Azərbaycan
Yazıçılar Birliyinin "Natəvan" klubunda görkəmli
ictimai xadim, maarifçi və yazıçı-publisist Əli bəy
Hüseynzadənin 150 illik yubileyi qeyd edilib. Yubiley
çərçivəsində ədəbiyyatşünas alim Azər Turanın "Əli bəy
Hüseynzadə" adlı kitabının təqdimatı keçirilib.
Tədbirdə Azər Turanın yenicə işıq üzü görən "Əli bəy
Hüseynzadə" ensiklopedik kitabının məziyyətlərindən
ətraflı söz açılıb, yeni nəşri Əli bəyin ruhuna layiq
bir araşdırma kimi dəyərləndirilib.
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri
Anar çıxış edərək bildirib ki, hələ sovetlər dönəmində
Əli bəyin rəssam oğlu Səlim Turanla görüşmüş,
təəssüratlarımı "Qobustan" jurnalında çap etdirmişdim:
- Təbii ki, o saat "pantürkizmi təbliğ edirsiniz"
təpkisi ilə qarşılaşdıq...Bu günlərdə isə Azər
Turanın Əli bəy haqqında yenicə nəşr olunan kitabını
oxuyub çox sevindim. Bu dəyərli nəşr Əli bəy haqqında
indiyə qədər yazılanların ən qiymətlilərindən biri,
bəlkə də birincisidir...
AYB-nin katibi Arif Əmrahoğlu, Milli Məclisin mədəniyyət
komissiyasının sədri, AMEA-nın müxbir üzvü Nizami
Cəfərov, professor Fəridə Əliyarbəyli, şair Oktay Rza,
Əli bəy Hüseynzadənin qardaşı qızı Cəmilə Hüseynzadə və
başqaları kitab barədə öz fikirlərini söyləyiblər.
Təqdimat mərasimində Azər Turan bildirib ki,
Ə.Hüseynzadə, böyük filosof Abdulla Cövdətin də qeyd
etdiyi kimi, millətə milliyyət mirası qoyub gedən dahi
şəxsiyyətdir və onun ömür yolu millətə xidmət etmək
örnəyidir.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |