəllim kollektivi məktəbin yerləşdiyi küçəyə Həbib bəy Mahmudbəyovun adının verilməsi arzusu ilə yaşayırlar.  

Könül NƏHMƏTOVA,
filologiya üzrə fəlsəfə doktoru,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov