Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 Aprel 2014 - №12

 

Dünya ölkələrində ümumi təhsil

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda 12 illik ümumi təhsilə keçid strateji hədəflərdən biri kimi nəzərdə tutulub. Bununla da ümumi təhsilin  müddətinin artırılaraq 12 ilə çatdırılması ilə bağlı son illər  təhsil ictimaiyyəti arasında gedən müzakirələr, nəhayət, öz həllini tapmaq üzrədir. Bəs, bu sahədə dünya ölkələrində vəziyyət necədir?

Dövlət Strategiyasında da qeyd olunduğu kimi, bir çox qabaqcıl ölkələrdə təhsil müddətinin tədricən artırılması istiqamətində addımlar atılır. Nəticədə artıq bəzi ölkələrdə 14, bir sıra ölkələrdə isə 13 illik ümumi təhsilə keçilmişdir. Əksər ölkələrdə isə hazırda 12 illik ümumi təhsil tətbiq olunur. Ümumi təhsil müddəti az sayda ölkələrdə on bir il təşkil edir. Dünya  ölkələrində ümumi təhsilin strukturu haqqında müvafiq ölkələrin səfirliklərindən, təhsil nazirliklərinin və təhsilə aid digər qurumlarının rəsmi İnternet saytlarından əldə olunan materiallar əsasında aparılan araşdırmaların nəticələrini təqdim edirik.


Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında ümumi təhsil 

Böyütmək üçün şəkili seçinBöyük Britaniyada ümumi təhsilin müddəti 13 ildir və hər bir uşaq 5-16 (Şimali İrlandiyada 4-16) yaş arasında icbari təhsilə cəlb olunur.

İbtidai təhsil. İngiltərədə, Şotlandiyada, Uelsdə ibtidai təhsil 5 və Şimali İrlandiyada 4 yaşdan başlanır və əsasən 6-7 il (bəzən 3-4 il) davam edir. Belə ki, İngiltərənin bəzi yerli hakimiyyət dairələrinin qərarı ilə 5-9 yaşlı uşaqlar ibtidai məktəblərdə və 8-14 yaşlılar isə icbari orta məktəblərdə təhsil alırlar. İbtidai məktəblərin əksəriyyətində qızlar və oğlanlar birgə oxuyur. İngiltərə, Uels və Şotlandiyada şagirdlər əsasən 11 yaşında icbari orta məktəbə gedirlər.

Ümumi orta təhsil. Birləşmiş Krallıqda məktəblilər icbari orta təhsili 16, tam orta təhsili isə 18 yaşda başa vururlar. Ümumtəhsil məktəbləri - gimnaziya, lisey, kollec və peşə liseyləri ən yüksək maddi-texniki bazaya malikdir. Tədris prosesində kompüter texnologiyalarından geniş istifadə olunur.

Ölkədə orta məktəb yaşlı uşaqların təxminən 90 faizi icbari təhsilə cəlb olunub. Bu məktəblərə şagirdlər bacarıq və hazırlıq səviyyələri yoxlanılmadan qəbul edilirlər.

16 yaşından etibarən şagirdlər təhsillərini altıillik kollec və ya peşə məktəblərində də davam etdirə bilərlər. Hər iki halda spesifik peşə, yaxud tətbiqi fənlərlə yanaşı, ümumi təhsil kursu da keçilir. İngiltərə və Uelsdə 15 texnoloji kollec fəaliyyət göstərir. Dövlət 200-dən çox orta məktəbdə texnoloji ixtisaslaşmaya yardım edir. Bu məktəblər texnoloji təhsili inkişaf etdirmək üçün qrant alırlar.

Orta məktəblər hər il valideynlərə övladının tədris nailiyyətləri haqqında məlumat verməlidir. Məktəb müfəttişi hər hansı bir tədris ocağında aşağı səviyyədə təhsil verildiyini müəyyən etdikdə, yerli təhsil orqanları məktəbin özünüidarəetmə qurumunun sədrini dəyişir.

Özəl məktəblər Təhsil Nazirliyində qeydiyyatdan keçir və açıq rəqabət şəraitində fəaliyyət göstərirlər. Ölkədə mövcud olan 2500-ə yaxın özəl məktəbdə ümumi şagirdlərin təxminən 7 faizi təhsil alır. Özəl məktəblərdə təhsil pulludur. Bu təhsil müəssisələrində aztəminatlı ailələrdən olan şagirdlərə təqaüd verilir. Belə tədris ocaqları, adətən uşaq bağçalarını, ümumtəhsil və orta məktəbləri özündə birləşdirən komplekslər kimi fəaliyyət göstərir.

Dövlət məktəblərində müəllimləri yerli təhsil orqanı və ya məktəbin özünüidarəetmə qurumu təyin edir. Müəllimlərin ixtisasları Təhsil Nazirliyi tərəfindən təsdiq olunur. İngiltərə və Uelsdə həyata keçirilən islahatlara əsasən, məktəblər müəllimlərin ilkin hazırlanmasında daha fəal rol oynayırlar. Belə ki, məktəblər tələbələrin praktiki hazırlığı, onların səviyyələrinin qiymətləndirilməsində yaxından iştirak edirlər.

Təhsildə Standartları müəyyən edən Müstəqil Qurum (OFSTED) Təhsil Nazirliyinə məktəb təhsilinin keyfiyyəti, standartlar və təhsilin effektivliyi haqda vaxtaşırı məlumat verir. Hər bir məktəb müstəqil müfəttişlər qrupu tərəfindən yoxlanılır. Yoxlama qrupuna təhsil mütəxəssisləri ilə bərabər valideynlər də daxil edilir. Yoxlamanın nəticələri haqda valideynlərə məlumat verilir. Yekun nəticələrə müvafiq olaraq məktəbə rəhbərlik edən qurumlar perspektiv planlarını hazırlayır və valideynləri gələcək fəaliyyətləri barədə məlumatlandırırlar.

Böyük Britaniyanın Milli Kurikulumu 1992-ci ildə qəbul edilib və dövlət məktəblərində təhsil alan şagirdlər 16 yaşına kimi bu kurikulum əsasında dərs keçirlər. 2008-ci ildən qərara alınıb ki, 2013-cü ildə 17, 2015-ci ildə isə 18 yaşlı şagirdlərə Milli Kurikulum tətbiq olunsun. Özəl məktəblər isə Milli Kurikulumu tətbiq etməyə məcbur deyillər.

Milli Kurikulumda ingilis dili (Uels dilində tədris aparılan məktəblərdə Uels dili), riyaziyyat, təbiət elmləri, dizayn və texnologiya, informasiya və kommunikasiya texnologiyası, tarix, coğrafiya, xarici dillər, musiqi, incəsənət və fiziki tərbiyə fənləri əsas yer tutur. Bunlarla yanaşı, bir sıra digər icbari fənlər də mövcuddur ki, bu sıraya da dini fənləri aid etmək olar.

Şimali İrlandiyada da oxşar proqram tətbiq olunur. Lakin məktəblər şagirdlərin fərdi tələblərini, şəraiti nəzərə alaraq kurikuluma əlavə elementlər daxil edə bilərlər.

İcbari orta təhsili başa vuran şagirdlər Orta Təhsil üzrə Ümumi Şəhadətnamə imtahanı verirlər. Bu imtahan hər fənn (10-a yaxın) üzrə verilir və müstəqil imtahan eksperti tərəfindən qiymətləndirilir. Orta Təhsil üzrə Ümumi Şəhadətnamə imtahanından uğurla keçən şagirdlər tam orta təhsil ala, yaxud da peşə və texniki kolleclərdə müəyyən ixtisasa yiyələnə bilərlər.

Şagirdlər tam orta məktəbdə bir il təhsil aldıqdan sonra AS səviyyəsini (Advanced Subsidiary Level) əldə etmək üçün yenidən imtahan verirlər. Tam orta təhsilini başa vuran şagirdlər isə universitetlərə qəbul olunmaq üçün ən yüksək mərhələ sayılan A-Level adlandırılan imtahanda iştirak edirlər. 


 Türkiyədə ümumi təhsil 

Böyütmək üçün şəkili seçinTürkiyənin 12 illik ümumi orta təhsil sistemi 8 illik ibtidai, 4 illik orta təhsilə əsaslanır.

İbtidai təhsil. Türkiyədə ibtidai təhsil icbaridir və dövlət məktəblərində pulsuzdur.  İbtidai təhsil pilləsi 6-14 yaş arasındakı uşaqları əhatə edir.

İbtidai təhsilin məqsədi uşaqların yaxşı bir vətəndaş kimi yetişməsini təmin etmək, onların zəruri məlumat, qabiliyyət, davranış, vərdiş qazanmasına, milli ruhda formalaşmalarına yardımçı olmaqdır. Şagirdlərin maraq, bacarıq və qabiliyyət istiqamətlərinə uyğun inkişafı, onların həyata və növbəti təhsil pilləsinə hazırlanması da ibtidai təhsilin başlıca vəzifələrindəndir. Səkkizillik ibtidai təhsilin sonunda şagirdlərə müvafiq diplom verilir.

Orta təhsil. Türkiyədə orta təhsil dördillikdir. Orta təhsil ümumi, peşə və texniki orta təhsil müəssisələrini əhatə edir.

Orta təhsilin məqsədi şagirdlərə ortaq mədəni dəyərlər aşılamaq, fərd və cəmiyyət məsələlərini anlatmaq, onları ölkənin sosial-iqtisadi və mədəni inkişafına layiqli töhfələr verə biləcək vətəndaş kimi yetişdirmək, şagirdləri həm ali təhsilə, həm peşəyə, həm də müstəqil həyata hazırlamaqdır.

Orta təhsil müxtəlif proqramlara uyğun tədrisə əsaslanır. Şagirdlər istək və qabiliyyətləri müqabilində bu proqramlardan birini seçərək ümumi liseylərdə, fənn liseylərində, sosial elmlər liseylərində, idman liseylərində, incəsənət liseylərində və çoxproqramlı liseylərdə təhsil ala bilərlər.

Peşə və texniki orta təhsil. Peşə və texniki orta təhsil peşə sahələrinə müvafiq olaraq müəyyən əmək qabiliyyəti və vərdişləri verən, şagirdləri ali təhsilə hazırlayan təhsil müəssisələridir. Peşə və texniki orta təhsil müəssisələri sırasında oğlan texniki tədris məktəbləri, qız texniki tədris məktəbləri, ticarət və turizm tədrisi məktəbləri, din tədrisi məktəbləri əsas yer tutur.


 Amerika Birləşmiş Ştatlarında ümumi təhsil 

Böyütmək üçün şəkili seçinABŞ-da ümumi təhsil 12 illikdir. 2010-cu ilə olan məlumata görə, ölkədə təxminən 120 min orta məktəb fəaliyyət göstərir. Onların 27 mini özəldir. Şagirdlərin 15 faizi özəl təhsil müəssisələrində və ya kilsə məktəblərində təhsil alırr. Məktəb məzunlarının təxminən 30 faizi universitetlərə daxil olur.

Amerikanın orta təhsil strukturu aşağıdakı pillələri əhatə edir:

1. İbtidai məktəb (elementary school): 6-11 yaşlı uşaqlar üçün (I-VI siniflər).

2. Əsas məktəb (sekondary school): 12-15 yaşlı uşaqlar üçün (VII-IX siniflər).

3. Orta məktəb (high school): 16-19 yaşlı uşaqlar üçün (X-XII siniflər).

Məktəblərdə fənlərin tədrisi baxımından vahid tələblər qoyulmur. Onlar məktəbin yerləşdiyi ərazidən (ştatdan) və ya həmin məktəbin öz siyasətindən asılı olaraq dəyişə bilər.

Bütün məktəblərdə tədris olunan icbari fənlərə ingilis dili (İngiltərə və Amerika ədəbiyyatı), riyaziyyat (cəbr və həndəsə), xarici dil (əsasən ispan dili), tarix (Amerika və Avropa tarixi) və təbiət elmləri (biologiya, kimya, ekologiya) daxildir.

Amerikanın məktəb sistemində biliyin qiymətləndirilməsi bir qədər demokratik xarakter daşıyır. Burada fənlər üzrə vahid dövlət imtahanları mövcud deyil. Onları aralıq və semestr testləri əvəz edir. İlin sonunda isə yekun imtahan verilir. Təhsilalanların bu və ya digər fəndən aldığı qiymət yalnız testlərin nəticəsi əsasında müəyyənləşdirilmir. Qiymətləndirməyə şagirdin təhsilə münasibəti, məktəb həyatında iştirakı və digər müvafiq meyarlar da təsir göstərir. Yeganə dövlət imtahanı SAT-dır. (Scholastik Aptitude Test - Təhsil Nailiyyətləri Testi). Buraya bacarıqlar üzrə ümumi akademik test, riyaziyyat biliyi və dil bacarıqlarının səviyyəsi daxildir. Bu test kollec və universitetlərə daxil olmaq imkanı yaradır.

Tədris ili semestrlərə bölünür və 170-186 gün davam edir. Dərslər 5-6 saat olmaqla həftənin 5 günü keçilir.

İbtidai məktəb. Əsasən 6 yaşdan etibarən başlayır. Burada təhsil ştatdan asılı olaraq 5-6 il davam edir. Amerikada adətən məktəbə uşaqları 6 yaşında qəbul edirlər. Bütün dərslər (oxu, ədəbiyyat, şifahi nitq, orfoqrafiya, musiqi, təsviri incəsənət, hesab, tarix, təbiətşünaslıq, gigiyena, bədən tərbiyəsi və əmək) bir müəllim tərəfindən aparılır.

İbtidai məktəblərdə şagirdləri adətən testlərin nəticələrinə uyğun qruplara bölürlər. Bu testlər xüsusi hazırlıq tələb etmir, istedadlı uşaqları üzə çıxarır və riyazi dəqiqliklə intellekt əmsalını - IQ (intelligence quotient) müəyyənləşdirməyə imkan verir. IQ (ay kyu) testləri insanın intellekt səviyyəsinin qiymətləndirilməsidir. ABŞ-da orta intellekt əmsalı 100-dür. Ölkə məktəblərinin məzunlarının orta IQ-su 115, əlaçıların 135-140 təşkil edir. 70-dən aşağı IQ əqli gerilik hesab olunur.

IQ müəyyən edildikdən sonra A, B və C (istedadlı, normal və qabiliyyətsizlər) qrupları yaradılır və təhsil diferensiallaşdırılır. Təhsildə geri qalan uşaqlarla ciddi iş aparılır. İstedadlılar isə adətən kollec və universitetlərə hazırlaşırlar.

Əsas məktəb (secondary school). Təhsilin bu pilləsi 3 illikdir (VII-IX siniflər). Burada tədris olunan əsas fənlər aşağıdakılardır: ingilis dili, riyaziyyat, təbiətşünaslıq, bədən tərbiyəsi, gigiyena, musiqi, təsviri incəsənət, əmək və ya evdarlıq. Səkkizinci sinifdən etibarən şagirdlər maraq göstərdikləri fənləri seçmək hüququna malikdirlər.

Orta məktəb (high school). Təhsil müddəti 3 ildir (X-XII siniflər). Əsas fənlərə riyaziyyat (2 il), ingilis dili (4 il), təbiət elmləri (2 il) və sosial elmlər (3 il) daxildir.

Orta məktəbdə qiymətləndirmə sistemi ingilis əlifbasının A, B, C, D, F hərfləri ilə aparılır. Orta qiymətin müəyyən edilməsi üçün hərflərə uyğun ballardan  (A=4, B=3, C=2, D=1 və F= 0) istifadə olunur.

C-dən yuxarı qiymətlər yaxşı qiymətlər hesab edilir. Təhsilin davam etdirilməsi üçün tədrisin sonunda B və ya A qiymətləri alınmalıdır. D - biliyin orta səviyyədən aşağı olduğunu, F isə qeyri-qənaətbəxş nəticə və ya tədris materialının tamamilə öyrənilməməsi deməkdir.

Orta məktəbin bitirilməsi haqqında diplom almaq üçün son 4 il ərzində 16 akademik kurs üzrə zaçot almaq kifayətdir. Akademik kurs adətən 90-180 məşğələdən ibarət olur. Adətən hər yarımilə 5-6 kurs düşür. Son 4 ildə şagirdlərə 5 əsas fənnin - ingilis dili (4 il), riyaziyyat (3 il), təbiət elmləri (3 il), sosial elmlər (3 il), kompüter (5 ay) öyrənilməsi məsləhət görülür. Universitet və dördillik kolleclərdə təhsilini davam etdirmək istəyənlər üçün xarici dil kursunu (2 il) keçmək də tələb olunur.

Əsas fənlər 20-30 ixtisaslaşmış kurslara bölünür. Məsələn, ingilis dilinə Amerika ədəbiyyatı və ədəbi yaradıcılıq daxil edilir. Məqbul qiymət almaq üçün müasir yazıçıların yaradıcılığı və ya jurnalistika sahəsindən də imtahan vermək mümkündür.

Təhsil Nailiyyətlərinin Milli Qiymətləndirilməsi (National Assessment of Educational Progress - NAEP) təşkilatının verdiyi məlumata əsasən, 2010-2011-ci tədris ilində təxminən 49,4 milyon şagird dövlət ibtidai və orta məktəblərində təhsil alır. Bundan əlavə, 5,8 milyon şagird özəl məktəblərdə təhsil alır. Bütün bu məktəblərdə təxminən 3,8 milyon müəllim çalışır.

2010-2011-ci tədris ilində isə 19,1 milyon nəfər iki və dördillik kolleclərə və universitetlərə daxil olub. Bu rəqəm 2000-ci illə müqayisədə 3,8 milyon nəfər çoxdur.

2010-2011-ci tədris ilində orta təhsilə təxminən 340 milyard dollar məbləğində vəsait ayrılıb. Ölkə üzrə hər şagirdə orta hesabla 10 min 792 dollar düşür. Müqayisə üçün qeyd edək ki, 2007-2008-ci tədris ilində bu məbləğ 10 min 297 dollar təşkil edib.  


Fransada ümumi təhsil 

Böyütmək üçün şəkili seçinFransada müasir təhsil sisteminin əsası 1880-1890-cı illərdə qoyulub və 6 yaşından 16 yaşınadək uşaqlar üçün icbari xarakter daşıyır.

Orta təhsil. Fransada qəbul edilmiş orta təhsil sistemi özlüyündə üç qrupa bölünür:

* ibtidai məktəb (5 illik təhsil);

* kollec (4 il);

* lisey (3 il).

Adətən bu təhsil müəssisələri bir-birindən ayrı yerləşirlər. İbtidai məktəb və  kollec məcburi xarakter daşıyır.

İbtidai məktəb 6 yaşdan 11 yaşadək (əgər uşağın təhsillə bağlı problemi yoxdursa) davam edir və aşağıdakı pillələrə bölünür:

* hazırlıq kursu (CP);

* ibtidai kurs 1-ci il (CE1);

* ibtidai kurs 2-ci il (CE2);

* orta kurs 1-ci il (CM1);

* orta kurs 2-ci il  (CM2).

İbtidai məktəbdə dərslər (saat 9-dan 12-dək və saat 14-dən 17-dək) həftədə dörd gün (27 saat) davam  edir. Çərşənbə günü, şənbə günü nahardan sonra və bazar günü uşaqlar istirahət edirlər. Bu günlər ərzində uşaqlar maraqlarına uyğun olaraq müxtəlif idman və bədii dərnəklərdə məşğul ola bilərlər.

Fransada ibtidai məktəbdə oxuyan şagirdlərə evə tapşırıq verilmir. İbtidai təhsil dövründə sinifdə bütün fənləri bir müəllim tədris edir.

İbtidai təhsil almış bütün şagirdlər kolleclərdə oxuya bilərlər. Kollecdə təhsil, hər biri 2 il olmaqla iki dövrə bölünür:

* müşahidə dövrü;

* istiqamətləndirici dövr.

Müşahidə dövrünə VI və V siniflər daxildir. (Fransada siniflərin sıralanması əks istiqamətdə aparılır - VI, V, IV, III). Bu dövrdə tədris prosesi orta təhsilin baza elementlərini təqdim etməklə ibtidai təhsili tamamlayır. Bütün uşaqlar kollecə daxil olur, bərabər tədris proqramı üzrə dərs keçir və mütləq şəkildə müəyyən olunmuş xarici dillərdən birini öyrənirlər.

İstiqamətləndirici dövrə ümumi təhsilin IV və III sinifləri, eləcə də texniki təmayüllü kolleclərin IV və III sinifləri daxildir. Bu mərhələdə uşaqlar ikinci xarici dili öyrənməyə başlayır və əlavə olaraq latın, yunan və ya digər dilləri seçə bilirlər. III sinfin sonunda şagirdlər imtahan verir və kolleci bitirmələri haqda şəhadətnamə alırlar.

Bir sıra kolleclərdə xüsusi dərs rejimi mövcuddur. Kollecdə təhsil aldıqları müddət ərzində idman və ya incəsənətin bir növü ilə intensiv şəkildə məşğul olmaq istəyən şagirdlər üçün uyğunlaşdırılmış dərs cədvəli üzrə siniflər təşkil edilir (təmayüllü kolleclər kimi). Xarici dilin dərindən öyrənildiyi, bir neçə fənnin xarici dildə tədris edildiyi beynəlxalq kolleclər və ya Avropa kollecləri də fəaliyyət göstərir.

Kollecin III sinfindən sonra şagirdlər təhsillərini ya peşə (2 illik), ya da ümumtəhsil liseylərində (3 illik) davam etdirə bilərlər.

Ümumtəhsil liseyi 3 il ərzində bakalavriat diplomu almaq üçün buraxılış imtahanına hazırlayır. Liseydəki siniflər "ikinci», "birinci" sinif və "terminal" adlanır. Birinci sinif bakalavriat dərəcəsinin müxtəlif növlərinə aparan çoxlu sayda istiqamətlərə - filyerlərə malikdir. Birinci sinifdən sonra şagirdlər fransız dilindən verdikləri sınaq imtahanında əldə etdikləri qiymətlər bakalavriat dərəcəsi imtahanında nəzərə alınır. "Terminal", yaxud liseyin sonuncu sinfi bakalavriat imtahanının verilməsi ilə başa çatır.

Fransızların qısaca "Bak" adlandırdıqları orta təhsil haqqında bu diplom böyük əhəmiyyətə malikdir (Azərbaycanda verilən ali təhsilin bakalavr diplomundan fərqlənir). Bu diplom məzunlara imtahansız universitetə qəbul olmaq imkanı verir. 

Səhifəni hazırladı: Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov