Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami
adına Ədəbiyyat İnstitutunda böyük maarifpərvər ziyalı
Əli bəy Hüseynzadənin anadan olmasının 150 illiyi
münasibətilə elmi sessiya keçirilib.
Elmi sessiyanı giriş sözü ilə AMEA-nın vitse-prezidenti,
Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik
İsa Həbibbəyli açaraq böyük türkoloq alim Əli bəy
Hüseynzadənin həyat və yaradıcılığı barədə ətraflı
məlumat verib. Azərbaycan Prezidenti cənab İlham
Əliyevin "Əli bəy Hüseynzadənin 150 illik yubileyinin
keçirilməsi haqqında" 21 yanvar tarixli sərəncamını
yüksək dəyərləndirən akademik İsa Həbibbəyli bu tarixi
sənədi, bir növ, görkəmli alimə verilən siyasi bəraət
kimi səciyyələndirib. Qeyd edilib ki, yazıçı, publisist,
şair, Azərbaycan ictimai-mədəni həyatı və milli mətbuat
tarixində böyük rolu olan alim Əli bəy Hüseynzadənin
irsi sovet dövründə demək olar ki, araşdırılmamış,
vaxtilə ona "panislamist", "pantürkist" damğaları
vurularaq ədəbi-ictimai fəaliyyətinə kölgə salınmış,
əsərləri qadağan edilmişdir. Lakin müstəqillik illərində
görkəmli Azərbaycan mütəfəkkiri və maarifçisinin irsi
müəyyən araşdırmalara cəlb olunmuş, əsərləri işıq üzü
görmüşdür.
Filologiya üzrə elmlər doktoru, professor Şamil
Vəliyevin "Əli bəy Hüseynzadə və XX əsrin əvvəllərinin
ədəbi prosesi", filologiya üzrə elmlər doktoru Zaman
Əsgərlinin "Əli bəy Hüseynzadənin həyatı və mühiti",
filologiya üzrə fəlsəfə doktoru Sevil Qaraşovanın "Əli
bəy Hüseynzadə yaradıcılığı və Qərb ictimai-siyasi
fikri", filologiya üzrə elmlər doktoru Şərəf Cəlillinin
"Əli bəy Hüseynzadənin ideyaları və müasirlik", həmçinin
filologiya üzrə elmlər doktoru Gülər Abdullayevanın "Əli
bəy Hüseynzadə və müasirləri" mövzularında məruzələri
dinlənilib.
Böyük ədibin qardaşı nəvəsi Cəmilə xanım Hüseynzadə
təkcə Əli bəy deyil, nəsillərinin digər tanınmış
nümayəndələri barədə maraqlı məlumatlarla çıxış edərək
göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin
minnətdarlığını bildirmişdir.
Ağahüseyn ŞÜKÜROV,
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Mətbuat
xidmətinin rəhbəri |