Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Mart 2014 - №11

 

Azərbaycan şagirdləri İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcəklər

 

Yeniyetmə və gənclərimizin son illər müxtəlif sahələrdə qazandığı uğurlar, xüsusilə şagirdlərimizin istər ölkə daxilində, istərsə də dünyanın bir sıra ölkələrində keçirilən beynəlxalq olimpiadalarda, müsabiqələrdə, bilik yarışlarında əldə etdikləri yüksək nəticələrin şahidi olmağa, sözün yaxşı mənasında, artıq adətkar olmuşuq. Bir pedaqoji mətbuat orqanı olaraq vaxtaşırı  həmin yeniyetmə və gənclərlə görüşür, onların nailiyyətliəri, qazandıqları uğurlarla oxucularımızı tanış edirik. Bu dəfə isə istedadlı şagirdlərimizin üzə çıxarılmasında, onların müsabiqələrdə, olimpiadalarda yüksək yerlər tutmasında əməyi olanlardan biri- Bakı Avropa Liseyinin fizika müəllimi Səadət Veysova ilə görüşərək ondan qəzetimiz üçün müsahibə aldıq.

-Səadət müəllim, ilk öncə keçdiyiniz ömür yolu və pedaqoji fəaliyyətinizə nəzər salaq.

- Mənim atamın- Əhməd Veysovun Azərbaycanda fizika elminin, eləcə də maarifimizin inkişafında böyük xidmətləri olub. Elə mərhum atam kimi fizik olmaq istəyim, elmə marağım məni də bu ixtisası seçməyə yönəltdi. Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsini əla qiymətlərlə başa vuraraq fəaliyyətimə Bakı Dövlət Universitetinin astrofizika kafedrasında başladım. Sonradan taleyimi orta məktəblə bağladım. Fənnimi şagirdlərə sevə-sevə öyrətmək, onların məhəbbətini, etimadını qazanmaq bir müəllim kimi amalım olub. Əməyim hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilib. Ali kateqoriyalı fizika müəllimiyəm, 2008-ci ildə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuşam. N.K.Krupskaya adına mükafatın laureatı, Respublika Təhsil Şurasının üzvüyəm, 1988, 2003-cü illərdə keçirilmiş  Azərbaycan müəllimlərinin qurultaylarının nümayəndəsi, 1988-ci ildə Rusiyanın Tambov, Dubna, Moskva şəhərlərində keçirilən metodik festivalların iştirakçısı, habelə "Fizika dərsi-88", "Fizika dərsi-91" festivallarının qalibi olmuşam. Rusiyanın Müəllimlər Assosiasiyasının üzvüyəm, "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilmişəm. 2008-ci ildən Bakı Avropa Liseyində fizika müəllimi kimi fəaliyyətimi davam etdirirəm. 2013-cü ildə ölkə başçısı cənab İlham Əliyevin sərəncamına əsasən "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri  adına layiq görülmüşəm.

- Bu yaxınlarda Bakı şəhərində  İntel İSEF- Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçirilən "Sabahın alimləri" III Respublika müsabiqəsində şagirdləriniz yüksək yer tutublar.  Müsabiqə haqqında bir qədər geniş məlumat verməyinizi xahiş edirik.

- Təqdirəlayiq haldır ki, bizim ölkəmizdə müxtəlif mövzularda olimpiadalar, bilik yarışları keçirilir. Belə tədbirlərin həyata keçirilməsinin neçə-neçə istedadlı yeniyetmə və gənclərimizin üzə çıxarılmasında müstəsna rolu vardır.  Artıq 3-cü ildir ki, ölkəmizdə  İntel İSEF- Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində təşkil olunan "Sabahın alimləri" də belə müsabiqələrdən biridir. Mən özüm müsabiqədə 2-ci ildir ki, iştirak edirəm.  Bu il həmin müsabiqəyə liseyimizin XI sinif şagirdləri - Cəmil Muradov, Mədinə Mursaqulova və Lalə Cümşüdlü ilə qatıldım. Onların təqdim etdikləri layihənin rəhbəri idim. Layihəmiz münsiflər heyəti tərəfindən müsbət qiymətləndirilərək yüksək  yerə layiq görüldü. Biz cari ilin may ayında ABŞ-ın Kaliforniya ştatının Los- Anceles şəhərində keçiriləcək İntel İSEF- Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak etmək hüququ qazandıq. Düşünürəm ki, bu bizim Bakı Avropa Liseyinin, bütövlükdə Azərbaycan təhsilinin uğurudur.

Yuxarıda adlarını qeyd etdiyim  şagirdlərimin hər biri istedadı, yüksək elmi biliyi ilə xüsusi fərqlənir. Cəmilin istedadını, bilikli şagird olduğunu hələ 8-ci sinifdə oxuyanda özüm üçün yəqinləşdirmişdim. O, hər zaman düşünür, maraqlandığı elmi məsələlərlə bağlı müəyyən suallarla mənə müraciət edir.  Bu yeniyetmə  elmi-tədqiqat işləri aparmağa, dünyada baş verən elmi- texniki yeniliklərə böyük maraq və həvəs göstərir. Onu da qeyd edim ki, Cəmil artıq müsabiqədə ikinci dəfə idi ki, iştirak edirdi. Gördüyünüz kimi, bir müəllim olaraq mənim və Cəmilin bu müsabiqə ilə bağlı artıq müəyyən təcrübəmiz vardır. Kollektiv şəkildə işlənilən layihədə digər şagirdlərimizin - Mədinə Mursaqulova və Lalə Cümşüdlünün də hazırlığı kifayət qədər yüksəkdir. Elmi məsləhətçilərimiz Bakı Dövlət Universitetinin professorları Niftalı Qocayev, Aydın Kazımzadə və Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Mirzəli Murquzovdur. Onların bizim şagirdlərimizin üzərindəki əməyini də xüsusi qeyd etmək istəyirəm.

Ümumiyyətlə, artıq 3-cü ildir ki, Bakıda keçirilən "Sabahın alimləri" özünün obyektivliyi, şəffaflığı ilə seçilən, Azərbaycan şagirdlərinə elmi layihələrini beynəlxalq səviyyədə nümayiş etdirməyə şərait yaradan ən nüfuzlu müsabiqədir. Builki müsabiqənin açılış mərasimində Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun şəxsən iştirakı, onun bizim şagirdlərlə səmimi görüşü, ünsiyyəti hər birimizdə xoş təəssürat oyadıb.

Bizi qarşıda çox çətin və məsuliyyətli bir səfər gözləyir. Hazırda qeyd etdiyim kimi  bu ilin may ayında ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində keçiriləcək İntel İSEF- Beynəlxalq Elm və Mühəndislik Sərgisində layihə ilə iştirak etməyə hazırlaşırıq. Fürsətdən istifadə edərək qəzetiniz vasitəsi ilə bizə elmi dəstək göstərən, öz elmi-tədqiqat işlərini aparmaq üçün ən müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarını şagirdlərimizin ixtiyarına verən Bakı Dövlət Universitetinin və Qafqaz Universitetinin professor-müəllim heyətlərinə minnətdarlığımızı bildirirəm.

Bilirsiniz, İntel İSEF müsabiqəsinin şagirdlərimiz üçün yaratdığı imkanlardan biri də onları maraqlandıran sahələrdə çalışan dünya şöhrətli alim  və görkəmli mühəndislərlə ünsiyyətdə olmasıdır. Burada şagirdlər dünyaca məşhur insanlara suallar vermək və apardıqları tədqiqatların perspektivləri barədə daha çox məlumat əldə etmək kimi gözəl bir fürsət qazanırlar.

Bir haşiyə çıxmaq istərdim. Tale elə gətirdi ki, 1971-ci ildə atamla M.V.Lomonosov adına Moskva Dövlət Universitetində elmlərin tarixi üzrə keçirilən beynəlxalq elmi konqresdə iştirak etdim. Onda mənim 18 yaşım var idi  və Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsinin tələbəsi idim. Mənə orada Nobel mükafatçısı  Dmitriy İvanenko ilə  tanış olmaq müyəssər oldu. Beynəlxalq elmi  konqresdə həmçinin dünyanın bir sıra nüfuzlu alimləri ilə də ünsiyyətim oldu. İllər keçsə də həmin hadisə mənim yaddaşımda xoş izlər buraxıb. Elə mənim fizika fakültəsini seçməyimdə də atamla yanaşı, Azərbaycanın görkəmli alimlərindən biri, vaxtilə Azərbaycan Elmlər Akademiyasının (indiki Milli Elmlər Akademiyası) prezidenti  və Fizika İnstitutunun direktoru olmuş mərhum Həsən Abdullayev xüsusi rol oynayıb.

Artıq İntel İSEF-ə göndəriləcək  şagirdlərimizin layihələri ingilis dilində hazırlanıb. Şagirdlərimizin hər üçü də mükəmməl ingilis dilində danışır. Ümid edirəm ki, komandamız Amerikada ölkəmizi layiqincə təmsil edəcəkdir.    

Söhbəti qələmə aldı: Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi" 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov