Bakı
Slavyan Universitetində (BSU) "Səfir saatı" klubunun
növbəti qonağı Niderland Krallığının ölkəmizdəki səfiri
Robert Jan Qabrielse olmuşdur.
BSU-nun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,
universitetin rəhbərliyinin, müəllim və tələbələrinin
iştirak etdikləri görüşü giriş sözü ilə açan BSU-nun
rektoru, professor Asif Hacıyev qeyd etmişdir ki,
səfirin universitetə ikinci dəfə gəlməsinə baxmayaraq, "Səfir
saat"ı klubunda ilk dəfədir ki qonaqdır.
Səfir Robert Jan Qabrielse BSU-da xarici qonaqlarla
görüşlərin artıq ənənəyə çevrildiyini və bu qonaqlar
sırasına qoşulduğunun onun üçün sevindirici hal olduğunu
nəzərə çatdırmışdır. Universitetdə hər il keçirilən "Bir
günlük xəlifə" layihəsi haqqında məlumatı olduğunu
bildirən səfir bu layihənin onda böyük maraq oyatdığını
vurğulamışdır. Ölkələrarası əməkdaşlıqdan söz açan qonaq
Niderland Krallığı ilə Azərbaycan arasında iqtisadi,
siyasi, mədəni əlaqələrdən danışmış və bu əlaqələrin
gələcəkdə daha da inkişaf etdiriləcəyinə əminliyini
ifadə etmişdir. O, eyni zamanda Niderland Krallığındakı
ali təhsil ocaqları ilə BSU arasında yeni əlaqələrin
qurulması üçün əlindən gələni etməyə hazır olduğunu
söyləmişdir. Diplomat səfirliyin Bakıda artıq 5 ildir ki,
fəaliyyət göstərdiyini və ölkəsini təmsil edən üçüncü
səfir olduğunu nəzərə çatdırmışdır. Xalqımızın çox
zəngin mədəniyyətə malik olduğunu, Bakının son illər çox
sürətlə inkişaf etdiyini qeyd edən səfir Azərbaycanın
bir sıra bölgələrinə səfər etdiyini və Vətənimizə heyran
olduğunu bildirmişdir.
Görüşdə qonaq Niderland Krallığında olmuş BSU-nun
professor və tələbələrinin təəssüratlarını maraqla
dinləmiş, sualları cavablandırmışdır.
Sonda səfir BSU-nun "Fəxri Qonaqlar Kitabı"na ürək
sözlərini yazmışdır. |