Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami
adına Ədəbiyyat İnstitutunda "Ədəbi proses-2013:
yekunlar və vəzifələr" mövzusunda yaradıcılıq müşavirəsi
keçirilmişdir.
AMEA-nın vitse-prezidenti, institutun direktoru,
akademik İsa Həbibbəyli tədbiri giriş sözü ilə açaraq
1976-cı ildən 1984-cü ilədək institutda ardıcıl olaraq
ilin ədəbi proseslərinə həsr olunmuş yaradıcılıq
müşavirələrinin keçirildiyini diqqətə çatdırmışdır.
Həmin müşavirələrin yekunlarına həsr olunmuş 6 kitabın
çap olunduğunu bildirən akademik onların müasir
dövrümüzdə ədəbiyyatşünaslar üçün dəyərli mənbə olduğunu
vurğulamış, yaradıcılıq müşavirələrinin Azərbaycan
Yazıçılar Birliyi (AYB) ilə birgə keçirilməsinin
əhəmiyyətindən söz açmışdır.
Akademik İsa Həbibbəyli rəhbərlik etdiyi elmi-tədqiqat
müəssisəsində 30 ildən sonra ədəbi proses üzrə
yaradıcılıq müşavirələrinin keçirilməsinin qərara
alındığını nəzərə çatdıraraq bildirmişdir ki, bu
müşavirələr ölkəmizdə gedən vahid ədəbiyyat prosesinin
uzun bir dövr ərzindəki inkişaf istiqamətlərinin
yekunlarını özündə ümumiləşdirəcək. İnstitut rəhbəri bu
müşavirələrin öz işini əvvəlkilərdən fərqli formatda və
məzmunda davam etdirəcəyini nəzərə çatdırmışdır. Qeyd
edilmişdir ki, bu gün müstəqil Azərbaycan dövləti ilə
xalqın milli mənəvi maraqları bir-birini tamamladığı
üçün ədəbiyyatımız da müstəqil dövlətin tələblərinə
cavab verməlidir.
Müşavirədə institutda "Ədəbi proses-2013: yekunlar və
vəzifələr" mövzusunda yaradıcılıq müşavirəsinin
keçirilməsi istiqamətində aparılmış elmi-təşkilatı
işlərdən də danışılmış, ədəbi tənqid şöbəsinin
yaradıldığı və bu sahədə mühüm addımların atıldığı
diqqətə çatdırılmışdır.
Müşavirəyə təqdim olunmuş məruzələrin kitab şəklində
nəşr ediləcəyi bildirilmişdir.
AYB-nin katibi, yazıçı-publisist Rəşad Məcid tədbirdə
çıxış edərək 30 ildən sonra yaradıcılıq müşavirəsinin
təşkil edilməsinin əhəmiyyətindən danışmışdır. O,
tədbirin AYB ilə birgə keçirilməsini yüksək
qiymətləndirmiş, iştirakçıları ölkəmizdə baş verən ədəbi
proseslərdə daha fəal olmağa çağırmışdır.
Məruzələrdə ötən il Azərbaycan ədəbiyyatının nəsr,
poeziya, həmçinin dramaturgiya janrları sahələrində baş
vermiş ədəbi yeniliklərdən, gənc müəlliflər və elm
adamlarının diqqətini cəlb edən əsərlərdən bəhs edilmiş,
geniş müzakirələr aparılmışdır.
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun mətbuat xidməti |