Martın 31-də Azərbaycan Dillər Universitetinin (ADU)
filologiya və jurnalistika fakültəsinin Azərbaycan dili
və ədəbiyyatı kafedrasının dosenti Dilbər Zeynalovanın
təşkilatçılığı ilə "İlyas Əfəndiyev yaradıcılığının
bədii-estetik xüsusiyyətləri" mövzusunda seminar
keçirildi. Seminarda Azərbaycan dili və ədəbiyyatı
kafedrasının müdiri, professor Fəridə Səfiyeva və
345-347-ci qrupun tələbələri iştirak edirdilər. Tədbiri
giriş sözü ilə açan dosent Dilbər Zeynalova seminarın Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin "İlyas
Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında"
16 yanvar 2014-cü il tarixli sərəncamına əsasən
keçirildiyini bildirdi. Qeyd edildi ki, yazıçının
bədii nailiyyətlərlə zəngin irsi ədəbiyyatımızda yeni
mərhələnin təşəkkülünə səmərəli təsir göstərib.
Azərbaycan teatr səhnəsinin müasir simasının
formalaşmasında İlyas Əfəndiyev dramaturgiyasının
özünəməxsus yer tutduğu diqqətə çatdırıldı. Vurğulandı
ki, ədib "Xurşidbanu Natəvan", "Şeyx Məhəmməd Xiyabani",
"Hökmdar və qızı" və s. tarixi dramları ilə xalqımızın
milli azadlığı və müstəqilliyi uğrunda apardığı
mübarizənin, istiqlal məfkurəsinin, azadlıq hərəkatının,
milli birliyin və müstəqilliyin bədii tərənnümçüsünə
çevrildi.
Seminarda İlyas Əfəndiyevin həyat və yaradıcılığından
bəhs edən slayd nümayiş olundu.
Görkəmli dramaturqun yaratdığı obrazların bədii
xüsusiyyətləri tələbələr tərəfindən müzakirə edildi,
ədibin yaradıcılığı ilə bağlı geniş fikir mübadiləsi
aparıldı.
ADU-nun İctimaiyyətlə əlaqələr departamenti |