Ümummilli
lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli
sərəncamı ilə hər il martın 31-i Azərbaycanlıların
Soyqırımı günü kimi qeyd olunur. 1918-ci ilin 30 mart-
3 aprel tarixləri arasında azərbaycanlıların ermənilər
tərəfindən kütləvi surətdə qırğını XX əsrin ən dəhşətli
və ən ağlasığmaz faciələrindəndir. Şamaxıda və onun
kəndlərində ötən əsrin əvvəllərində baş verən soyqırıma
həsr olunmuş veriliş üçün 2001-ci ilin mart ayının 28-də
Şamaxıya ezam olunmuşdum. Bu yazımda həmin süjetlərdə
müsahiblərimin efirə getməyən maraqlı söhbətlərini
qələmə almışam.
Həmin gecə ermənilər Şamaxı əhalisini qırmağa başladılar
Hacı Abdullayev, Şamaxı sakini:
- 1910-cu ildənəm. Keçən il 90 yaşım oldu. Yadıma gəlir
ki, 7-8 yaşındaydım. Dedilər erməni qoşunu gəlir
üstümüzə. İki əmim vardı. Məni yaman çox istəyirdilər...
(kövrəlir-müəllif) Məni aldılar qucaqlarına, çıxdılar
Meysəri tərəfə. Qoşun gəldi keçdi yolun Mədrəsə tayına.
Şamaxıya xəbər düşdü ki, erməni qoşunu şəhəri haxlayıb.
Mədrəsədən Şamaxıya nə qədər yol qalır ki? Mədrəsəni
keçəndə komanda verdilər, bir dəfə top atəşi açdılar.
Bizim millətdən qırılan qırıldı, qırılmayan da üz qoydu
Şamaxıya tərəf qaçmağa. Sübh tezdən Meysəridən iki nəfər
yaşlı erməni gəlib bizim dəstəni yığışdırıb apardı
Meysəriyə. Özümüzə də dedi ki, biz istəmirik erməni
qoşunu gəlib sizi qırsın. Dəstəmiz inanıb getdi.
Oturmuşduq erməninin evinin eyvanında, mən də əmimin
qucağında. Birdən bir erməni dığası əlindəki qəməltini
(bıçaq-müəllif) gətirib dirədi boğazıma ki, sənin
boğazını kəsəcəm. Qoca nənəm də yanımızda idi. Aldı məni
əmimin qucağından özü götürdü. Babama dedi, a kişi, biz
bu erməninin evində ölümümüzü gözləyirik. Bunlar bizi
tələyə salıb qıracaqlar. Bir yol tapıb burdan uzaqlaşmaq
gərəkdir. Nənəm qoçaq arvad idi. Ermənilərin başbilənini
çağırıb dedi ki, sağ olun ki, bizi neçə gün burda
saxladız, indi qoyun gedək, sonra bizə görə erməni
qoşunlarından sizə söz gəlməsin. Beləcə, Meysəri
kəndinin axırıncı evindən hələ aralanmamışdıq ki,
arxadan bizi beşatılanla iki istiqamətdən atəşə
tutdular. Dədəmin başında şişpapaq vardı. Güllə papağa
dəydi, dədəmi Allah bizə təzədən verdi. Gecə yetişdik
Şamaxıya. Elə həmin gecə ermənilər başladılar Şamaxı
əhalisini qırmağa. Şamaxıda qırğın səngimədi. Biz
birtəhər canımızı götürüb şəhərdən çıxa bildik. Kəsə
yolnan gedib Ağsuyun Ağalarbəyli kəndinə yetişdik. Orda
Hacı Soltan bəy vardı, onun qapısına pənah gətirmişdik.
Bir həftə olardı ki, orada idik, bir axşam qoca nənəm
çölə çıxan kimi başılovlu içəri qayıdıb dedi ki, ay
kişilər, nə yatmısız, kəndi ermənilərnən malağanlar
(malakanlar - müəllif) mühasirəyə alıblar. O hadisələrdə
Çuxuryurd malakanları da ermənilərə qahmar çıxırdılar.
Hacı Soltan bəyin arvadı alaçığın içərisindən
ermənilərə bir-iki güllə atdı. O qadın axıra kimi
ermənilərlə atışdı, camaatımızı salamat saxladı.
Ermənilər Ağsuyun Ağalarbəyli kəndindən Abasxanlı
kəndinə keçib orada yeddi adam öldürdülər. Sonradan
bildik ki, biz Şamaxıdan çıxandan sonra ermənilər
şəhərin içində məşhur "Cümə məscidi"ni yandırıb.
Eşitdiyimə görə, ermənilər tərəfdən 10 min nəfər
Şamaxıda, 15 min nəfərə yaxın da Bakıda azərbaycanlı
qətlə yetirilib. Bakıda İçərişəhəri qoçular
saxlayırmış. O günlərdə türk qoşunu gəlib harayımıza
yetməsəydi, erməni əliyalın millətimizi, bəlkə də son
nəfərinə kimi qıracaqdı. Bəşər tarixi erməni kimi
qaniçən görməyib.
Mən doxsan yaşımı yola salmışam. Həmişə ermənilər
qonşuluğumuzda yaşayıblar. Mən bu yaşıma kimi bir yol da
ermənilərin süfrəsində oturub bir loxma erməni çörəyi
dişləməmişəm. Bilirsiz niyə? Çünki onlar elə etibarsız
tayfadılar ki, verdikləri şirin tikənin içinə ağu
qoymağı bacarırlar. 1941-dən 1945-ə kimi müharibədə
vuruşmuşam. Budapeştdə yaralanmışam. Amma erməni,
vallah, nemesdən də qəddardı. Onlar çox
xəyanətkardırlar.
Qırğın vaxtı ermənilər adamlarımızı tutub başına mismar
vururdular
Mələk Zeynal qızı Orucova, Şamaxı sakini:
- Mən Şamaxının Cabanı kəndindənəm. Anam Əngəxaran
qızıdır. Mən ana üzü görməmişəm. Nənəm böyüdüb məni.
Şamaxıda ən çox qırğın Əngəxaranda olub. Nənəm söhbət
eləyərdi ki, qırğın vaxtı ermənilər adamlarımızı tutub
başına mismar vururdular, təndirə basıb yandırırdılar,
boylu qadınlarımızın qarnını yarıb uşaqları çıxardıb
süngüyə keçirirdilər. Bələkdəki uşaqları hündur
ağacların budaqlarından asıb yelləyir, onlar çığırdıqca
ermənilər həzz alıb gülüşürdülər. Nənəm özü yolnan
gedəndə bir də görürdüm arvad dayandı, başladı ağlamağa.
Deyirdim ki, nənə nə oldu, niyə ağlayırsan? Deyirdi,
bala, bax bu yerdə filankəsimizin kürəyinə qaynar
samovar bağlayıb öldürdülər, özləri də başladılar öz
əməllərinə gülməyə. Bir gəlini öldürüb mıxlamışdılar bir
taxtanın üstünə, əllərində gəzdirirdilər oxuya-oxuya.
Bir də gördük hündür- hündür adamlar, başlarında da
şişpapaqlar, budu ha gəldilər. Dedilər, türk
qardaşlarımızdır, bizə köməyə gəliblər. Türk əsgərləri o
səhnəni görən kimi silah çəkib gəlinin cəsədi vurulmuş
lövhəni erməninin əlindən aldılar. Bir türk əynindən öz
paltarını çıxarıb gəlinin cəsədini bürüdü, aparıb kəndin
qəbiristanlığında dəfn etdilər. Nənəm həmişə deyərdi ki,
amanın bir günüdür, erməniyə yaxın durmayın, onlarla
yoldaşlıq etməyin. Onların dili dostam deyir, ancaq
ürəkləri qara olur. Kəndimizdə Hacı Bağı deyilən bir
kişi varmış. Onların keşişləri Hacını çağırıb deyib ki,
gəl camaatını da yığ gətir, bir heyvan kəsək, bizim
dini qəbul edin. Hacı keşişin dediyini rədd edəndə
kişini bir zülmlə öldürürlər, başına bir müsibət
açırlar ki, gəl görəsən. Kəndimizdə elə bir küçə, elə
bir döngə yox idi ki, nənəm ayaq saxlamasın, orada
öldürülən qohum-əqrəbasını ağlamasın. Nənəmin ah
çəkdiyi, ağladığı, harada kimin öldürüldüyünü göstərdiyi
yerlərin hamısını qarış-qarış yadımda saxlamışam. Bax,
bu hündür yerə Lalayanın binası deyirdilər. Lalayan ona
görə buranı özünə məskən seçibmiş ki, buradan şəhər
sanki ayaqlarının altında imiş, camaatı yaxşı hədəfə
götürə bilirmiş. Xocalı faciəsini eşidəndə mən çox
ağladım. Onda nənəm sağ idi. Soruşdu ki, niyə
ağlayırsan? Dedim, ermənilər Xocalıda bu vəhşilikləri
törədiblər. Nənəm də mənə qoşulub ağladı. Dedi ki, day
denən Əngəxaran qırğını təzədən Xocalıda təkrar olub
ki...
Yollarda xeyli ölü gördük
Asya nənə, Şamaxı sakini:
- 1910-cu ildənəm. Qırğın vaxtı qardaşımın 10 yaşı
varmış. Camaatın arasına çaxnaşma düşəndə ermənilər bir
dəstə uşağı götürüb aradan çıxır. Qardaşım da aparılan
uşaqların içində olur. İtən uşaqların böyükləriynən bir
yerdə atamgil bir neçə gündən sonra soraqlaşa-soraqlaşa
qardaşımgilin yerini dəqiqləşdirir, gedib uşaqları
erməninin əlindən alıb gətirirlər. Dayımgil Şamaxının
kəndində yaşayırmış, biz isə Şamaxının özündə. Eşidəndə
ki, Şamaxıda ermənilər bizimkiləri qanına qəltan eləyir,
dayım fayton tutub özünü Şamaxıya- bacısının yanına
çatdırır. O vaxt at arabasıynan öküz arabasından başqa
minik yox idi.
Onda mən 8 yaşında idim. İndiki kimi yadımdadı, bizi
arabaya mindirəndə, anamdan soruşdum ki, belə haraya
gedirik? Anam demədi ki, erməninin əlindən qaçırıq. Bizi
qorxuya salmamaq üçün: "dayıngilə gedirik, gəzməyə" -
dedi. Dayımgilə çatana qədər yollarda xeyli ölü gördük.
Heç bilən yox idi ki, ölən kimdi, hansı kənddəndi? Bir o
dəqiq bilinirdi ki, ölənlərin hamısı bizim millətdən
idi. Bir qadın qucağında iki uşaq piyada qaçırdı. Sonra
uşağın birini yerə qoydu, özü qaçmağa davam etdi. Yazıq
uşaq qaldı çığıra-çığıra yolun qırağında.
Sonralar biz Şamaxıdan köçüb Sumqayıtda yaşadıq.
Qonşularımızın çoxu erməni idi. Mən onlarla yaxşı rəftar
eləyirdim. Xeyir-şər məclislərimizə dəvət edirdik,
özümüz də onlarınkı olanda gedirdik. Biz kinli millət
deyilik axı, ay bala. Pisliyi də, pisi də tez unudanıq.
Amma onlar? Ən yaxşı qonşuluq etdiyimiz vaxtlarda da
görürdüm ki, həmişə özlərini birtəhər aparırlar bizim
millətə qarşı.
Bir gün də gördüm qonşularımızda köçhaköçdür. Dedim, nə
olub, niyə köçürsüz? Dedilər biz də səbəbini bilmirik,
başda oturanlarımız belə məsləhət bilirlər ki,
Azərbaycandan köçək. Az sonra da bu müharibənin baisi
oldu ermənilər...
Ermənilər körpələri diri-diri süngüyə keçirirdilər
Məsmə xanım, Şamaxı sakini, müəllim:
- 1918-ci ildəki qırğını gözüynən görən ata-anamdan,
dayılarımdan, qohumlarımdan eşitmişəm ki, o qırğında
ermənilər azərbaycanlıların evlərini,
yorğan-döşəklərini, hətta uşaqlarını belə yandırmaqdan
çəkinməyiblər. Ermənilər bütün tarix böyu bizim ən
qəddar düşmənimiz olub. Ancaq çox təəssüf ki, biz
düşmənlərimizin elədikləri yamanlıqları tez unutmuşuq
həmişə. O qırğının şahidi olanlar danışırdılar ki,
ermənilər ən çox körpələri, bir də azyaşlı oğlan və qız
uşaqlarını qılıncdan keçirdiblər. Körpələri diri-diri ya
süngüyə, ya da qəssabların ət asdıqları qənarələrə
keçirirlərmiş. Mənimlə eyni məktəbdə bir erməni qadın
müəllim işləyirdi, əri rayonda ikinci katib idi. O qadın
oturub-durub deyirdi ki, Məsmə, biz heç vaxt sizin
millətə dost demərik. Sizin millət ermənilərin qanını
içib... O vaxt sovetin vaxtı idi deyə, əsrin
əvvəllərində ermənilərin bizi qırması ilə bağlı
eşitdiklərimi ona deməyə ürək eləmirdim. Elə bir onu
deyirdim ki, "Bizim bir atalar misalı var, adımı sənə
qoyum, səni də yana-yana qoyum".
Tarix boyu ermənilər törətdikləri faciələri türk
millətinin adına çıxıblar. Onlar bizim hər zaman
qanımıza susayıb, ən qəddar düşmənimiz olublar. Ancaq nə
bəladırsa, biz onlarla heç vaxt kin saxlamamışıq,
barışığa tez gəlmişik. Anam deyərdi ki, 1902-ci,
1905-ci, 1915-ci, 1918-ci illərdə dəfələrlə ermənilər
quduzlaşıb müsəlman qanını töküblər. Bu millət hər zaman
bizim xalqa qənim kəsilib. 1988-ci ildə bu erməni-
müsəlman davası ki, təzədən düşdü, onda mən Sumqayıtda
yaşayan qardaşımgilə qonaq getmişdim. Ora Ermənistandan
qovulan azərbaycanlılar gəlib tökülmüşdülər.
Danışırdılar ki, ermənilər qaçaqaçda bir qadınımızın
sırğasını qulağı qarışıq kəsib götürüblər.
Körpələri bələk qarışıq qələmələrə ilişdirib havaya
buraxırdılar
Nəzakət Abdulrazaqova, Şamaxı sakini:
- Ermənilər 300 ildən çoxdur ki, xalqımızın qanına
susayıblar. XX əsrə qədər heç vaxt dövləti olmayan
ermənilər özlərinin qəddarlığı, hiyləsi, yeri gələndə
yaltaqlığı, şərəfsizliyi ilə həmişə bizim torpaqlarımızı
ələ keçirməyə can atıb. SSRİ dövründə də əl altından
onlar öz bildiklərini yerə qoymayıblar. Böyüklərimiz
danışırdılar ki, 1918-ci ildə ermənilərin millətimizə
qarşı törətdikləri vəhşiliklər heç bir kitaba sığan
deyil. Hətta azyaşlı uşaqları qətlə yetirirkən onları
asta-asta, işgəncə verə-verə süngüyə keçirir, uşaqlar
çığırdıqca bunlar qəhqəhə çəkirmişlər. Tifillərin nəfəsi
kəsiləndən sonra da süngünü çıxarıb uşaqların qanını
yalayırmışlar. Şamaxıda "Cümə məscidi"nin qarşısında bir
iri tut ağacı olub. Şahidlər deyirdilər ki, gavurlar
ağacın budaqlarını aşağı əyib uclarını qələm kimi
itiləyir, körpələri bələk qarışıq o qələmələrə ilişdirib
havaya buraxırdılar. Çığırışan anaları güllədən keçirir,
uşaqların isə nəfəsi kəsilənə kimi gülüşüb əylənirdilər.
İnsanlığa sığmayan nə böyük vəhşət?! Təsəvvür etmək belə
əzablıdır.
O vaxt Gəncədən bizimkilərin köməyinə süvari dəstə gəlib
və bir çox adamımızı Göyçay tərəfə aparıblar. Bizim
hörmətli professorumuz Emin Əfəndiyev o vaxt gənc bir
oğlan imiş. O da Göyçaya gedən dəstənin içində olub.
Onlar Göyçaya çatanda Nuru paşanın dəstəsi ilə
rastlaşıblar. Emin Şamaxıda baş verən faciələri Nuru
paşaya ərz edəndə Nuru paşanın gözləri dolub. O üzünü
Eminə tutub deyib : "kişi ağlamaz" deyiblər. Amma bu
gənc oğlanın dediklərini sakitliklə dinləmək mümkünsüz?!
Sənin adına and olsun ki, sizin hayıfınızı ermənilərdə
qoymayacağız.
Nuru paşanın qoşununda vuruşan İzzət paşanın məzarı
Acıdərə yaxınlığındadı. Biz hər zaman o məzarı müqəddəs
bir xilaskarın məzarı kimi ziyarət edirik. Onu demək
istəyirəm ki, yaddaşı zəif olanların yaddaşını oyatmaq
lazımdır. Unutmaq lazım deyil ki, qarı düşmən dost olmaz
deyib böyüklərimiz. Bir də ki, düşmən o qədər
hiyləgərdir ki, istənilən zamanda mələk donunda görünə
bilir.
Dədəgünəş kəndindən 25 nəfər yaşlı adamı sıraya düzüb
güllələyiblər
Aydın Mirzə oğlu Alcanov, Şamaxı rayon sakini, müəllim:
- 1918-ci il biz şamaxılılar üçün ən qanlı, ən faciəli
il kimi yadda qalıb. Əslində Mart soyqırımı elə ilk
olaraq Şamaxıda, Ağsuda törədilib. Mən tarixi faktlar
əsasında deyirəm ki, təkcə Şamaxı şəhərinin özündə
ermənilər martın 18-i ilə 31-i arasında 8000 dinc
əhalini qətlə yetirib. Özü də bu rəqəm təkcə şəhərin
özünə aiddir. Əgər ətraf kəndlərdə baş verən qətlləri də
hesablasaq, bu rəqəm 16000 nəfərdən çoxdur. Bax bizim bu
dayandığımız hündür yer vaxtilə Şaumyanın ən yaxın dostu
Lalayanın məskən saldığı yer olub. Görürsünüz, burda
dayananda sanki şəhər bütünlüklə ayağımızın altında
qalır. Bura Qalabazar deyiblər. Buradakı bu qalanın
pəncərələrindən hər tərəfə asanlıqla atəş açmaq mümkün
olub. Buradan əhaliyə nəinki divan tutublar, hətta
canını götürüb qaçmaq istəyən dinc əhali "Qız qalası"
deyilən hissəyə çatanda, ermənilər bir yandan həm
Mədrəsədən, Sağyandan, həm də Qalabazardan hücum edərək
camaatı qanına qəltan eləyiblər. Pis odur ki, həmin vaxt
ermənilərə Şamaxıda və onun ətrafında yaşayan dindaşları
da qoşulub. O vaxtdan indiyədək el içində o yerə "güllə
tökülən dərə" deyirlər. Hal-hazırda adını soyad kimi
götürdüyüm Alcan babamı və başqa iki nəfəri həmin
qırğında ermənilər aparıb harda qətlə yetiriblərsə, bu
günə qədər müəyyənləşdirə bilməmişik. Bütün
qohum-əqrəba da bilir ki, bizim babamız Alcanı ermənilər
öldürüb. Atam həmişə bizə deyərdi ki, ermənilər atamı
öldürüblər. Yerini də tapa bilmirik. Mən təkcə babamın
deyil, bütün millətimin tökülən qanının qisasını almaq
istərəm. Bizim Dədəgünəş kəndindən 25 nəfər yaşlı adamı
aparıb bir az aralıda tut ağaclarının yanında sıraya
düzüb güllələyiblər. Bu faktı bütün Dədəgünəş camaatı bu
gün də bilir. Şamaxının ətrafında baş verən qırğınlar
barədə bu yaxınlarda bir fakt öyrənmişəm. Sağyan
kəndində Baba adında bir kişi olub. Bir erməni dostu
gəlib Baba kişiyə deyib ki, ailəni də götür qaç
Əngəxarana. Sabah ermənilər Sağyandakı müsəlmanları
qıracaq. Kişi erməni "dost"una inanıb bütün
qohum-əqrəbasıyla birlikdə Əngəxarana gedib. Ertəsi günü
ermənilər Əngəxaranı gülləbaran ediblər. Deyilənə görə,
Baba kişinin ailəsindən bir nəfər də sağ qalmayıb. Məndə
arxiv materialları var, özüm toplamışam, harada, hansı
kənddə millətimizdən neçə nəfər qətlə yetirilən olub,
məlumatım var. Bu barədə Dövlət Arxivinə də sənədlər
göndərmişəm. Mən bir şəhid ailəsi kimi də, bir ağsaqqal
müəllim kimi də gənc nəslə üzümü tutub demək istəyirəm
ki, ermənilərin biz azərbaycanlılara qarşı törətdiyi
cinayətlərin heç birini unutmaq olmaz.
Həmin bu Qalabazarda bizim mərhum şairimiz Abbas Səhhətə
xalqa xidmət etmək üçün birotaqlı tibb məntəqəsi
veriblərmiş. Həmin dövrdə Abbas Səhhət burada xalqa
pulsuz tibbi xidmət göstərirmiş. Yaxın dostlarından biri
Abbas Səhhətə xəbər göndərir ki, başını qurtar,
ermənilər səni öldürəcəklər. Abbas Səhhət 1918-ci il
mart ayının 20-dən 21-nə keçən gecə ailəsi ilə köçüb
gedib Qalağayına (indiki Sabirabad- müəllif). Bir müddət
orada yaşayıb, sonra da köçüb Gəncəyə, orada yenə
həkimliklə məşğul olub. Burada Ələsgər kişi vardı, 90
yaşında rəhmətə getdi. Özü bu faktın şahidi olmuşdu və
mənə də bu barədə o demişdi.
70 nəfərin başının kəsildiyi yer "Qanlı dərə" adlanır
Vasif Əliağa oğlu Rüstəmov - Əngəxaran kənd orta
məktəbinin direktoru:
- Nənəmin dediyinə görə, obaşdan erməni qoşunu kəndi
gülləbaran eləməyə başlayıb. 70 nəfərə qədər kənd
sakinini tutub Mədrəsə tərəfə girov aparıblar. Vaxtilə
Mədrəsədə dəllək işləyən bir erməniyə həmin yetmiş
nəfərin boğazını kəsdirməklə onları qətlə yetiriblər.
O 70 nəfərin başının kəsildiyi yer "Əngəxaran dərəsi"
və ya "Qanlı dərə" adlanır. Sonrakı gün isə 70 nəfərdən
başqa, 480-500 nəfərə yaxın kənd camaatı qətlə
yetirilib. Canını erməni vəhşilərindən qurtara bilənlər
pərən-pərən düşüb ətraf kəndlərə pənah aparıblar. Niyə
məhz bu kənddə daha çox sakinimiz qətlə yetirilib? Çünki
bu kənddə oxumuş, ziyalı, qoçaq adam çox olub. Bu kəndin
camaatı 1918-də bir qırılıb, 1937-də bir qırılıb...
Kənddə ziyalı təbəqəsinin, mübariz adamların çox olması
həmişə düşmənlərimizi narahat edən amil olub. Bu gün
mübarizəni ağılla, siyasətlə aparmaq lazımdır.
Ellada UMUDLU,
"Azərbaycan müəllimi"
Şamaxı, Əngəxaran kəndi.
28 mart 2001-ci il |