Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Xarkov
şəhərinə səfər edərək Xarkovun ali təhsil
müəssisələrində təhsil alan azərbaycanlı tələbələrlə
görüşmüşdür.
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin mətbuat
xidmətindən AzərTAc-a bildirmişlər ki, səfirin Xarkov
Milli Radioelektronika Universitetinin rektoru Vladimir
Maştalir ilə görüşündən sonra universitetin böyük tədbir
salonunda Xarkovun 23 ali təhsil müəssisəsində təhsil
alan 2 mindən artıq tələbənin 300-dək nümayəndəsi ilə
görüş keçirilmişdir.
Görüşdə səfirliyin birinci katibi Sabir Rzayev, Ukrayna
Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov,
universitetin xarici tələbələrlə iş üzrə dekanı,
professor Murad Ömərov da iştirak etmişlər.
Əvvəlcə səfərin məqsədi barədə tələbələrə məlumat verən
səfir öz seçimləri ilə Ukraynada təhsil almağa
gəldiklərinə baxmayaraq Azərbaycan dövlətinin daim
tələbələrimizin qayğısına qaldığını bildirmişdir. O,
ölkəmizdə gedən inkişaf prosesindən, əldə edilən
nailiyyətlərdən ətraflı danışaraq gələcəkdə savadlı
mütəxəssislərə, xüsusən texniki sahədə təhsilli gənclərə
tələbatın artacağını qeyd etmiş, tələbələrimizə
təhsillərinə xüsusi diqqət ayırmalarını tövsiyə
etmişdir.
Sonra tələbələrin üzləşdikləri çətinliklərin öyrənilməsi
məqsədilə söz onlara verilmişdir. Müzakirələr
nəticəsində tələbələrin daha çox üzləşdikləri bir neçə
problem müəyyən edilmiş, onların bəzilərinə aydınlıq
gətirilmiş, digərlərinin isə müxtəlif səviyyələrdə
araşdırılacağı və bu barədə mümkün tədbirlər görüləcəyi
bildirilmişdir.
Səfir Xarkovda təhsil alan tələbələrlə Azərbaycan
diaspor təşkilatları arasında qarşılıqlı təması təşviq
etmək məqsədilə Xarkovda fəaliyyət göstərən "Dostluq"
Cəmiyyətinin sədri Murad Ömərov, Ukrayna
Azərbaycanlıları Konqresinin Xarkov vilayət təşkilatının
sədri Qurban Abbasov və "Aynur" Qadın Cəmiyyətinin sədri
Kifayət Cəfərovanı təqdim edərək onlara söz vermiş,
gələcəkdə daha sıx təmas qurmağı tövsiyə etmişdir.
Bununla yanaşı, Eynulla Mədətli Ukraynada Azərbaycan
dəyərlərinin təbliğ olunması sahəsində səmərəli
fəaliyyətinə görə Qurban Abbasova səfirliyin adından
təşəkkürnamə təqdim etmişdir.
Səfir Eynulla Mədətli səfər çərçivəsində Xarkov Milli
Radioelektronika Universitetinin rektoru Vladimir
Maştalir və Xarkov ali təhsil müəssisələrinin xarici
tələbələrlə iş üzrə prorektorları ilə görüşmüşdür.
Görüşdə Xarkovun təhsil müəssisələri, Azərbaycanda
təhsil sistemi, Xarkovda oxuyan azərbaycanlı tələbələrin
təhsil məsələləri, tələbələrlə keçirilmiş görüşdə
qaldırılmış məsələlər barədə fikir mübadiləsi
aparılmışdır.
Azərbaycanlı tələbələrə göstərilən diqqət və qayğıya
görə prorektorlara təşəkkür edən səfir onları Bakıya
dəvət etmişdir. |