Martın 18-də Azərbaycan Dillər Universitetinin rektoru,
Milli Məclisin deputatı, professor Səməd Seyidov
Yunanıstan Parlamentinin deputatı, Avropa Şurası
Parlament Assambleyasının (AŞPA) Yunanıstandan olan üzvü
Marias Epameinondası qəbul etdi.
Universitet haqqında məlumat verən rektor, professor
Səməd Seyidov ADU-nun ali təhsil müəssisələri içərisində
xüsusi yeri olduğunu qeyd etdi. ADU-nun tarixindən
danışan rektor universitetin beynəlxalq əlaqələrindən
söz açdı. O, universitetin müxtəlif dillərin, o cümlədən
beynəlxalq münasibətlərin öyrənilməsi sahəsində böyük
ənənə və təcrübəyə malik olduğunu vurğuladı. Ölkəmizin
təhsil sistemində aparılan islahatlardan, dövlət
proqramlarından söz açan rektor Azərbaycanın Avropanın
bir hissəsi olduğunu bildirdi. ADU-nun Avropa Birliyinin
proqramlarında iştirakını və bu proqramlar çərçivəsində
müxtəlif layihələr həyata keçirdiyi vurğulandı. Tələbə
və müəllim mübadiləsinin universitetin beynəlxalq
əlaqələrində xüsusi yer tutduğu diqqətə çatdırıldı.
Universitetdə Qərbi Avropa dilləri ilə yanaşı, Şərq
dillərinin də öyrənildiyi qeyd edildi. Rektor, professor
Səməd Seyidov tələbələrlə görüşə razılıq verdiyi üçün
qonağa təşəkkürünü bildirdi.
Yunanıstan Parlamentinin deputatı, Avropa Şurası
Parlament Assambleyasının (AŞPA) Yunanıstandan olan üzvü
Marias Epameinondas səmimi qəbula görə təşəkkür etdi. O,
bugünkü məruzənin tələbələrə maraqlı olacağına
əminliyini ifadə etdi.
Görüşdən sonra qonaq ADU-nun regionşünaslıq və
beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq
münasibətlər, britaniyaşünaslıq, amerikaşünaslıq,
skandinaviyaşünaslıq, fransaşünaslıq, almaniyaşünaslıq
ixtisası üzrə təhsil alan tələbələri və fakültə
müəllimləri ilə görüşdü. Fakültə dekanı Anar Nağıyev
Marias Epameinondası tələbələrə təqdim etdi. Cənab
Marias Epameinondas "Yunanıstan və Azərbaycanın Avropa
Şurası Parlament Assambleyasında sədrliyinin müqayisəli
təhlili" mövzusunda mühazirə oxudu. Tələbələr tərəfindən
maraqla qarşılanan mühazirənin sonunda qonaq sualları
cavablandırdı.
ADU-nun İctimaiyyətlə əlaqələr departamenti |