Aprelin
1-də "ADA" Universitetində "Kitabxana-informasiya
sahəsində əldə edilmiş nəzəri və təcrübi nailiyyətlərin
tətbiqi" mövzusunda Birinci Beynəlxalq elmi konfrans öz
işinə başlamışdır.
AzərTAc xəbər verir ki, bu ali məktəbin Mədəniyyət və
Turizm Nazirliyi ilə birgə təşkil etdiyi konfransı açan
"ADA" Universitetinin rektoru Hafiz Paşayev artıq 8
ildir fəaliyyət göstərən təhsil müəssisəsinin
yaradılmasına elə kitabxanadan başlandığını diqqətə
çatdırmışdır. Bildirmişdir ki, niyyətimizin birinci
mərhələsi həyata keçmişdir. Hazırda kitabxana kampusun
mərkəzindədir və burada dünya təcrübəsinin ən yaxşı
nailiyyətləri tətbiq olunmuşdur.
Hər bir elm və təhsil ocağının əsas hissəsinin kitabxana
olduğunu deyən rektor Hafiz Paşayev müasir dövrdə
kitabxananın rolu və iş üslubunun çox dəyişdiyini
diqqətə çatdırmışdır. Rektor konfransın keçirilməsi
təşəbbüsünü dəstəkləyən Mədəniyyət və Turizm
Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirmişdir.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev konfransın keçirilməsini ölkəmizdə
kitabxana-informasiya şəbəkəsinin inkişafına yönələn
mühüm təşəbbüs kimi yüksək qiymətləndirmişdir.
Nazir qeyd etmişdir ki, kitabxana şəbəkəsi təkcə
paytaxtda deyil, Azərbaycanın hər rayonunda və kəndində
mövcuddur. Dövlətin məqsədi ölkə üzrə bütün sahələrin
inkişafının kitabxana şəbəkəsi vasitəsilə yerlərə
çatdırılması və bu şəbəkənin insanların tələbatına cavab
verən bir formatda fəaliyyət göstərməsidir. Hazırda
Azərbaycanda fəaliyyət göstərən 11 min kitabxanadan
təqribən 4 minə yaxını nazirliyin şəbəkəsinə daxildir.
Vurğulanmışdır ki, Prezident İlham Əliyevin 2008-ci il 6
oktyabr tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan
Respublikasında kitabxana-informasiya sahəsinin
2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"
müvafiq istiqamətdə çox böyük işlərin həyata
keçirilməsinə, kitabxana işini tamamilə yeni səviyyəyə
qaldırmağa imkan yaratmışdır. Hazırda növbəti proqramın
hazırlandığını deyən nazir görülən işlərin nəticəsi
olaraq "kitabxana" anlayışının öz əvvəlki rəflərdə
kitabların saxlanması çərçivəsindən çıxaraq
kitabxana-informasiya mərkəzi məzmunu kəsb etdiyini
diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, respublika üzrə
rayonların yarısından çoxunda artıq
kitabxana-informasiya şəbəkəsi fəaliyyət göstərir.
Azərbaycan Milli Kitabxanasının bu sahə üzrə beynəlxalq
qurumlar arasında öz fəallığı ilə seçildiyini qeyd edən
nazir burada ən müasir standartların tətbiq olunduğunu
bildirmişdir. Müasir dövrdə kitabxananın İnternet
vasitəsilə oxucu auditoriyasının genişləndiyini deyən
natiq ötən il ilk dəfə Azərbaycanda milli İnternet
kitabxana şəbəkəsinin yaradıldığını diqqətə
çatdırmışdır.
"ADA" Universitetinin tədris işləri üzrə prorektoru,
doktor Patrik Kvin hər bir ideyanın mərkəzində
kitabxananın durduğunu, kitabxanasız inkişafın
mümkünsüzlüyünü qeyd etmiş, bu gün müvafiq sahənin yeni
formatda xidmət göstərməsinin əhəmiyyətindən söhbət
açmışdır.
Çıxışlarda beynəlxalq elmi konfransın sessiyalarında
müzakirə ediləcək mövzuların bu istiqamətdə inkişafa və
əməkdaşlığa öz töhfəsini verəcəyinə inam ifadə
olunmuşdur.
Sonra konfrans işini sessiyalarla davam etdirmişdir.
Beş sessiyadan ibarət konfrans müasir kitabxanalarda
informasiya xidməti, kitabxanalarda tədris və tədqiqat
işlərinin düzgün istiqamətləndirilməsi, rəqəmsal elmlər,
kitabxanaların rəqəmsallaşdırılması və digər mövzuları
əhatə edir.
Konfransın birinci günündə "Müasir kitabxanalarda
informasiya xidmətləri", "Kitabxanalarda tədris və
tədqiqat qlobal elmi-tədqiqat cəmiyyətinin bir hissəsi
kimi", "Onlayn informasiyaya ümumçıxış" mövzuları üzrə
sessiyalarında çıxışlar dinlənilmiş və müzakirələr
aparılmışdır.
Beynəlxalq konfransda Böyük Britaniyanın Aberisvits
Universitetinin kitabxana xidmətinin rəhbəri Culiya
Hart, Qazaxıstanın Nazarbayev adına Universiteti
kitabxanasının meneceri Cim Agee, Tbilisi Dövlət
Universitetinin rektoru İrakli Qaribaşvili və
Azərbaycanın ali məktəblərinin və digər kitabxanaların
nümayəndələri iştirak edirlər.
Aprelin 2-də konfrans işini davam etdirib. |