Aprelin
3-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) bu
ali təhsil ocağının professor-müəllim heyətinin 2013-cü
ilin elmi-tədqiqat işlərinin yekunlarına həsr edilmiş
elmi-praktik konfrans keçirilmişdir.
ADİU-dan AzərTAc-a bildirmişlər ki, konfransı
universitetin rektoru, professor Ədalət Muradov açaraq
rəhbərlik etdiyi ali məktəbin elmi fəaliyyətinin
prioritet istiqamətlərini, elmi-tədqiqat işlərinin
praktiki səmərəliliyini, "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyası kontekstində ölkə
iqtisadiyyatının davamlı inkişafını və onun
istiqamətlərini, müasir dövrün çağırışlarından irəli
gələn problemləri və onların həlli yollarının
araşdırılmasının vacibliyini vurğulamışdır.
Konfransın plenar iclasında professor Ə.Əlirzayevin
"Müasir şəraitdə sosial problemlər və onların həlli
mexanizminin təkmilləşdirilməsi istiqamətləri", baş
müəllim T.Şirvanovanın "Avropa inteqrasiyası və İslam
sivilizasiyası: dəyərlərin uzlaşdırılması problemləri",
dosent Ə.Əliyevin "Sənaye potensialının statistik
qiymətləndirilməsi: metodiki yanaşmanın
təkmilləşdirilməsi istiqamətləri" mövzularında
məruzələri dinlənilmişdir.
Konfrans işini bölmələrdə davam etdirmişdir. |