Aidə NƏBİYEVA,
Müasir Psixologiya Mərkəzinin baş psixoloqu
Müasir
dövrümüzdə şagirdlərin gələcək həyata düzgün,
məqsədyönlü şəkildə hazırlanmasında müəllim əməyinin
rolu, dəyəri xeyli böyükdür. Müəllim elə bir varlıqdır
ki, onun nurunda bütün gənc nəsil böyüyür və bir
şəxsiyyət kimi formalaşır. Müəllim-şagird
münasibətlərinin tənzimlənməsi bu inkişaf yolunda əsas
meyarlardan biri hesab olunur. Bu münasibətlər
qarşılıqlı hörmət, inam, pozitiv ruh, qayğı, humanizm
prinsiplərinə əsaslanmalıdır. Hər bir müəllim psixoloji
baxımdan şagirdlə empatiya qurmağı, onun düşdüyü
situasiyanı dəyərləndirib düzgün davranmağı
bacarmalıdır. Müəllim-şagird münasibətlərində aşağıda
qeyd olunan amillərə diqqət yetirilməlidir:
1. Uşağın psixoloji və pedaqoji durumunu müəyyən etmək.
2. Xoş ünsiyyət və tənqiddən uzaq olmaq.
3. Uşaqları tərifləyərək pozitiv kəlmələrlə motivasiya
etmək.
4. Hər bir uşağın IQ-nü (ağıl yaşını) dəyərləndirmək.
5. Sinifdə uşaqlar arasında sosial uyğunlaşmanın təşkil
olunmasına yardım etmək.
6. Qorxu, kəskin ifadə, hədələmə, günahlandırma kimi
amillərdən uzaq olmaq.
7. Hər bir uşağın bacarıqlarını individual olaraq
dəyərləndirmək.
8. Müəllim-valideyn-şagird üçbucağına çox böyük önəm
vermək.
Təbii
ki, yuxarıda sadalanan fikirlər praktik təcrübədə öz
təsdiqini tapa bilir. İndividual yanaşma hər bir
müəllimin uğuru hesab olunur. Belə ki, hər bir şagird
fərddir və elə buna görə də ona individual
yanaşılmalıdır. Əgər hər hansı bir uşaq aşağı IQ
səviyyəsinə malikdirsə belə, müəllim bunu təyin etməli,
onunla bacarıqları çərçivəsində davranmalıdır. Bu zaman
uşaqda ruh yüksəkliyi müşahidə olunacaq və o, daha da
artıq bacarıq nümayiş etdirmək üçün əlindən gələni
edəcəkdir.
Müəllimlə şagird arasında səmimi ünsiyyət olmalıdır.
Uşaq yaşadığı problemləri müəllimi ilə bölüşməyi
bacarmalıdır. Əks halda məsələlər daha çox birtərəfli
həll oluna bilər.
Müəllim-şagird münasibətlərinin tənzimlənməsində
aşağıdakı amillər diqqətdə saxlanılmalıdır:
1. Müəllim yaxşı psixoloq olmalıdır.
2. Pedaqojiyönümlü ali təhsil müəssisələrində psixoloji
treninqlər keçirilməli, hətta orta məktəbdə işləyən
müəllimlər üçün də ara-sıra belə məşğələlər təşkil
olunmalıdır.
3.
Müəllim etik, estetik mədəniyyətə malik olmalıdır.
4. Müəllim hər bir şəxsə fərdi yanaşmağı bacarmalıdır.
5. Müəllim valideynlə sıx əlaqədə olmalıdır.
Müəllimlər daim məktəb psixoloqu ilə ünsiyyətdə
olmalıdırlar. Uşaqların psixikasında baş verən cüzi
dəyişikliklər belə müəllimi maraqlandırmalıdır. Çünki bu
amil uşağın təliminə böyük təsir edir. Bəzən uşağın
emosional durumunda baş verən dəyişikliklər onun təlim
aktivliyinə də təsir edə bilir. Bu vəziyyətdə təcrübəli
pedaqoq daha çox uşağı anlamağı, onun vəziyyətinə şərik
olmağı, təlim mövzusunu bir qədər fonda qoyub emosional
durumun düzəldilməsini ana xətt olaraq seçməyi
bacarmalıdır.
Şagirdlə ünsiyyət qurarkən müəllim ifadələrinə çox
diqqət yetirməlidir. Müəllim şagirdi sinif yoldaşlarının
gözü qarşısında nümayişkaranə bir şəkildə tənqid
etməməli, onun zəif olan cəhətlərini qabartmamalı,
valideynlərinə və yaxınlarına qarşı xüsusi iradlar
söyləməməlidir. Əgər müəllim bunları edərsə, bu, uşağın
emosional durumuna, sosial adaptasiyasına və
komplekslərinə çox böyük bir ziyan vura bilər.
Müəllim şagirdlərin sinif mühitində sosial
adaptasiyasına yardım etməlidir. Belə ki, şagirdlər
məktəbə qədəm qoyarkən sinif yoldaşları ilə ünsiyyətdən
çəkinərək onlardan uzaqlaşmağa başlaya bilərlər. Bu
zaman müəllim situasiyanı dəyərləndirərək şagirdlər
arasında "qaynar stul" metodunu tətbiq edə bilər. Bu
metodikaya əsasən bir şagird tən ortada stulda
əyləşməli, digərləri isə onu dairəyə alaraq həmin şagird
haqqında ancaq müsbət fikirlər söyləməlidirlər. |