Novruz
ərəfəsində Bakıdakı 263 nömrəli tam orta məktəbə
gələnlər qeyri-adi səhnə ilə qarşılaşırdı: sanki
təbiətin yaz arzusu məktəbin foyesinə köçmüşdü..
Dəhliz boyu divarları bəzəyən rəsmlər, stolların üstündə
yan-yana düzülən müxtəlif növ incəsənət nümunələri
ibtidai sinif şagirdlərinin əl əməyi, göz nuru olmaqla
yanaşı, həm də onların Novruz sevinci idi. Şagirdlər bu
sevinci Kosa ilə Keçəlin şən dialoqunda, min bir çiçəkli
ağaclara nəğmə deyən qaranquşların uçuşunda, tonqal
ətrafına yığışan uşaqların gülüşündə əks etdirmişdilər.
Məktəbin akt zalının səhnəsindəki tərtibat da
başdan-başa Novruzun gəlişindən xəbər verirdi. Bir
tərəfdə Novruz təamları bişirilir, digər yanda nənə
nəvələrini başına yığıb, onlarla şirin-şirin söhbət
edirdi. Yumurta döyüşdürən uşaqların yanaqları Novruz
tonqalının şöləsindən qızarmışdı. Geyimlərində milli
mədəniyyətimizin gözəlliyi butalanmışdı. Uşaqların bahar
arzularının bu gözəlliyə vurduğu naxışlar baxanda adamın
gözünü-könlünü oxşayırdı.
Məktəbin direktoru Nəsimi Abbasov tədbir iştirakçılarını
salamladı, onlara bayram təbriklərini çatdırdı.
Yetirmələrinin səhnədə yaratdıqları gözəllikdən duyduğu
məmnunluğu dilə gətirən direktor bu bayramın hər birimiz
üçün əziz olduğunu qeyd etdi. Şagirdlərin Novruz
adət-ənənələrini həvəslə öyrəndiklərini dedi.
Çox keçmədi bayaqdan səhnəyə ulduz-ulduz səpilən
"qönçələr" musqinin sədaları altında "oyandılar".
"Cəngi"nin könül coşduran sədaları altında səhnəyə çıxan
aparıcı - Ləman Bəşirova tamaşaçıları ürəkdən salamladı,
hamının bayramını təbrik etdi, Novruzun hər birimizin
həyatına xoş günlər gətirməsini arzuladı. Şahanə,
Gülnisə, İradə, Aytac, Elnarə bahar haqqında şeirlər
söylədilər. Şagirdlərin ifasında səslənən "Azərbaycan"
mahnısı tamaşaçıların qəlbini müqəddəs Vətən sevgisi ilə
coşdurdu.
...Hamının arzuladığı an gəlib çatdı. "Mirzəyi" rəqs
havasının səslənməsi ilə Bahar qızın səhnəyə daxil
olması bir oldu. Onu müşayiət edən iki rəqqas oğlanın
əllərində məşəl vardı. Bahar qızı rəqs edə-edə əlindəki
xonçanı qonaqların bayram süfrəsinə qoydu.
Məktəblilərin çərşənbələr haqqında hazırladıqları
olduqca maraqlı səhnəciklər Novruz mərasimini daha da
rövnəqləndirdi.
Söz qonaqlara verildi. Xətai Rayon İcra Hakimiyyəti
başçısının müavini Jalə Abdıyeva məktəblilərin
hazırladıqları Novruz tədbirini yüksək qiymətləndirdi.
Xatırlatdı ki, ümummilli lider Heydər Əliyev Novruz
bayramının xalqımızın tarixindəki rolunu yüksək
qiymətləndirir, bu bayramın insanlara birlik, bütövlük
gətirdiyini qeyd edirdi. O, ölkə Prezidenti İlham
Əliyevin bu bayramı müqəddəs milli irs hesab etməsinə
diqqət çəkdi. Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində
Azərbaycan aşıq sənəti və Novruz bayramının YUNESKO-nun
qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil
edilməsini qürur hissi ilə tamaşaçıların diqqətinə
çatdırdı.
Tarix elmləri doktoru, AMEA-nın Arxeologiya və
Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Güllü
Yoloğlu da tədbir haqqında təəssüratlarını bölüşdü,
şagirdlərin bu sahədə bilik və bacarığından razılığını
bildirdi.
Bakıdakı 263 nömrəli məktəbdə keçirilən Novruz
şənliyində "Xonça müsabiqəsi" də maraqla izləndi.
Qonaqların rəyinə əsasən, 1-ci yerə 6-cı "a", ikinci
yerə 5-ci "c", üçüncü yerə isə 6-cı "d" sinif şagirdləri
layiq görüldülər.
Sonda "Xonça müsabiqəsi"nin qalibləri və tədbirin yüksək
səviyyədə hazırlanmasında fəal iştiraklarına və
təşkilatçılıq bacarığına görə müəllimlərdən bir qrupu
məktəb rəhbərliyinin fəxri fərmanları ilə təltif
olundu.
Y.ƏLİYEV,
"Azərbaycan müəllimi" |