Aprelin
3-də "Bakı-2015" Avropa Oyunlarının Əlaqələndirmə
Komitəsinin üçüncü toplantısı keçirilmişdir.
Avropa Oyunlarını yüksək səviyyədə keçirmək üçün
yaradılan Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva
toplantıda iştirak etmişdir.
"Bakı-2015" Avropa Oyunlarının Əlaqələndirmə Komitəsinin
növbəti toplantısından əvvəl Avropa Oyunları üzrə
Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilə Avropa
Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin görüşü
olmuşdur. Görüşdə ikitərəfli əməkdaşlıq, Bakıda
keçiriləcək Avropa Oyunlarına hazırlıq və digər
məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.
Daha sonra Əlaqələndirmə Komitəsinin üçüncü
toplantısında çıxış edən Mehriban Əliyeva əvvəlcə Patrik
Hikkini yenidən Avropa Olimpiya Komitəsinin prezidenti
seçilməsi münasibətilə təbrik etmiş, bunun beynəlxalq
idman ictimaiyyəti tərəfindən onun fəaliyyətinə verilən
yüksək qiymət olduğunu demişdir. "Bizim Avropa Olimpiya
Komitəsi ilə qarşılıqlı işbirliyimiz möhkəm təməl
üzərində qurulub", - deyən Mehriban Əliyeva ölkəmizin
dəfələrlə beynəlxalq yarışlara ev sahibliyi etdiyini
bildirmiş, bu oyunların keçirilməsində də Avropa
Olimpiya Komitəsinin tövsiyələrinin mühüm əhəmiyyət
daşıdığını vurğulamışdır.
Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva demişdir:
- Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil
edilməsi bizim əsas və ümumi məqsədimizdir. Azərbaycan
bu oyunları Yay Olimpiya Oyunlarının səviyyəsində
keçirmək əzmindədir. Ölkəmizdə mövcud olan və yaradılan
idman infrastrukturu yarışların yüksək səviyyədə
keçirilməsinə imkan verəcəkdir. Su İdmanı Növləri
Sarayının, Milli Gimnastika Arenasının, Bakı Atıcılıq
Mərkəzinin, Bakı Olimpiya Stadionunun və digər
obyektlərin inşaat işlərinin, eyni zamanda, mövcud idman
obyektlərinin əsaslı yenidənqurma işlərinin bugünkü
tempi və səviyyəsi hazırlıq işlərinin vaxtında
bitəcəyindən xəbər verir. Milli Gimnastika Arenası demək
olar ki, artıq hazırdır. Biz bu ilin iyununda orada
bədii gimnastika üzrə Avropa çempionatının keçirilməsini
nəzərdə tuturuq. Bütün idman obyektləri, orada
quraşdırılan qurğular sınaqdan keçirildikdən və
istismara tam hazır olduğu müəyyənləşdirildikdən sonra
istifadəyə veriləcəkdir.
Dövlətimiz bu oyunların hazırlanmasına olduqca diqqət
edir. Xalqımız, xüsusilə də paytaxt sakinləri və
Azərbaycanın idman ictimaiyyəti bu oyunlara hazırlıq
işlərini həvəslə izləyir. İnanıram ki, məhz bu dəstək
bizə faydalı olacaqdır. Biz əlimizdən gələni edəcəyik
ki, 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları bu
sahədə yeni standart olsun.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki
Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın
rəhbərliyi altında oyunlara hazırlıqla bağlı həyata
keçirilən işləri yüksək qiymətləndirmişdir.
Əlaqələndirmə Komitəsinin ötən ilin oktyabrında
keçirilən ikinci iclasından sonra bir çox işlərin
görüldüyünü deyən Patrik Hikki tarixi əhəmiyyəti ilə
diqqət çəkən bu oyunların 2016-cı ildə Braziliyada
keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli
olduğunu da diqqətə çatdırmışdır. Maliyyə və texniki
məsələlərlə bağlı işlərin də yüksək səviyyədə həyata
keçirildiyini deyən Avropa Olimpiya Komitəsinin
prezidenti təşviqat məsələlərinin əhəmiyyətini
vurğulamışdır.
Əlaqələndirmə Komitəsinin sədri, Yunanıstan Olimpiya
Komitəsinin prezidenti Spiros Kapralos qısa müddətdə
oyunlara hazırlıqla bağlı bir çox uğurların əldə
edildiyini bildirmiş və bu münasibətlə təbriklərini
çatdırmışdır.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Avropa
Oyunlarından əvvəl Bakıda bir neçə beynəlxalq yarışların
keçiriləcəyini və bunun sınaq baxımından əhəmiyyətli
olduğunu demişdir. Nazir idman infrastrukturunun
yaradılması və digər məsələlərlə bağlı işlərin uğurla
həll olunduğunu qeyd etmişdir.
Bakı Avropa Oyunlarının Əməliyyatlar Komitəsinin baş
icraçı direktoru Cim Şerr Azərbaycan hökumətinə verdiyi
dəstəyə görə təşəkkür etmiş, indiyə qədər görülən
işlərin ilk Avropa Oyunlarının dünya səviyyəsində
keçirilməsinə imkan verdiyini bildirmişdir.
Bu oyunlarda Rio Olimpiadasına 8 idman növü üzrə
lisenziyaların veriləcəyini deyən Cim Şerrin həmin
fikrini idman üzrə direktor Piyer Okalaqan da
təsdiqləmişdir. O bildirmişdir ki, məhz bu amil Bakı
Avropa Oyunlarının əhəmiyyətini daha da artırır. Ötən
dövrdə idmanın bir sıra növləri üzrə təhlillərin
aparıldığını, yarışların cədvəlinə müəyyən
dəyişikliklərin olunduğunu deyən Piyer Okalaqan bu
işlərdə yerli mütəxəssislərin əməyindən də istifadə
edildiyini demişdir.
İdman xidmətləri və əməliyyatlar üzrə direktor Ceyms
Makleod isə diqqəti atletlər üçün təlim imkanlarının
yaradılmasına, arenaların idman avadanlığı ilə təchiz
olunmasına yönəltmişdir.
Əlaqələndirmə Komitəsinin üçüncü toplantısında Avropa
Oyunları ilə bağlı təşviqat materiallarına dair məsələ
də diqqət mərkəzində olmuşdur.
Sonda xatirə şəkli çəkdirilmişdir.
AzərTAc |