Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Mart 2014 - №11

 

Bir qrup müəllim Böyük Britaniyada təlim səfərində olub

 

Böyütmək üçün şəkili seçinAzərbaycandan bir qrup müəllim 15-23 mart 2014-cü il tarixlərində Böyük Britaniyanın Saint Mary’s Universitetində təlim səfərində olmuşdur.

Nümayəndə heyətinin tərkibinə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov, Britaniya Şurasının təhsil proqramlarının rəhbəri Gülşən Hüseynova, Salyan şəhər 7 nömrəli məktəbin ingilis dili müəllimi Səidə Mirzəyeva, Bakı şəhəri 18 nömrəli məktəbin ingilis dili müəllimi Fatimə Məmmədova, Zaqatala şəhər Zərifə Əliyeva adına liseyin ingilis dili müəllimi Xuraman Muradova, Lənkəran şəhər 4 nömrəli Humanitar təmayüllü məktəb-liseyin ingilis dili müəllimi Aynur Axundova, Bakı şəhəri 304 nömrəli məktəb-liseyin ingilis dili müəllimi  Ülkər Əliyeva, Şəki şəhər 8 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Ülkər Əliyeva, Bakı şəhəri 132-134 nömrəli təhsil kompleksinin ingilis dili müəllimi Mədinə Əhmədova, S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyasının ingilis dili müəllimi, təlim-tərbiyə işləri üzrə direktor müavini Səbinə Turabova,  Bakı şəhəri "Ankara məktəbi" məktəb-liseyinin ingilis dili müəllimi Çinarə Babayeva, Bakı şəhəri 23 nömrəli məktəbin ingilis dili müəllimi Lalə Ləbibova, Xaçmaz şəhər 8 nömrəli məktəbin ingilis dili müəllimi Tamilla Əliyeva daxil olmuşdur.

Təlim səfəri "XXI əsrin müəllimi" proqramı çərçivəsində İngilis dilinin intensiv tədrisi layihəsinin icra planına əsasən həyata keçirilmişdir. Layihə çərçivəsində 50 pilot məktəbindən seçilmiş 11 nəfər müəllim Böyük Britaniyanın London şəhərində Saint Mary’s Universitetində keçirilən təlimlərə cəlb olunmuşdur.

Qeyd etmək lazımdır ki, İngilis dilinin intensiv tədrisi layihəsi 2008-ci ildən Bakı şəhərinin 7 pilot məktəbində başlanmış, yeni proqram və dərsliklər, tədris metodikası tətbiq edilmişdir. Hazırda pilot məktəblərin sayı, regionlar da əhatə olunmaqla 50-yə çatmışdır. Ötən müddət ərzində pilot məktəblərin 800-dək ingilis dili müəllimi üçün təlimlər təşkil edilmişdir. Böyük Britaniyadan dəvət olunmuş müstəqil ekspertlər tərəfindən layihənin monitorinqi aparılmış və nəticələr yüksək qiymətləndirilmişdir. Eyni zamanda bu layihə cəmiyyət tərəfindən, o cümlədən valideynlər, müəllimlər, şagirdlər tərəfindən böyük razılıqla qarşılanmışdır.

Təlim səfərinin ilk günü nümayəndə heyəti universitet kampusu ilə tanış olmuşdur. Saint Mary’s Universiteti 1850-ci ildən fəaliyyət göstərir. Universitetin qədim və müasir korpusları, teatrı, idman kompleksləri, olimpiya hazırlıq mərkəzləri tələbələrin keyfiyyətli təhsil almasına zəmin yaradır. Universitetin özəl xüsusiyyətlərindən biri odur ki, burada müxtəlif fənlər üzrə müəllim hazırlığı və müəllimlərin peşəkar inkişafı həyata keçirilir. Bu təhsil ocağı məzunlarının işlə təmin olunma faizinə görə Böyük Britaniyada yüksək reytinqə malikdir. Belə ki, məzunların 96 faizi bitirdiyi ildə işlə təmin olunur ki, bu da yüksək keyfiyyət göstəricisidir.

Müəllimlər üçün təlimlər universitetin əməkdaşı, təcrübəli təlimçi Kler Brennok tərəfindən aparılmışdır. Təlim prosesində 4 sahə üzrə (oxu, yazı, dinləmə, danışıq) müəllimlərə müvafiq kompetensiyalar aşılanmışdır:   

* ingilis dilində düzgün və sürətli danışıq bacarıqlarının inkisafı üçün praktik tapşırıqlar;

* oxu və dinləmə öyrənmə məqsədləri kimi;

* şagirdlərin motivasiyasının inkişaf etdirilməsi;

* birgə əməkdaşlığın inkişafı;

* tələffüzün inkişafı;

* peşəkar inkişaf üçün tapşırıqlar;

* sərbəst öyrənmə;

* tapşırıq əsaslı öyrənmədə yeni yanaşmalar;

* akademik təqdimat bacarıqlarının inkişaf etdirilməsi;

* akademik yazı bacarıqlarının inkişaf etdirilməsi;

* ingilis dilinin tədrisində planlaşdırma;

* müəllimlərin şagirdlər tərəfindən qiymətləndirilməsi təcrübəsi;

* şagirdlərin oxu bacarıqlarının inkişaf etdirilməsi;

* dilin tədrisində qiymətləndirmənin rolu;

* yeni sözlərin öyrənilməsində yazının rolu;

* ingilis dili dərslərində tənqidi təfəkkürün inkişafı;

* dilin tədrisində İKT-dən istifadə;

* ingilis dili dərslərində idarəetmə və qiymətləndirmə;

* kreativ pedaqogika və dil təlimi;

* vizual nitq texnologiyalarından istifadə etməklə təqdimat qabiliyyətinin inkişafı;

* sinfin idarə edilməsi;

* dərsin planlaşdırılması;

* səhvlər üzərində iş;

* xarici dilin təhlili yeni sözlərin tədrisi;

* fonologiya üzrə iş;

* çoxsəviyyəli təlim üsulları;

* dərsin qiymətləndirilməsi;

* əyləncəli tapşırıqlarla iş;

* qrup işinin təşkili;

* qrammatikanın tədrisində uğurlu strategiyalar;

* peşəkarlığın davamlı inkişafı;

* elektron lüğətlərdən tədrisdə istifadə.  

Təlimin sonunda qiymətləndirmə aparılmış və bütün iştirakçılar yüksək nəticələr nümayiş etdirmişlər. Müəllimlərə beynəlxalq səviyyəli sertifikatlar təqdim edilmişdir. Hər bir müəllim təlim səfəri ilə bağlı hesabat hazırlamış, təlimlərin son dərəcə əhəmiyyətli olduğunu bildirmişdir.

Tamilla Əliyeva: "Təlim çox maraqlı idi. Müxtəlif üsullar, iş formalarını öyrənmək məqsədilə keçirilən müzakirələr bizim təcrübəmizin zənginləşməsində böyük rol oynadı. Təlim bir-birindən maraqlı oyun və tapşırıqlardan istifadə etməklə müxtəlif formalarda aparılırdı. İndi mən öyrəndiklərimi bölüşməyə və tətbiq etməyə hazıram".

Çinarə Babayeva: "Düşünürəm ki, belə təlimlərin təşkili müəllimlərin inkişafı üçün çox vacibdir. Yeni metodlarla tanışlıq dərslərin daha da keyfiyyətli olmasına çox kömək edir. Hər bir müəllim əldə etdiyi yeni bilikləri digər müəllimlərlə bölüşməklə Azərbaycan təhsilinin inkişafı üçün böyük addım atmış olar. Bunu nəzərə alaraq mən məktəbimizdə keçiriləcək növbəti pedaqoji şurada keçdiyim təlimlə baglı məlumat verəcəyəm".

Səbinə Turabova: "Biz təlim zamanı müxtəlif texnologiyalar və metodları öyrəndik. Təlim çərçivəsində London məktəblərindən birində yerli müəllimlərin dərslərini izlədik. Müxtəlif dildə danışan tələbələrin ingilis dilini necə öyrəndiklərinin şahidi olduq. Hər birimiz ayrı-ayrı dərsləri müşahidə etdik və sonra birlikdə müşahidələrimizi bölüşdük. Təlim prosesi çox maraqlı keçdi".

Səidə Mirzəyeva: "Biz təlim zamanı çox aktiv işləyir, verilən tapşırıqları qruplar, cütlər və ya fərdi şəkildə yerinə yetirirdik. Təlimçi ilə birlikdə Londonun bir məktəbində dərsləri müşahidə etdik. Müşahidə etdiyimiz dərsdə tətbiq edilən təlim texnologiyaları mənim üçün çox maraqlı oldu. Təlimdə əldə etdiyim bilik və bacarıqları, innovasiyaları öz fəaliyyətimdə tətbiq etmək və həmkarlarım üçün nümunəvi dərs təşkil etməyə hazırlaşıram".

Fatimə Məmmədova: "Biz  dərslərin səmərəli təşkili və planlaşdırılması, oxu bacarıqlarının inkişafı, oxu zamanı yeni strategiya və texnikalardan istifadə, debatların, dialoqların təşkili, sərbəst mövzularda ünsiyyətin qurulması, inkişaf səviyyələrinə uyğun tədris materiallarının seçilməsi üzrə bacarıqlar əldə etdik. Mən bu təlimdən əldə etdiyim bilik və materiallardan istifadə edərək dərslərimin daha maraqlı və yaddaqalan olması üçün çalışacağam. Eyni zamanda "açıq dərs"lər təşkil edərək müəllim həmkarlarıma yeni dərs üsullarını nümayiş etdirəcəyəm".

Xuraman Muradova: "Təlim səfəri çox faydalı idi. Birincisi, kitablardan haqqında oxuduğumuz və gördüyümüz, dilini şagirdlərimizə öyrətdiyimiz ölkə indi gözümüzün önündə idi. İkincisi, öyrəndiyimiz bilikləri dərslərimizdə tətbiq edə bilərik. Digər tərəfdən isə tipik ingilis ailəsində qaldığımız müddətdə onların adət- ənənələri, mədəniyyətləri ilə yaxından tanış olduq. Öyrəndiyim bilikləri digər ingilis dili müəllimləri ilə paylaşmaq üçün öz məktəbimdə kiçik bir kurs təşkil etməyi planlaşdırıram. İstərdim ki, belə kurslar ölkəmizdə də tez- tez təşkil olunsun və müəllimlər bu imkandan faydalana bilsinlər".

Aynur Axundova: "Belə bir təlimdə iştirak etmək mənə təcrübəmi müəllimlərlə bölüşmək imkanı verdi. Həm öz məktəbimin, həm də AzETA üzvü olan müəllimlərlə təcrübə mübadiləsi edəcəyəm. Yaşadığım rayon paytaxtdan uzaqda yerləşsə də ən böyük məqsədim keyfiyyətli tədris sahəsində paytaxt məktəblərindən geri qalmamaqdır. Yaxın gələcəkdə təlimçi kimi fəaliyyət göstərməyi də planlaşdırıram".

Ülkər Əliyeva (Bakı şəhəri 304 nömrəli məktəb): "Təlim mənim üçün həddən artıq faydalı oldu. Dilin tədrisində müasir texnologiyalardan istifadə, kommunikativ yanaşmaya əsaslanan təlim sahəsində kompetensiyalara yiyələndim. Eyni zamanda Londonun tarixi yerləri və Saint Mary’s Universiteti ilə tanışlıq məndə böyük təəssürat yaratdı.Təlim zamanı öyrəndiklərimi dərslərimdə tətbiq etməyə və tədrisin keyfiyyətini yüksəltməyə çalışacağam".

Ülkər Əliyeva (Şəki şəhər 8 nömrəli məktəb): "Təlim iştirakçısı olaraq bilik və bacarıqlarımı xeyli zənginləşdirdim. Qazandığım kompetensiyaları məktəbimizin müəllimlərinə aşılamaq üçün seminar təşkil etməyi, AzETA Şəki filialında digər məktəblərin müəllimləri üçün təlimlər keçirməyi, AzETA-nın beynəlxalq konfransında təqdimat keçirməyi, təlimçi kimi regionlarda müəllimlərlə öz bilik və bacarıqlarımı bölüşməyi planlaşdırıram".

Lalə Ləbibova: "Təlim zamanı müxtəlif səviyyəli şagirdlərlə iş, sinfin idarə olunması, yazı, oxu, dinləmə və danışıq vərdişlərinin  inkişafı sahəsində zəruri bacarıqlara yiyələndim. Ən əhəmiyyətli cəhətlərdən biri o oldu ki, biz xarici dilin tədrisi ilə bağlı suallarımıza ətraflı cavablar aldıq, təlimçi ilə geniş müzakirələr apardıq, qruplarda işləməklə praktik kompetensiyalar əldə etdik".

Mədinə Əhmədova: "5 günlük təlimi özüm üçün çox uğurlu sayıram. Belə ki, əvvəlki biliklərimi təkrarlamaqla yanaşı, yeniliklərə də yiyələnmişəm. Əsasən aşağı siniflərdə dərs dediyimi nəzərə alsaq, mənim üçün yeni üsul və texnologiyalardan geniş istifadə xüsusilə əhəmiyyətli oldu. Əldə etdiyim bilik və təcrübəni yaxın vaxtlarda Bakı şəhəri 132-134 nömrəli təhsil kompleksindən olan həmkarlarım, daha sonra isə digər məktəblərdəki ingilis dili müəllimləri ilə bölüşməyi düşünürəm".

Təlim səfərinin özəl cəhətlərindən biri də hər bir müəllimin ingilis ailələrində qalması, həmin ailələrdə onlar üçün otaqların ayrılması və şəraitin təmin edilməsi, ingilis dili daşıyıcıları ilə birbaşa ünsiyyət imkanlarının yaradılması olmuşdur. Müəllimlər bir həftə müddətində ailələrdə yaşamaqla həmin xalqın adət-ənənəsi, mədəniyyəti ilə tanış olmuş, eyni zamanda qaldıqları ailələrə Azərbaycan mədəniyyəti və milli dəyərləri barədə geniş məlumatlar vermişlər.

Müəllimlər təlimdən əhəmiyyətli dərəcədə faydalandıqlarını bildirmiş, belə bir imkanın yaradılmasına görə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və Britaniya Şurasının Azərbaycan nümayəndəliyinə minnətdarlıqlarını bildirmişlər.

Səfər çərçivəsində nümayəndə heyəti Saint Mary’s Universitetində müəllim hazırlığı və müəllimlərin peşəkar inkişafı üzrə departamentlərdə görüşlər keçirmiş, bu sahədə universitetin təcrübəsi ilə tanış olmuşdur.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov