Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 Aprel 2014 - №12

 

Uşaqlar qayğı ilə əhatə olunurlar

 

SOS Uşaq kəndində kimsəsiz və valideyn himayəsindən məhrum olmuş uşaqlara  göstərilən  diqqət və  qayğı  onların bu müəssisəyə qəbul olunduğu gündən müstəqil həyata yiyələndikləri günədək davam edir. Bu qayğının əsas məqsədi  uşaqların ailə şəraitində böyüməsi, onların hərtərəfli inkişaf etməsi, gələcəkdə müstəqil yaşamaq  üçün lazımi şərait yaratmaqdan ibarətdir.  Müəyyən yaş həddinə çatdıqda isə uşaqlar  Gənclər Evinə köçürülürlər.

Gənclər evi SOS uşağa qayğı modelinin ikinci mərhələsidir. Bu model ailə əsaslı qayğı olmaqla ölkədə yeganə uzunmüddətli alternativ qayğı  modelidir. Belə ki, ilk öncə  SOS Uşaq kəndində  himayə olunan  uşaqlar  ikinci mərhələdə  Gənclər Evinə köçür, sonra onların yarımmüstəqil həyatı  başlayır, dördüncü mərhələdə isə uşaqlar  müstəqil həyata tam hazır şəxslər kimi cəmiyyətə inteqrasiya  olunurlar.

Hazırda SOS Uşaq Kəndləri - Azərbaycan Assosiasiyasının himayəsində iki Gənclər Evi fəaliyyət göstərir. Hər iki Gənclər Evi 20-21 gənc üçün nəzərdə tutulub. Bu layihələr Azərbaycan dövlətinin və SOS  və Kinderdorf İnternational Fondunun birbaşa maliyyə dəstəyi sayəsində reallaşır. Gənclər Evinin avadanlıq, mebel, məişət əşyaları ilə təmin edilməsində yerli Mobitel Nokia Şirkəti, Mc Donalds və digər şirkətlərin dəstəyi böyükdür.  Bu şirkətlərə səyahətə aparılan gənclər orada  onların fəaliyəti haqqında informasiya alır, mobil telefonların hazırlığı prosesini görürlər.

Gənclər Evinə  SOS Uşaq kəndlərində tərbiyə almış 15 yaşdan yuxarı, sosial yetkin və orta təhsilini başa vurmuş yeniyetmələr qəbul olunur. Burada yaşadıqları müddətdə onların sənətə, peşəyə və ya hər hansı bir ixtisasa yiyələnməsi, əmək fəaliyyətinə başlaması və ilkin gəlir əldə etməsi üçün şərait yaradılır. Peşəkar mütəxəssislərdən ibarət heyət hər bir gənclə birgə fərdi inkişaf planı hazırlayır və planın həyata keçirilməsini izləyir.

Gənclər Evində yaşayan gənclər hazırda müxtəlif ali və orta ixtisas təhsili müəssisələrində  təhsil alır, yaxud növbəti mərhələdə  təhsillərini davam etdirmək üçün müxtəlif kurslarda hazırlaşdırılırlar. Gənclərin maraqlarına uyğun olaraq həmçinin əmək bazarında rəqabətə davamlı olmaları üçün onlar ixtisasartırma kurslarına da yönəldilirlər. Gənclər davamlı olaraq müxtəlif səpgili təlim və seminarlarda  iştirak edir, dövlət səviyyəli müsabiqələrə və forumlara qatılırlar. Təhsillə yanaşı, gənclərə mənəvi, psixoloji, hüquqi, tibbi dəstək də göstərilir, onlara  asudə vaxtlarının səmərəli  təşkili  və ilkin həyat səriştələrinin əldə olunması bacarıqları da aşılanır.

Gənclər  Evinin lideri  Könül Məmmədova bildirdi ki, gənclərin asudə vaxtlarının səmərəli təşkili,  istedadlarının üzə çıxarılması və sosial-mədəni inkişaflarının  təmin edilməsi məqsədilə vaxtaşırı olaraq müxtəlif tədbirlər - "Dostlarımızla bir gün", 8 mart Beynəlxalq Qadınlar Günü, Novruz bayramı, BMT-nin xətti ilə Ümumdünya əhali günü, Beynəlxalq ailə günü, bir gəncin Xına şənliyi və sair  tədbirlər həyata keçirilmişdir. Bu tədbirlərdə fəallıq göstərən gənclərimiz diplom və  fəxri fərmanlarla mükafatlandırılıb. Xorvatiyada keçirilən Beynəlxalq Gənclər şurasının bağlanış görüşündə evin sakini Kaminina Ramina sertifikat, "Mobitel" şirkəti tərəfindən əmək fəaliyyətinə görə Elza Ağayeva, Röya Məmmədova diplomla təltif olunub.

Könül Məmmədova  qeyd etdi ki, qızlarımız "Asiman" rəqs qrupuna qatılaraq rəngarəng  çıxışları ilə milli və dünya xalqlarının rəqslərini ifa edirlər.  "Beynəlxalq ailə günü" münasibətilə "Park bulvarda" təşkil olunan tədbirdə isə  gənclərin əl işlərindən ibarət rəsm sərgisi və satış yarmarkası olub. Əldə olunan gəlir onların gəzintisinə sərf  edilib.

Gənclər Evindən  çıxdıqdan sonra da onlar unudulmur. Yaşayış yeri olmayan, maddi vəziyyəti çətin olan evsiz gənclərin kirayə pulu, yemək və təhsil xərcləri ödənilir ki, bu da onların yarımmüstəqil həyatları adlanır, həmin məbləğ onların adına açılan hesaba köçürülür.   

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov