Azərbaycan gimnastları Macarıstanın Debresen şəhərində
keçirilən bədii gimnastika üzrə Dünya kuboku
yarışlarında uğurla çıxış ediblər. İdmançımız Mariya
Durunda finalda həlqə ilə hərəkətlərin icrasında 17,6
bal toplayaraq qalib adını qazanıb. O, ən güclü
rəqibləri Ukrayna və Rusiya gimnastlarına heç bir şans
verməyib. Onun çox mürəkkəb proqramı sonda Azərbaycan
bayrağının qaldırılmasına və Dövlət himnimizin
səslənməsinə səbəb olub.
Üzeyir Hacıbəylinin möhtəşəm musiqisinin sədaları
altında ikinci dəfə tamaşaçılar qarşısına çıxan
gimnastlarımızın sayı fərdi turnirdəkindən altı dəfə çox
olub. Bu yarışda da qrup komandamız çoxnövçülükdə qalib
gəlib. İkinci yerdə Çin, üçüncü yerdə isə İsrail
gimnastları qərarlaşıblar.
Səbinə Abbasova, Aliyə Paşayeva, Siyana Vasilyeva, Diana
Doman, Aleksandra Platonova və Aynur Mustafayeva isə 3
top və 2 lent ilə hərəkətlər proqramının icrasına görə
üçüncü yeri tutublar.
Yeniyetmə gimnastlarımız iyun ayında Bakıda keçiriləcək
Avropa çempionatına hazırlaşırlar. Jalə Piriyeva və
Züleyxa İsmayılova Macarıstandakı Dünya kuboku yarışları
ilə paralel olaraq keçirilən beynəlxalq turnirdə komanda
hesabında bürünc medallar qazanıblar. Bundan əlavə,
Jalənin və Züleyxanın hər birinin aktivində daha bir
bürünc medal var. Belə ki, Jalə həlqə ilə, Züleyxa isə
gürz ilə hərəkətlərə görə üçüncü olublar. Milli
komandanın baş məşqçisi Mariana Vasilyeva komandanın
çıxışı ilə bağlı deyib:
- Nilufər Niftəliyeva barədə da ayrıca danışmaq istərdim.
Mariya Durunda ilə qoşa çıxış edən Nilufər ilk dəfə
Dünya kubokunun finalçıları sırasına çıxa bilib. Bu
yarışlarda onun yeddinci yeri tutması böyük uğurdur.
İyun ayında keçiriləcək Avropa çempionatında yığmamızın
tərkibində çıxış etməyə digər iddiaçılar - Gülsüm
Şəfizadə və yeniyetmə gimnast Beyza Dəmirin uğurları da
bizi sevindirir. Gülsüm Fransanın Kale şəhərində
keçirilən beynəlxalq yarışlarda dörd finalın hamısında,
Beyza Dəmir isə lent ilə hərəkətlərdə qalib gəlib.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |