Aprelin
1-də ümummilli lider Heydər Əliyevin anadan olmasının
91-ci ildönümünə həsr olunmuş şahmat festivalının açılış
mərasimi keçirilib.
Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş festivala
paytaxt rayonlarını, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan,
Şəki, Lənkəran, eləcə də digər şəhər və rayonları təmsil
edən məktəblilərdən ibarət komandalar qatılıb. 5 gün
davam edəcək yarışda iştirak üçün 66 şəhər və rayondan
396 nəfər məktəbli qeydiyyatdan keçib. Onlardan 198
nəfəri qızdır.
Yarış İsveçrə sistemi üzrə keçirilir. Hər bir
komandanın tərkibi 7-14 yaş arası 3 oğlan və 3 qız
olmaqla 6 nəfərdən ibarətdir.
Açılış mərasimində çıxış edən təhsil nazirinin müavini
Ceyhun Bayramov Təhsil Nazirliyi tərəfindən hər il
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
anadan olmasının ildönümünə həsr olunmuş bir çox
tədbirlərin, o cümlədən ənənəvi olaraq, məktəblilər
arasında respublika şahmat yarışının keçirildiyini
bildirib.
Ölkə Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş
"2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf
etdirilməsi Dövlət Proqramı" ölkəmizdə bu qədim idman
növünün kütləviliyinin təmin olunması, şahmat
müəssisələri şəbəkəsinin genişləndirilməsi və onların
maddi-texniki bazasının gücləndirilməsi, bu sahədə
yüksək peşəkarlıq səviyyəsinə malik mütəxəssis
korpusunun formalaşdırılması, beynəlxalq aləmdə
Azərbaycanın şahmat ölkəsi kimi nüfuzunun artırılması
baxımından böyük imkanlar açıb.
Məlumat üçün qeyd edək ki, hazırda Təhsil Nazirliyinin
tabeliyində fəaliyyət göstərən 66 uşaq-gənclər şahmat
məktəbində on minlərlə məktəbli bu intellektual oyunun
sirlərini öyrənir.
2013-cü ildə uşaq-gənclər şahmat məktəblərinin
yetirmələri respublika yarışlarında 41, Avropa, dünya və
beynəlxalq səviyyəli rəsmi yarışlarda 11 qızıl, 7 gümüş,
5 bürünc olmaqla, ümumilikdə, 23 medal qazanıblar. Ölkə
üzrə 22 nəfər beynəlxalq qrossmeysterdən 15-i, 14 nəfər
beynəlxalq dərəcəli idman ustasından 7-si, beynəlxalq
reytinqə malik və dünya reytinq cədvəlinə daxil olan 100
azərbaycanlı şahmatçıdan 79-u bilavasitə təhsil
sistemində fəaliyyət göstərən şahmat məktəblərinin
yetirmələridir. Hər il ayrı-ayrı yaş qrupları üzrə
keçirilən respublika birinciliklərində mükafata layiq
yerlərin, Avropa və dünya miqyaslı yarışlara vəsiqələrin
80 faizdən çoxunu məhz Təhsil Nazirliyinin tabeliyində
fəaliyyət göstərən şahmat məktəblərinin yetirmələri
qazanırlar.
Şagirdlərin əqli inkişafında və intellektual
səviyyəsinin yüksəlməsində əhəmiyyətli rolu nəzərə
alınaraq, 2012-ci ildən etibarən pilot layihə kimi hər
rayon və şəhərdən seçilmiş bir ümumtəhsil məktəbinin
2-ci siniflərində şahmat dərslərinin tədrisinə
başlanılıb. Hazırda 500-dən çox ümumtəhsil məktəbinin
2-ci, 3-cü və 4-cü siniflərində şahmat fənni tədris
olunur. |