Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 Aprel 2014 - №12

 

Vaşinqtonda Heydər Əliyev Fondunun və "Uşaq ürəyini xilas et" təşkilatının birgə layihəsinin təqdimatı olub

 

Böyütmək üçün şəkili seçin Heydər Əliyev Fondunun və "Uşaq ürəyini xilas et" xeyriyyə təşkilatının birgə həyata keçirəcəyi layihənin icrası ilə əlaqədar Vaşinqtondakı "Beynəlxalq Bnay Brit" qurumunun ofisində xüsusi təqdimat mərasimi olmuşdur.

"Beynəlxalq Bnay Brit" təşkilatının vitse-prezidenti Daniel Mariaşi tədbiri açaraq, Heydər Əliyev Fondu ilə "Uşaq ürəyini xilas et" təşkilatı arasında əməkdaşlığı yüksək qiymətləndirmişdir.

Əsas mərkəzi İsraildə yerləşən "Uşaq ürəyini xilas et" təşkilatının icraçı direktoru Devid Lituak təmsil etdiyi qurum haqqında məlumat vermişdir. Bildirilmişdir ki, Heydər Əliyev Fondu ilə əlaqələr sayəsində Azərbaycan təşkilatın əməkdaşlıq edəcəyi sayca 49-cu ölkə olacaqdır. O, 1995-ci ildə yaradılmış bu təşkilata könüllülük prinsipi əsasında dəstək verən həkimlər tərəfindən 2 mindən artıq uşağın həyatının xilas olunduğunu bəyan etmişdir. Diqqətə çatdırılmışdır ki, Heydər Əliyev Fondu ilə qurulan tərəfdaşlıq nəticəsində, bundan sonra ağır ürək çatışmazlığı ilə doğulmuş azərbaycanlı uşaqlar təşkilatın İsraildə fəaliyyət göstərən Uolfson Tibb Mərkəzində əməliyyat oluna biləcəklər. D.Lituak demişdir ki, bu layihə çərçivəsində azərbaycanlı mütəxəssislər üçün təlimlər keçiriləcək və təşkilat ölkəmizdə müvafiq ixtisaslaşmış tibbi mərkəzin yaradılmasına dəstək verməyə hazırdır.

Mərasimdə çıxış edən Heydər Əliyev Fondunun ABŞ üzrə nümayəndəsi Cəmilə Paşayeva-Seyidzadə əvvəlcə bu il yaranmasının 10 illiyini qeyd edəcək Fondun fəaliyyəti haqqında məlumat vermişdir. O, "Uşaq ürəyini xilas et" təşkilatı ilə əməkdaşlığın yaratdığı imkanları bir daha xatırladaraq, uşaqların sağlamlığı və rifahının sərhəd tanımadığını, milli mənsubiyyətə görə fərqləndirilmədiyini qeyd etmiş və bu layihənin uşaqların həyatının xilası kimi ülvi bir məqsədə xidmət etdiyini vurğulamışdır. O, Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ixtisasca həkim olaraq, səhiyyə sahəsindəki layihələrə, o cümlədən uşaqların müalicəsinə xüsusi diqqət göstərdiyini və bu fəaliyyətləri şəxsən nəzarətdə saxladığını bildirmişdir.

Cəmilə Paşayeva-Seyidzadə "Uşaq ürəyini xilas et" təşkilatı ilə birgə layihənin təqdimat mərasiminin Vaşinqtonda keçirilməsinə baxmayaraq, bu layihənin, 3 ölkə - Azərbaycan, ABŞ və İsrail arasında mövcud körpüləri möhkəmləndirəcəyinə ümid etdiyini bildirmişdir.

Tədbir iştirakçıları, həmçinin Heydər Əliyev Fondunun fəaliyyəti haqqında filmə baxmış, Fondun müxtəlif mövzulara aid nəşrləri ilə yaxından tanış olmuşlar.

Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Fəxrəddin İsmayılov çıxışında demişdir ki, ölkə rəhbərliyinin müəyyən etdiyi uzaqgörən siyasət nəticəsində əldə olunmuş tərəqqi sayəsində Azərbaycan humanitar yardım alan ölkədən fəal donor ölkəyə çevrilmişdir. Bu gün Azərbaycan tərəfindən beynəlxalq aləmdə aparılan xeyriyyə fəaliyyətlərində Heydər Əliyev Fondunun mühüm rolu olduğunu bildirən diplomat bu layihənin insanlar arasında əlaqələr kontekstində Azərbaycanın ABŞ və İsrail ilə dostluq və tərəfdaşlıq münasibətlərinə əhəmiyyətli töhfə verəcəyini qeyd etmişdir.

İsrailin ABŞ-dakı səfirliyinin müşaviri Eli Qroner də Heydər Əliyev Fondu və "Uşaq ürəyini xilas et" təşkilatı arasında qurulan əməkdaşlığı yüksək qiymətləndirmiş, bunun ölkələrimiz və xalqlarımız arasında mövcud dostluq münasibətlərinin növbəti nümunəsi olduğunu vurğulamışdır.

"Uşaq ürəyini xilas et" təşkilatının ABŞ nümayəndəliyinin prezidenti Barri Perlis Heydər Əliyev Fondunun milli və beynəlxalq səviyyədə gördüyü işlər barədə məlumatlı olduğunu söyləmiş, Fondun əməkdaşlıq üçün "Uşaq ürəyini xilas et" təşkilatını seçdiyinə və ona verdiyi dəstəyə görə dərin təşəkkürünü ifadə etmişdir.

Mərasimdən bir neçə gün öncə isə Heydər Əliyev Fondunun ABŞ üzrə nümayəndəsi Cəmilə Paşayeva-Seyidzadə "Uşaq ürəyini xilas et" təşkilatının ABŞ idarə heyətinin rəhbəri xanım Fransis Kuk ilə görüşərək, təşkilatlar arasında əməkdaşlığın perspektivlərini müzakirə etmişdir. Vaxtilə ABŞ-ın Yaxın Şərq ölkələrində ilk qadın səfiri olmuş F.Kuk Heydər Əliyev Fondu ilə qurulan tərəfdaşlıqdan böyük məmnunluğunu bildirmiş, Fondun fəaliyyəti haqqında hələ ötən il Fransanın Kann şəhərində keçirilmiş Azərbaycan mədəniyyət günlərinin şahidi olduğunu bildirmişdir. O, Heydər Əliyev Fondu ilə birgə layihənin uğurla həyata keçiriləcəyinə əminliyini ifadə etmişdir. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov