Cəmiyyətin
qarşısında duran əsas vəzifələrdən biri də sağlam
vətəndaş yetişdirməkdir. Bu təkcə səhiyyə işçilərinin
vəzifəsi deyil, bütün sahələrdə çalışan insanların əsas
məqsədlərindən biri olmalıdır. Bu sahədə təhsil
işçilərinin, xüsusilə orta məktəb müəllimlərinin üzərinə
böyük məsuliyyət düşür. Həm təlim prosesində, həm də
dərsdənkənar tədbirlərdə bu istiqamətdə bir çox işlər
görülməlidir.
Bu baxımdan, BSU Məktəb-Lisey Kompleksində də bu məsələ
daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə bir
çox işlər görülür. Vaxtaşırı olaraq müxtəlif xəstəliklər,
onlardan qorunma yolları barədə bir çox üsullarla
şagirdlərə məlumat verilir, onlar arasında
maarifləndirmə işi aparılır. Bu tipli tədbirlər "Auditoriya+"
layihəsi çərçivəsində müxtəlif səhiyyə ocaqları
əməkdaşlarının iştirakı ilə təşkil olunur.
Martın 13-də keçirilən "24 mart - Ümumdünya vərəmlə
mübarizə günü"nə həsr olunmuş kompleks tədbirlər planı
bu baxımdan maraqlıdır.
Tədbir kompleksin kimya-biolgiya metodbirləşməsinin
müəllimləri və Valideyn-Müəllim Assosiasiyasının
rəhbərliyi tərəfindən hazırlanmış, kompleksin IV-XI
sinif şagirdləri müxtəlif formalarda bu işə cəlb
olunmuşdu. Tədbirin keçirilməsində məqsəd şagirdlər
arasında vərəm xəstəliyi ilə bağlı maarifləndirmə işi
aparmaq, xəstəliyin əlamətləri, xəstəlikdən qorunma
yolları, xüsusilə profilaktik tədbirlər barədə geniş
məlumat vermək idi.
Tədbirdə çıxış edən IX sinif şagirdləri, ilk növbədə,
bakteriyalar, onların ayrı-ayrı canlılarda törətdikləri
xəstəliklər, xüsusilə də vərəm xəstəliyi, onun
simptomları, vərəmə yoluxma səbəbləri, məktəb şəraitində
vərəmə yoluxma riskləri, vərəmin diaqnostikası, onun
müxtəlif üsullarla müalicəsi, vərəmə qarşı aparılan
profilaktik tədbirlər, vərəmlə mübarizədə peyvəndlərin
rolu, dövlətin bu istiqamətdə həyata keçirdiyi tədbirlər
planı, vərəmdən əziyyət çəkən tarixi şəxsiyyətlər və s.
haqqında geniş məlumat verdilər. Eyni zamanda vərəmlə
mübarizənin simvolu olan ağ çobanyastığı, bu günün qeyd
olunmasının tarixi barədə maraqlı məlumatlar tədbir
iştirakçılarının diqqətinə çatdırıldı.
"Özümüzü vərəmdən qoruyaq!" adı altında keçirilən rəsm
müsabiqəsində kompleksin əksər şagirdləri iştirak edərək
maraqlı rəsm əsərləri ilə tədbirə daha bir rəng qatdılar.
Tədbirdə müxtəlif təşkilatlardan dəvət olunmuş qonaqlar,
valideynlər də bu günün qeyd olunmasının vacibliyini bir
daha qeyd etdilər. Tədbirdə çıxış edən Bakı şəhər 1
nömrəli vərəm dispanserinin baş həkimi, tibb elmləri
doktoru, professor Yavər Şıxəliyev şagirdlərə bu aktual
məsələyə toxunduqları üçün minnətdarlığını bildirdi. Bu
xəstəliklə mübarizənin necə vacib məsələ olduğu bir daha
vurğulandı. Vərəmin 100% sağalan bir xəstəlik olduğu,
lakin son dövrlərdə vərəm çöplərinin preparatlara daha
da davamlı formalarının yarandığı üçün vərəmlə
mübarizənin gündən-günə çətinləşməsi barədə məlumat
verildi. Bu istiqamətdə atılan ən düzgün addımın
profilaktik tədbirlərin genişləndirilməsi, zərərli
vərdişlərdən uzaq olma, immun sistemin gücləndirilməsi
olduğu qeyd edildi. Bütün məlumatlar şagirdlər
tərəfindən maraqla qarşılandı. Sonda "Özümüzü vərəmdən
qoruyaq!" rəsm müsabiqəsinin qaliblərinə diplomlar və
hədiyyələr, tədbirdə fəal iştirak edənlərə
təşəkkürnamələr verildi, xatirə şəkli çəkdirildi.
Leyla ƏLİYEVA,
BSU Məktəb-Lisey Kompleksinin biologiya müəllimi,
"Ən yaxşı müəllim" müsabiqəsinin qalibi |