Çoxdan
tanıdığım Tahirə müəllimlə bü günlərdə görüşdük. Qısa
hal-əhvaldan sonra həmişəki kimi söhbətimiz yenə də
dolanıb yurd yerlərimizin üstünə yönəldi. Ürəyi Vətən
həsrəti ilə çırpınan bu vətənpərvər qadında müəllim,
vətəndaş missiyaları bir-birinə elə hopub ki, bir
dəfə də olsun sözünü kəsməyə qıymadan onu dinlədim.
Dəyərli oxucularımız üçün də maraqlı olar deyə, Tahirə
Şükürovanın dediklərini qələmə aldım:
- Bu günlərdə elimizin ən böyük bayramı olan Novruzu
yola saldıq. Artıq iyirmi bir ildir ki, hər mart ayı
sona çatanda, hər il ağaclar tumurcuq bağlayanda
ürəyim Kəlbəcər üçün daha çox sızıldayır. Bildiyiniz
kimi, bizim əslimiz Kəlbəcərdəndir. Biz orada
Zülfüqarlı kəndində yaşayırdıq. 1984-cü ildə Xarici
Dillər İnstitutunu bitirdikdən sonra 1993-cü ilə qədər
rayonumuzun Zülfüqarlı kənd orta məktəbində ingilis
dili müəllimi işləyirdim. Kəlbəcərin işğalından sonra
elliklə Bakıya gəldik. Xeyli müddət 247 nömrəli tam
orta məktəbdə işlədim. Üç ildir ki, 39 nömrəli tam orta
məktəbə rəhbərlik edirəm.
Kəlbəcər sözünün mənası "yüksək yer", "uca aşırım"
deməkdir. Tərtər çayının sahillərində, dəniz
səviyyəsindən 2000-2400 metr yüksəklikdə yerləşən 31
adda müalicəvi mineral bulaqları ilə, İstisu kurortu ilə
şöhrət tapan Kəlbəcərin adı hələ sovet dövründən
turistlərə yaxşı tanış idi.
Kəlbəcər 1993-cü il aprel ayının 2-də erməni silahlı
qüvvələri tərəfindən işğal olunub. Bundan sonra rayonun
adını dəyişdirərək Karvaçar qoyublar. Özünü də qondarma
"Dağlıq Qarabağ Respublikası"nın Şaumyan rayonunun
mərkəzi elan ediblər. Bakıdan 458 km aralıda yerləşən
Kəlbəcərin dinc sakinləri yurd- yuvasından qovularaq
məcburi köçkün kimi Azərbaycan Respublikasının müxtəlif
yaşayış məntəqələrində müvəqqəti sığınacaq tapıblar.
1993-cü ildə soydaşlarımızın Kəlbəcərdə qalan on üç
minə qədər mənzili işğalçılar tərəfindən zəbt edilərək
yağmalanıb. 40 min hektara qədər meşə sahəsi isə
ermənilər tərəfindən indi də talan olunmaqdadır.
İşğaldan keçən 21 il ərzində Kəlbəcərin bütün maddi və
mənəvi sərvətləri ermənilər tərəfindən qarət edilərək
Ermənistana daşınır. Artıq 1999-cu ildən isə
ermənilərin süni şəkildə Kəlbəcərdə məskunlaşdırılması
prosesi gedir.
İşğal olunmuş rayonlarımız sırasında Kəlbəcər
Azərbaycanın ən böyük yaşayış məntəqələrindən biridir.
Gamışdağ, Keytidağ, Dəlidağ, Qızılboğaz, Böyük İşıqlı
adlanan hündür dağ zirvələri ilə məşhur olan Kəlbəcər
həm təbii gözəlliyinə, həm də yeraltı sərvətlərinə-
əvəzolunmaz xammal ehtiyatlarına, 77 növ mineral
yatağına görə bəlkə də dünyada nadir bir məkandır.
Təkcə Tərtər çayının hövzəsində 412-yə qədər mineral su
yatağı mövcuddur. İstisu, Qotursu və Turşsudakı mineral
sular əvəzi olmayan təbii sərvətlərdəndir.
Yayı sərin, qışı soyuq Kəlbəcər... Zod aşırımı,
Söyüdlü yaylağı, Murovun minbir gül-çiçək bitirən
sinəsi, dağların quşqonmaz zirvələri... hamısı bu gün
də gözümün qabağındadır.
Aprel, may aylarında dağlardakı qarın əriməsi və yaz
yağışlarının tez-tez yağması nəticəsində çaylara
sellər gələrdi- daşlı, palçıqlı sellər... Dağlara
qalxdıqca Qarağac, Qaratikan kollarını enliyarpaqlı
meşələr əvəzləyirdi. Meşələrdə palıd, fısdıq, vələs,
ağcaqayın, göyrüş, qozqara, söyüd, yemişan, daha hündür
yerlərdə isə tozağacı bitirdi. 1800-2000 metr
yüksəklikdəki çəmənliklər ilahi tərəfindən sərilmiş
xalıya bənzəyirdi. Murovun, Dəlidağın zirvələrindəki el
yaylaqları da bu xalıların naxışlarıydı sanki...
Meşələrdə bitən cır meyvə ağaclarının barı-alma, armud,
əzgil, yemişan, giləmeyvələrdən qarağat, zirinc,
böyürtkən, moruq, həmərsin minbir dərdin dərmanı idi.
Camaat bu nemətlərdən həm mürəbbə bişirər, həm də
meyvələrin özündən və yarpaqlarından qurudub ilboyu
çərəz, çay, təbii dərman kimi istifadə edərdi.
Kəlbəcər dağlarının bəzəyi canavar, tülkü, dovşan, dələ
kimi xəzdərili heyvanlar, adı qırmızı kitaba düşmüş
turac, qırqovul, kəklik, dağkeçisi, əlik idi...
Kəlbəcər rayonu ərazisində 40 min hektara qədər dövlət
meşəsi qalıb. Bu meşələrin bitki örtüyünün dəyəri təkcə
oduncaq, qiymətli inşaat və məişət materialları kimi
istifadə edilməsində deyil. Bu meşələrin faydası həm də
atmosferə ildə milyon tonlarla oksigen buraxan həyat
mənbəyi olmasındadır.
İstisu və Şorbulaq adlı iki qəsəbədən, 129 kənddən və
eyni adlı bir şəhərdən ibarət olan Kəlbəcər rayonunda
bilirsiniz nələr qaldı yağıya?! Mən müəllim olduğum üçün
təkcə öz iş sahəmizə aid olanları xatırlatmaq istəyirəm:
90 məktəbəqədər uşaq müəssisəsi, 115 ümumtəhsil
məktəbi, 1 texniki orta ixtisas və peşə məktəbi, 214
mədəniyyət ocağı qalıb Kəlbəcərdə...
Bu gün hamımızın bir dərdi var- Qarabağ dərdi. Mən
bütün xalqımıza onu arzulayıram ki, Allah bizim hər
birimizə o yurd yerlərinə qələbə ilə dönməyi nəsib
etsin. Xocalı şəhidlərinin də, Qarabağ şəhidlərinin də
nigaran ruhları yalnız o zaman şad olar. Onu da deyim
ki, Ali Baş Komandanımızın rəhbərliyi altında o günün
yaxında olmağına ürəyimdə çox böyük inam var.
Azərbaycanın hər sahədə gündən-günə inkişaf etməsi göz
qabağındadır. Bu gün biz hörmətli Prezidentimiz cənab
İlham Əliyevin məhz vətənə, xalqa olan sevgisi
sayəsində dünyanın bir çox inkişaf etmiş ölkələrindən
daha öndə olmağımızı uca səslə, qürur hissi ilə deyə
bilirik.
Mən 34 ildir ki, ingilis dili müəllimi işləyirəm.
Rəhbəri olduğum təhsil ocağı- Bakının Nərimanov
rayonunda yerləşən 39 nömrəli tam orta məktəb
2012-2013-cü tədris ilində keçirilmiş "Ən yaxşı
ümumtəhsil məktəbi" müsabiqəsinin qaliblərindən biri
olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "Ən yaxşı
ümumtəhsil məktəbi" adına layiq görülən və
mükafatlandırılan məktəblər sırasında olmağımız
şagirdlərimizin respublika və beynəlxalq olimpiadalarda
əldə etdiyi uğurlarının nəticəsidir. Müsabiqəyə qoşulan
məktəblərin sırasında yaxşı təmirə, yüksək
göstəricilərə malik təhsil müəssisələrinin çox
olmasına və onlardan ancaq 50 məktəbin qalib
seçiləcəyinə baxmayaraq, biz inam və cəsarətlə bu
müsabiqəyə qoşulduq. Çox sevinirəm ki, düzgün seçimin
nəticəsində bizim məktəbimiz də müsabiqənin
qaliblərindən biri oldu.
Bizim başlıca vəzifəmiz şagirdlərimizin inkişafına
hərtərəfli şərait yaratmaq, onların gələcək həyatını
düzgün istiqamətləndirmək, dərin biliyə, yüksək mənəvi
keyfiyyətlərə malik, səviyyəli, zəkalı, vətənpərvər
gənclər yetişdirməkdən ibarətdir.
Sevinirəm ki, Azərbaycan təhsilindəki yüksəlişdə,
nailiyyətdə bir zərrə də olsa mənim də əməyim var.
Müəllim olmağım mənim ən böyük mükafatım, titulumdur.
Müəllimin də birinci vəzifəsi tərbiyə etdiyi uşaqlara
doğru yol göstərməkdir. Ümummilli liderimiz Heydər
Əliyev kimi şəxsiyyətlər əsrlərdə bir dəfə tarixə gəlir.
Mən hər bir yetirməmizə müstəqil respublikamızın
həqiqi vətəndaşı olmağı və Vətəni ümummilli liderimiz
Heydər Əliyev kimi, onun layiqli davamçısı İlham Əliyev
kimi sevməyi arzulayıram. Şagirdlərimə də, övladlarıma
da həmişə deyirəm ki, siz ürəyinizdəki sevgini
Azərbaycandan, Azərbaycan xalqından əsirgəməsəniz, onda
respublikamız daha da inkişaf edəcək. Qoy Allah
hamımıza Vətən sevgisi qismət eləsin, hər bir
azərbaycanlı öz vətəni - Azərbaycanla fəxr etməyi
bacarsın.
Söhbəti qələmə aldı:
Ellada UMUDLU,
"Azərbaycan müəllimi" |