Sumqayıt
Dövlət Universitetində 31 mart Azərbaycanlıların
Soyqırımı Günü ilə əlaqədar konfrans keçirildi.
Soyqırımı qurbanlarının xatirəsinin anıldığı konfransı
universitetin rektoru Elxan Hüseynov giriş sözü ilə
açaraq XX yüzillik boyu erməni cəlladları tərəfindən
xalqımıza qarşı dəfələrlə törədilən qanlı qırğınların
bütün dəhşətləri ilə insan zəkasına sığmayan və dilə
gətirilməsi mümkün olmayan bir faciə və xalqımıza qarşı
əsl genosid siyasət olduğunu bildirdi. Bu siyasətin
məqsədi azərbaycanlıları qədim torpaqlarından
sıxışdırıb çıxartmaq, həmin ərazilərdə erməni
tarixçilərinin və ideoloqlarının uydurduğu "Böyük
Ermənistan" dövləti yaratmaq idi.
Qeyd olundu ki, xalqımız çoxəsrlik tarixində müdhiş
bəlalarla üzləşmişdir. XX əsrin müxtəlif dönəmlərində
bədnam qonşularımız və onların havadarları tərəfindən
xalqımıza qarşı kütləvi soyqırımı aktları həyata
keçirilmiş, əzəli torpaqlarımızın xeyli hissəsini
itirmişik. Tarixə nəzər salanda həqiqətlər bir daha göz
önünə gəlir. Bu hadisələrin başlanğıcı təxminən iki yüz
il bundan əvvələ - 1813-cü və 1928-ci illərdə çar
Rusiyası ilə İran arasında bağlanmış Gülüstan və
Türkmənçay müqavilələrinin imzalandığı dövrə təsadüf
edir. "Qədim Azərbaycanın həmin dövrdə 340 min kvadrat
kilometrə qədər ərazisi İran və Rusiyanın nəzarətinə
keçərək bu iki dövlətin arasında bölüşdürüldü. 1828-ci
il martın 21-də Rusiya çarı tərəfindən bu ölkə ilə İran
arasında sülh bağlanmasına dair manifestə əsasən, işğal
olunmuş İrəvan və Naxçıvan xanlıqlarının torpaqları
Ermənistan ərazilərinin bir hissəsi hesab olunmuşdu.
Qondarma Ermənistan dövləti Azərbaycanın tarixi
torpaqlarında yaradıldı, ermənilər məhz Türkmənçay sülh
müqaviləsi əldə olunduqdan sonra bir xalq kimi
formalaşmağa başladı.
Konfransda vurğulandı ki, XIX əsrin əvvəllərindən
başlayaraq Qarabağa erməni əhalisinin yerləşdirilməsi,
demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, azərbaycanlı
əhalini qorxutmaq və qovmaq məqsədi güdən kütləvi
qırğınlar, 1920-ci illərdə Zəngəzurun Ermənistana
verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə
azərbaycanlının indi Ermənistan adlanan əzəli
torpaqlarından köçürülməsi xalqımıza qarşı erməni
təcavüzünün qanlı səhifələridir. Ötən əsrin əvvəllərində
yürüdülən bu mənfur siyasət nəticəsində azərbaycanlılar
öz qədim torpaqları olan İrəvan, Göyçə və Zəngəzuru
itirmişlər. XX əsrin sonlarında isə erməni işğalçıları
Dağlıq Qarabağı və ətraf yeddi rayonu zəbt etmişlər.
Bütün beynəlxalq hüquq normalarını pozan Ermənistan
Dağlıq Qarabağı özünə birləşdirmək üçün bütün cinayət və
vəhşiliyə hazır olduğunu bir daha nümayiş etdirdi.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin bəyan etdiyi
kimi, "bu mənfur siyasətin məqsədi azərbaycanlıları
tarixi torpaqlarından qovmaq, bu ərazilərdə -böyük
Ermənistan dövləti yaratmaq idi. Müəyyən tarixi
dövrlərdə bəzi aparıcı dünya dövlətlərinin planlarına
uyğun gələn bu siyasəti reallaşdırmaq üçün müntəzəm
surətdə ideoloji, hərbi və təşkilati xarakterli iş
aparılmış, ən müxtəlif üsul və vasitələrdən istifadə
edilmişdir".
Diqqətə çatdırıldı ki, erməni millətçilərinin və onların
havadarlarının son iki əsrdə azərbaycanlılara qarşı
məqsədyönlü şəkildə həyata keçirdiyi soyqırımı XX əsrdə
xüsusən genişlənmişdir. Bu əsrdə ermənilər Azərbaycan
xalqına qarşı üç dəfə soyqırımı aktı həyata keçirmişlər.
Onlardan ən dəhşətlisi 1918-ci il 31 mart soyqrımı idi.
Həmin illərdə ermənilər tərəfindən milli qırğınlar
Şamaxıda, Qubada, Muğanda, Göyçayda, Zəngəzur qəzasında,
Qarabağda, İrəvan quberniyasında və ölkənin digər
ərazilərində törədilmişdir.
Ermənistanın son iyirmi beş ildə ölkəmizə qarşı
yürütdüyü növbəti işğalçılıq siyasəti nəticəsində
Azərbaycan torpaqlarının 20 faizi zəbt edilmiş, 20
mindən çox soydaşımız həlak olmuş, 50 mindən artıq adam
yaralanmış, əlil və şikəst olmuş, bir milyondan artıq
azərbaycanlı qaçqına və məcburi köçkünə çevrilmiş, ölkə
iqtisadiyyatına on milyardlarla manatlıq maddi ziyan
vurulmuşdur. Tarixi abidələrlə zəngin, Azərbaycan
tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim
mədəniyyətə, strateji əhəmiyyətə malik olan Xocalı
erməni vəhşiliyinin növbəti qurbanı oldu.
Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən -
"Xocalıya ədalət" kampaniyası çərçivəsində dünyanın
100-dən çox ölkəsində tədbirlər təşkil olunur.
Azərbaycan rəhbərliyi, hökuməti və ictimai qurumlar
tərəfindən bu istiqamətdə görülən işlər öz səmərəsini
verməkdədir.
Rektor bildirdi ki, 1918-ci ilin martında ermənilər
tərəfindən Zəngəzurda 109 kənd, Qarabağda 117 kənd,
Şamaxı qəzasında 53 kənd, Quba qəzasında 162 kənd
dağıdılmışdır. 1918-ci ilin martında bir sıra Bakı
kəndlərinin-Məhəmmədi, Əhmədli, Balaxanı, Binəqədi,
Bibiheybət, Hökməli, Zabrat, Sabunçu, Xırdalan və s.
sakinləri erməni silahlı dəstələrinin vəhşiliklərinin
qurbanı olmuşlar.
Ümumi hesablamalara görə təkcə Bakıda 12 mindən artıq
insan vəhşicəsinə öldürülmüşdür.
Qeyd edildi ki, ulu öndər Heydər Əliyevin
"Azərbaycanlıların soyqırımı günü" 1998-ci il 26 mart
tarixli fərmanında bu hadisələrə siyasi qiymət
verilmişdir. Artıq 15 ildir ki, martın 31-i
Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.
Konfransda "Ümumi tarix" kafedrasının müdiri, professor
Şirxan Səlimov "Ermənilərin tarixən azərbaycanlılara
qarşı törətdiyi soyqırımının qısa xronologiyası" Tədris
hissəsinin əməkdaşı, şair-dramaturq Əvəz Mahmud Lələdağ
"Mart soyqırımını əks etdirən tarixi faktlar",
Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent
Yusif Aslanov "Erməni-azərbaycanlı münasibətlərinin
bədii ədəbiyyatımızda əksi" mövzuları ilə çıxış
etdilər.
SDU-nun Mətbuat xidməti |