Sumqayıtda şəhər icra hakimiyyətinin təşəbbüsü və
təşkilatçılığı ilə Qarabağ tarixinə həsr olunmuş
elmi-praktik konfrans keçirilib. Konfransda çıxış edən
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Elgin
Həbibullayev tariximizin öyrənilməsinin, onun qaranlıq
səhifələrinin araşdırılmasının vacibliyini xüsusi
vurğuladı. Bildirildi ki, hər bir gənc ölkəmizin şanlı
tarixi, onun keçmişdə üzləşdiyi faciələrlə bağlı dərin
biliklərə mailk olmalı, müstəqilliyə gedən yolda qarşıya
çıxan çətinliklərin bütün mürəkkəb məqamlarını dərk
etməlidir.
Qeyd edildi ki, beynəlxalq aləmdə erməni ideoloqlarının
uydurmalarının geniş miqyasda ifşa olunmasına
baxmayaraq, erməni millətçiləri tarixi öz xeyirlərinə
saxtalaşdırmaqdan əl çəkmirlər. Erməni faşistləri
havadarlarının kölgəsinə sığınaraq öz cinayətlərinə haqq
qazandırmağa, dövlətimizin artan nüfuzuna zərbə vurmağa
cəhd edirlər. Ona görə də məktəblərdə, orta ixtisas və
ali təhsil müəssisələrində erməni yalanları sistemli
surətdə aşkarlanmalı və hərbi-vətənpərvərlik mövzusu
geniş təbliğ edilməlidir.
Tədbirdə çıxış edən məktəblilər Qarabağın tarixi ilə
bağlı daha dərin biliklərə malik olduqlarını
göstərdilər.
Konfransda çıxış edən gənclər Ermənistanın Azərbaycan
torpaqlarında dövlətçiliyini elan edən işğalçı faşist
dövlət olduğunu vurğuladılar.
Qarabağın təbii ehtiyatları, əraziləri, tarixi abidələri
və qalaları, insanları barədə geniş məlumat verən
məktəblilər Azərbaycanın müqəddəs və ən gözəl guşəsinin
düşmən tapdağı altında olduğunu ürəkağrısı ilə qeyd
etdilər.
Sonra Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsini
icra edən Vaqif Ələkbərov gənclərimizin qarşısında duran
vəzifələrdən, tariximizin qorunub saxlanması və
təbliğindən geniş söhbət açdı. Bildirildi ki, son bir
neçə ildə məktəblilərin hərbi-vətənpərvərlik tərbiyəsini
daha da yaxşılaşdırmaq məqsədilə Sumqayıtda hərbi parad,
"Şəhər günü", "Kitab bayramı" və digər tədbirlər
keçirilir.
Konfransda fərqlənən şagirdlərə qiymətli hədiyyələr
təqdim olundu.
Sumqayıt Şəhər Təhsil Şöbəsinin Mətbuat xidməti |