Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Mart 2014 - №11

 

 Layihə əsaslı tədris və "eTwinning Plus" imkanları

 

Böyütmək üçün şəkili seçinLayihə əsaslı öyrənmə müəyyən fənnin tədrisi prosesində şagirdləri  real problemlərin tədqiq və təhlil  edilməsinə alışdıran dinamik yanaşma olaraq  fənnin daha müasir,  interaktiv və əsaslandırılmış  tədrisinə yönəlmişdir. İngilis dilinin tədrisində artıq öz təsdiqini tapmış layihə əsaslı öyrənmə bu dilin sinifdə istifadəsi ilə real həyatda istifadəsi arasında körpü rolunu oynayır: şagirdlər   uyğun situasiyalarda sinifdə öyrəndiklərini real həyatda tətbiq edərək ünsiyyət qurur və dil qabiliyyətlərini inkişaf etdirirlər. 

Layihənin məqsədindən asılı olaraq şagirdlər müəyyən tapşırıqların yerinə yetirilməsi zamanı fərdi, cütlər və ya qruplar şəklində işləməli olurlar.  Şagirdlərin qrup və ya cütlər şəklində işləməsi isə onlarda işin planlaşdırılması, təşkili, problemin həll edilməsi, danışıqlar aparmaq və ya görüləcək işlər haqqında ümumi qərarların verilməsi, məsul tərəflərin, işin uğurlu aparılması üçün fəaliyyət planının müəyyən edilməsi,  görülmüş işlərin hesabatının aparılması  kimi vərdişlər yaradır və beləliklə də şagirdlər ingilis dilinə yiyələnməklə yanaşı təşkilatçılıq, liderlik kimi bacarığa malik olurlar. Layihə işinin əməkdaşlıq çərçivəsində aparılması sayəsində dil bacarıqları ən aşağı səviyyədə olan şagird də ümumi işə öz töhfəsini verməyə çalışır, onda fənnə olan maraq artır və nəticədə şagirdin inkişafında dönüş yaranır. Dərs dediyim siniflərdə şagirdlərlə beynəlxalq və yerli layihələrdə iştirak edərkən onların dil qabiliyyətlərinin fərdi şəkildə hər dörd məzmun xətti üzrə dinamik inkişaf etdiyini müşahidə etmişəm.   Ümumiyyətlə, layihə əsaslı öyrənmə, mənə görə, şagirdyönümlü təlim mühitinin yaradılması üçün əvəzsiz metoddur. Şagirdlərin forumlarda ünsiyyət qurması, müxtəlif  Web 2.0 alətlərindən istifadə edərək təqdimatlar, slaydlar, video və qrafiklər, bloqlar, qloqlar və elektron kitablar  hazırlaması onlarda İKT bacarıqlarını inkişaf etdirməkdə ən böyük yardımçımız  olur. Son 5 ildə iştirak etdiyimiz AzETA, İEARN, İREX təşkilatlarının inkişafyönümlü təhsil layihələri,  "Orqanik bağ", "Gələcək üçün meşələr", "350.org" və s. kimi ekologiya ilə bağlı  layihələrdə, "Global Power Shift" beynəlxalq İstanbul sammiti, "İNEPO" ətraf mühitin mühafizəsi üzrə VII Beynəlxalq Layihə Olimpiadası şagirdlərin ingilis dili və İKT bacarıqlarını inkişaf etdirməklə yanaşı onlarda təbiətə sevgi, təbiəti mühafizə etmək,  kimyasız qida, təmiz hava  və sağlam həyat əldə etmək və eyni zamanda təhlükəsi  gözlənilən ərzaq çatışmazlığı ilə qarşılaşmamaq üçün  təkrar istifadə sistemini öyrənmə, təbii sərvətlərə qayğı ilə yanaşmaq kimi keyfiyyətlər formalaşdırmaqda böyük rolu olmuşdur.

2013-2014-cü tədris ilinə isə məktəbimiz yeni əməkdaşlıqla qədəm qoydu. Avropa təhsil sisteminin üstünlüklərindən faydalanmaq və Avropa məktəbləri ilə əməkdaşlıq etmək üçün Avropanın fasiləsiz təhsil proqramının bir hissəsi olan "eTwinning Plus"  layihəsinə qoşuldu. "eTwinning" Avropa məktəblərinin onlayn xidmətlər və informasiya-kommunikasiya texnologiyalarından istifadə edərək əməkdaşlıq etmələrinə geniş imkanlar yaradan təhsil şəbəkəsidir. O, 2005-ci ilin yanvar ayında  Avropa Komissiyasının elektron təhsil proqramı əsasında  yaradılıb və Avropa İttifaqının fasiləsiz təhsil proqramını əks etdirən bir layihədir.  Avropanın  95 mindən artıq məktəbini 25 mindən artıq təhsil layihəsində birləşdirərək "eTwinning" təhsil və İKT sahəsində böyük uğurlara və geniş əməkdaşlıqlara yol açmışdır. Şəbəkə əhatə dairəsini genişləndirərək 2013-cü ildə daha 6 ölkəni öz üzvlüyünə qəbul etdi və onları  "eTwinning Plus"  layihəsi altında birləşdirdi. "eTwinning Plus" layihəsinin əsas məqsədi xüsusi platforma vasitəsilə 33 Avropa ölkəsindən olan məktəbləri Azərbaycan və digər 5 ölkə məktəbləri ilə birləşdirmək və müştərək layihələr icra etməkdir. Bu, təhsil qurumları ilə  ünsiyyət, əməkdaşlıq, daha müasir layihə əsaslı təhsil və Avropanın ən mükəmməl pedaqoji ictimaiyyətinə inteqrasiya imkanları yaradan  "eTwinning" proqramının genişləndirilmiş formasıdır. Azərbaycanda bu layihəni Təhsil Nazirliyinin  əməkdaşlığı ilə "Mədəd-Azərbaycan" təşkilatı həyata keçirir. Bu təşkilatın vasitəçiliyi ilə 2013-2014-cü tədris ilində Azərbaycanın infrastruktur şəraiti imkan verən 20 "elektron məktəb"inin müəllimləri  bu layihələrə cəlb edilmişdir. Bu məktəblər sırasında İsmayıllı şəhər  1 nömrəli orta məktəbin yeganə region məktəbi olması isə təbii ki, biz müəllimlərin üzərinə böyük məsuliyyət qoyur. Portalda rəsmi qeydiyyatdan keçdikdən sonra müəllimlər asanlıqla şagirdlərini üzv olaraq qəbul edib onların yaş qrupuna, maraq dairəsinə və əhatə kateqoriyasına uyğun seçdikləri layihədə təlimata uyğun tədbrilər həyata keçirir, layihə iştirakçısı olan ölkələrin məktəbləri ilə təcrübə və fikir mübadiləsi edə bilərlər. Ən uğurlu layihələr seçilib mükafatlandırılacaq, eyni zamanda, ən fəal və həvəsli müəllimlər "eTwinning" iştirakçıları üçün keçiriləcək müxtəlif beynəlxalq tədbirlərdə iştirak etmək şansı əldə edəcəklər. Daha uğurlu fəaliyyət nümayiş etdirmələrinə dəstək olmaq üçün "Mədəd-Azərbaycan" təşkilatı müəllimlər üçün onlayn treninq sessiyalar, vebinar və təlimlər həyata keçirir, müəllimlərin beynəlxalq təlimlərdə iştirakına imkanlar yaradır.  Belə təlimlərdən biri də 26-29 sentyabr tarixlərində Polşa Respublikasının Krakov şəhərində keçirilən "eTwinning Plus Contact Seminar" - əlaqələndirici seminar oldu. Mən də  "eTwinning Plus" layihəsinin yeni iştirakçısı kimi Azərbaycandan olan nümayəndələrlə birlikdə bu seminarda iştirak etmək imkanı əldə etdim. Seminarın keçirilməsində məqsəd layihədə iştirak edəcək müəllimlərin bir-biri ilə tanışlığı və əməkdaşlığı, İKT-nin təhsildə tətbiq edilməsində yeniliklərlə tanışlıq, layihə zamanı istifadə ediləcək TwinSpace, işçi masası və digər "eTwinning Plus" alətlərindən uğurlu istifadəni təmin edən təlimlərin keçirilməsi, yeni layihələrin işlənib təqdim edilməsi və yeni tərəfdaşların qazanılmasına  yardım etmək idi. Seminarı  "eTwinning Plus" layihəsinin perspektivli inkişafına zəmanət verən uğurlu bir addım hesab etmək olar. Çünki əməkdaşlıq etdiyimiz iştirakçılarla canlı ünsiyyət, uğur qazanmış və qalib gəlmiş layihə iştirakçıları ilə söhbət, fikir mübadiləsi aparmaq həqiqətən bizdə böyük motivasiya yaratdı. Artıq məktəbimizin 20-dən artıq müəllimi müxtəlif kateqoriyalar üzrə  "eTwinning Plus" layihələrində şagirdləri ilə birgə iştirak edir. Öyrəndiklərimizi paylaşaraq və layihələrdə tətbiq edərək layihə əsaslı tədrisin nəticələri ilə  təlim proqramları əsasında şagirddə əldə etdiyimiz bilik, bacarıq və nailiyyətlər arasında uğurlu bir körpü yarada bilirik və bu nəticələrə söykənərək layihə əsaslı öyrənmənin ingilis dili fənni üzrə tədris planına daxil edilməsini təklif edərdik.    

Ruhiyyə MAHMUDOVA,
İ.Həsənov adına İsmayıllı şəhər
1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov