Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Mart 2014 - №11

 

Azərbaycan dili dərslərində fəndaxili inteqrasiyada linqvistik təhlildən istifadə

 

Böyütmək üçün şəkili seçinMüasir  dərsin əsas komponentlərindən biri inteqrativlikdir. İnteraktiv  dərsdə  inteqrativlik iki səciyyə daşıyır:

1) Fəndaxili inteqrasiya

2) Fənlərarası inteqrasiya

Fəndaxili inteqrasiya eyni fənn daxilində yeni mövzunun əvvəl keçilmiş mövzularla əlaqələndirilməsidir. Bu  inteqrasiya həm eyni sinifdə bir dərs ili müddətində keçilən, həm də müxtəlif siniflərdə əvvəlki illərdə öyrənilmiş mövzular üzrə ola bilər. Mövzulararası inteqrasiya şagirdlərə fənnə dair əvvəlki biliklərini təkrarlamaq və yeni öyrənilən biliklə əlaqələndirmək, eyni zamanda, gələcəkdə öyrəniləcək mövzularla əlaqədar yaradıcı təfəkkürü inkişaf etdirmək imkanı verir. Bu baxımdan orta məktəbdə Azərbaycan dili fənninin tədrisində də inteqrativlik dərsin əsas komponentlərindən biri kimi daim diqqət mərkəzində durur. V-XI siniflərdə Azərbaycan dili dərslərini fəndaxili inteqrasiyasız təsəvvür etmək mümkün deyil.

Orta məktəbdə Azərbaycan dili proqramı, məlum olduğu kimi, siniflər üzrə aşağıdakı şəkildə müəyyən olunmuşdur:

* V sinif - fonetika, leksikologiya, söz yaradıcılığı

* VI - VII siniflər - morfologiya

* VIII - IX siniflər - sintaksis

* X sinif - nitq mədəniyyəti

* XI sinif - üslubiyyat

Göründüyü kimi, müxtəlif siniflərdə öyrənilən dil faktlarının bir-biri ilə əlaqələndirilməsi baxımından fəndaxili inteqrasiya mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan dili dərslərində fəndaxili inteqrasiyanı müxtəlif səviyyələrdə və formalarda həyata keçirmək olar. Bu vasitələrdən  biri də linqvistik təhlildir.

Linqvistika dilçilik elmi deməkdir. Dilçilik elminin bütün bölmələri üzrə kompleks şəkildə aparılan təhlil linqvistik təhlil adlanır. Bütün təhlil növlərini özündə birləşdirən linqvistik təhlildən yeni mövzunun əvvəlki mövzularla əlaqəli öyrənilməsi prosesində, mövzular üzrə ümumi biliklərin yoxlanılmasında, eləcə də çalışmalar üzrə iş dərslərində istifadə etmək olar. Bu təhlilin mahiyyətini eyni bir nümunə üzərində müxtəlif dil faktlarının araşdırılması təşkil edir. Belə ki, linqvistik təhlil dilin əsas vahidi olan sözün müxtəlif kateqoriyalar üzrə araşdırılmasını təmin etməklə yanaşı, həm də bu kateqoriyaların bir-biri ilə əlaqəsini aydın şəkildə üzə çıxarır. Məsələn, X sinifdə "Azərbaycan dilinin quruluşu" bölməsinin tədrisi zamanı linqvistik təhlildən istifadəyə aid bir nümunə göstərmək olar. Bölmənin təkrar xarakterli olduğunu nəzərə alaraq, təhlili elə müəyyənləşdirmək lazımdır ki, şagirdlər X sinfə qədər öyrəndikləri bütün biliklərdən prosedural şəkildə istifadə edə, eyni zamanda, müəllim X sinifdə öyrəniləcək "Nitq mədəniyyəti" bölməsinin mahiyyəti ilə əlaqədar müəyyən zəmin hazırlaya bilsinlər.

Lövhədən müxtəlif rəngdə çoxlu çiçəklər olan çəmənliyin təsvir olunduğu bir şəkil asılır (və ya ekranda göstərilir). Sonra sinfə müraciət olunur:

1) Şəkildə  (ekranda) nə  təsvir  olunub?          

2) Çəmənlikdə  nə  görürsünüz?

3) Çiçəklər  hansı  rəngdədir?

4) Ayrı-ayrı  rənglərin  hamısını  birlikdə  necə  adlandırmaq olar?

Şagirdlərdən müvafiq olaraq "çəmənlik", "çiçəklik", "ağ, sarı, qırmızı", "rəngbərəng" cavabları alınır.  Daha sonra şagirdlərə həmin sözlərdən bir cümlə qurmaq tapşırılır və alınan cümlə lövhədə yazılır.

Çəmənlikdə rəngbərəng çiçəklər açılıb.

Bundan  sonra  şagirdlər aşağıdakı suala cavab vermək üçün tədqiqata cəlb olunurlar:

* Eyni söz dilin müxtəlif səviyyələrində hansı kateqoriyalara malik olur?

İş forması kimi sinifdəki şagirdlərin sayından asılı olaraq, kiçik qruplarla və ya cütlüklərlə iş formasından istifadə olunur. Hər qrupa və ya cütlüyə lövhədəki cümlə ilə əlaqədar konkret tapşırıq verilir:

* I qrup - cümləni sintaktik təhlil etmək

* II qrup - cümlədəki sözləri fonetik təhlil etmək

* III qrup - sözləri leksik təhlil etmək

* IV qrup - sözləri morfoloji təhlil etmək

Qruplar tapşırığı icra edirlər və onlara öz işlərini cədvəl üzrə əyaniləşdirmək təklif olunur. Şagirdlər əvvəlcədən iri kağızda tərtib olunmuş cədvəl üzrə işləyirlər. Dairəvi ötürmə üsulundan istifadə edərək qruplar (və ya cütlüklər) hər biri öz tapşırıqlarına uyğun sütunlarda işləyərək cədvəli doldururlar.

Sonra cədvəl lövhədən asılır və şagirdlər müzakirəyə cəlb olunurlar. Müzakirə zamanı kateqoriyaların müqayisəsi diqqət mərkəzində saxlanılır və nəticə olaraq, tədqiqat sualı cavablandırılır.

Şagirdlərin yaradıcı təfəkkürünü inkişaf etdirmək məqsədi ilə onların diqqəti müxtəlif səviyyələrə aid olan eyni kateqoriyaya cəlb olunur və şagirdlər müqayisə yolu ilə belə bir nəticəyə gəlirlər ki, eyni söz müxtəlif dil qatlarında fərqli kateqoriyalara malik olduğu kimi, eyni kateqoriya da müxtəlif səviyyələrdə fərqli şəkildə üzə çıxır. Məsələn, rəngbərəng sözü quruluşuna görə morfoloji cəhətdən mürəkkəb söz olduğu halda, sintaksis baxımından sadə üzvdür. Beləliklə, şagirdlər sadəlik və mürəkkəblik anlayışlarının müxtəlif səviyyələrdə fərqli xüsusiyyətə malik olduğunu əyani şəkildə başa düşürlər.

Bundan sonra gələcək dərslərlə əlaqə baxımından cümlə üzrə iş aparmaq olar. Şagirdlərin diqqəti xəbərin mübtəda ilə uzlaşmasına cəlb olunur və uzlaşmanın pozulması səbəbi aydınlaşdırılır. Şagirdlərdən mübtəda cansız əşya bildirdiyi üçün xəbərin onunla kəmiyyətə görə uzlaşmadığı cavabı alınır və onlara bildirilir ki, bu, qrammatik normadır. Əgər xəbər kəmiyyətcə uzlaşsaydı (çiçəklər açıblar), onda norma pozulmuş olardı. Norma isə nitq mədəniyyətidir və bunun haqqında sonralar (öyrəniləcək) danışılacaq.

Beləliklə, aydın olur ki, keçmiş dərslə gələcəkdə öyrəniləcək dərsin əlaqələndirilməsində  linqvistik  təhlilin böyük əhəmiyyəti vardır və ondan lazımi şəkildə istifadə etmək müəllimlər üçün səmərəli ola bilər. 

Sevda  RÜSTƏMOVA,
Füzuli rayonu, Qayıdış qəsəbəsi,
1 nömrəli tam orta məktəbin  Azərbaycan dili  və ədəbiyyat müəllimi

 
 
 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov