Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Mart 2014 - №11

 

"Azərbaycan müəllimi" - 80

Tanınmış imzalar

 

Azərbaycan şeirində əruz vəzni 

Min illərdən bəri bir sıra Yaxın Şərq xalqlarının malı olan, onların şairləri tərəfindən tətbiq edilən əruz vəzni mənşəcə ərəb mədəniyyətilə bağlıdır. Şərq ədəbiyyatşünaslarının bəzilərinin dediklərinə görə, əruz vəzni ərəb mənzum xalq ədəbiyyatının vəznlərindən yaradılmışdır. Xalq şairləri şeirlərini Ərəbistan çöllərində hərəkət edən dəvə karvanlarının yeriş ahənginə uyduraraq söyləmişlər. Bu ibtidai şeir ölçüləri getdikcə inkişaf edib yazılı ədəbiyyata keçmiş və tədriclə bir sıra şeir vəznləri əmələ gəlmişdir. Sayca məhdud olan bu vəznlər sonralar şairlər tərəfindən genişləndirilmiş, indiki əruz vəzninin ilk əsaslarını təşkil edən müxtəlif vəzn növləri yaradılmışdır.

Əruz vəznini ilk dəfə bir sistem şəklinə salan VIII əsrdə yaşamış Xəlil ibn-Əhməd adlı bir alim olmuşdur.

Xəlil ibn-Əhmədin tərtib etdiyi əruz sistemində on beş bəhr olmuşdur. Sonralar onun bu sisteminə bir ərəb əruzçusu yenə bir bəhr, fars əruzçuları da üç bəhr əlavə etmişlər. Beləliklə, əruz vəzninin on doqquz bəhri meydana çıxmışdır. Bu on doqquz bəhr ərəblər, farslar, türklər, azərbaycanlılar və Orta Asiya xalqları arasına yayılmış, hər xalq bunlardan öz dillərinə müvafiq olanlarını seçərək ədəbiyyatlarında işlətmişlər.

Azərbaycan şairləri bu on doqquz bəhrin on birini seçmişlər, sonra buna orta əsrlərin fars ədəbiyyatına mənsub olan "rubai"ni də əlavə etmişlər. Demək, bizim ədəbiyyatımızda rubaini də daxil etsək, əruz vəzninin on iki bəhri vardır.

Azərbaycan şairləri ərəbin və farsın əruzunu olduğu kimi qəbul etməmişlər. Onlar əruzun ancaq Azərbaycan dilinə uyğun olan bəhrlərini götürmüşlər. Bunun nəticəsində Azərbaycan əruzu adlanan bir vəzn sistemi əmələ gəlmişdir. Azərbaycan əruzu bəhrlərinin adları bunlardır: həzəc, rəməl, rəcəz, mütəqarib, müzare, müğtəc, münsərih, mütədarik, xəfif, səri, kamil və rubai... 

Əkrəm CƏFƏR
"Azərbaycan müəllimi"
19 iyul 1956-cı il, №29


 Elm ictimai şüur formasıdır 

Elm ictimai şüur formalarından biri olmaq etibarilə bizi əhatə edən dünya haqqında, təbiət və cəmiyyətin inkişaf qanunları haqqında biliklər sistemidir. Obyektiv aləmin təhrif olunmuş inikasını verən dinin tam əksinə olaraq, elm dünyanı ona heç bir kənar şey əlavə etmədən özlüyündə olduğu kimi öyrənir və faktlara, təcrübədə yoxlanılmış nəticələrə əsaslanaraq dünyanın doğru, düzgün mənzərəsini verir.

Elm cəmiyyətin əməli tələbatı üzündən yaranmış və inkişaf etmişdir. Elmin inkişafı maddi istehsalın inkişafı ilə sıx bağlıdır.

Qədim dövrlərdə insanların əmək fəaliyyəti prosesində yaranmış biliklər olduqca bəsit və məhdud olmuşdur. Bu biliklər cəmiyyətin inkişafı gedişində tədricən zənginləşmiş, tərəqqi etmiş və müasir səviyyəyə gəlib çatmışdır. İnsan idrakı biliksizlikdən bilikliliyə, ibtidai, bəsit, natamam bilikdən ali, mürəkkəb və tam biliyə doğru inkişaf etmişdir.

Elm maddi nemətlər istehsal edən xalq kütlələrinin əmək fəaliyyətinin nəticəsi olaraq meydana gəlmişdir. Təbiətə qarşı bacarıqla mübarizə aparmaq, istehsalı inkişaf etdirmək, əmək prosesini asanlaşdırmaq və yüngülləşdirmək zəruriyyəti insanları maddi aləmin qanunauyğunluqlarını, təbiət və cəmiyyətdə baş verən hadisələrin həqiqi səbəblərini öyrənməyə vadar etmişdir.

Məsələn, astronomiya elmi ilin fəsillərini, səma cisimlərinin hərəkət qanunlarını öyrənmək zəruriyyətindən meydana gəlmişdir. Bunun kimi başqa elmlər də tarixən cəmiyyətin maddi həyat şəraitinin tələbindən yaranmış və bu tələb elmlərin inkişafını müəyyən etmişdir... 

F.KÖÇƏRLİ,
fəlsəfə elmləri namizədi
"Azərbaycan müəllimi",
9 avqust 1956-cı il, №32


Bədii sözün böyük ustadı 

(M.S.Ordubadinin anadan olmasının 90 illiyi münasibəti ilə) 

Məmməd Səid Ordubadi tam 50 il qələm çalmış, ədəbiyyatımızın, ümumiyyətlə, ictimai fikir inkişafımızın tarixində silinməz izlər buraxıb getmişdir. Onun yarım əsr davam edən zəngin ədəbi fəaliyyəti və heç bir vaxt, heç bir şəraitdə fasilə verməyən coşğun ictimai fəaliyyəti Azərbaycan tarixinin son dərəcə gərgin, mürəkkəb də, eyni zamanda şanlı mübarizələrlə dolu olan bir dövrünə təsadüf edir.

Keçən əsrin 90-cı illərindən başlayıb XX əsrin bütöv birinci yarısını əhatə edən bu dövrdə xalqımızın siyasi, ictimai və ədəbi həyatında elə bir böyük və ya kiçik hadisə yoxdur ki, Ordubadi orada iştirak etməmiş olsun. Bu keşməkeşlər, bu siyasi qarşıdurmalar dövrünün qalın tarix kitabını varaqladıqca, demək olar ki, onun hər səhifəsində biz Ordubadi - şair, Ordubadi - mollanəsrəddinçi, Ordubadi - mətin bolşevik, inqilabçı, Ordubadi - döyüşkən mühərrir, Ordubadi - böyük romançı, Ordubadi - yorulmaz ictimai xadim ilə üz-üzə gəlir, onun ədəbi yaradıcılıq vüsətinin genişliyinə, rəngarəngliyinə, yazıçılıq fantaziyasının dərinliyinə, bədii təxəyyülünün daim irəliləməsinə, daim qanad çalmasına valeh olur, qeyri-ixtiyari öz-özümüzə deyirik: insan nə qədər işləyər, nə qədər yazar, nə qədər yaradarmış?.. 

Abbas ZAMANOV
 "Azərbaycan müəllimi",
5 avqust 1962-ci il, №62


 Böyük alim və mütəfəkkir 

(Qalileyin anadan olmasının 400 illiyi münasibəti ilə) 

Qalileo Qaliley klassik fizikanın (mexanika) əsas banilərindən biri, böyük astronom, riyaziyyatçı, Kopernikin Heliosentrik sistemini inkişaf etdirən, Ptolomey sisteminin yanlışlığını qabarıq şəkildə zahirə çıxaran, kainatın sonsuzluğunu, materiya və hərəkətin əbədiliyini əsaslandıran, Aristotel fizikasını dağıdan, zəmanəsinin qabaqcıl dünyagörüşlü böyük bir alimi, mütəfəkkiri və ədibidir.

Fəlsəfi nöqteyi-nəzərdən mexaniki materialist olan Qaliley həqiqətin müşahidə və təcrübələr vasitəsi ilə dərk edilməsinə inanır, elmi tədqiqatda yalnız məntiqi təhlil, riyazi mühakimə deyil, təcrübənin böyük və həlledici əhəmiyyəti olduğunu yaradıcı surətdə əsaslandırırdı.

Qaliley zəmanəsinin qabaqcıl şəxsiyyətlərindən biri olub mütərəqqi ideyaların yayılmasına təkan verən, sxolastik məntiqə əsaslanan "sübutların" puç və mənasız olduğunu göstərərək elmi dindən, ilahiyyatdan ayırmağa cəhd edən, köhnəliyi dağıdan elmin və cəmiyyətin inkişafı üçün yeni-yeni yollar açmışdır.

Məhz buna görə də o, tarixi nöqteyi-nəzərindən dövrünün mütərəqqi və mübariz siması, elmin ən böyük korifeylərindən biridir...

...Qaliley 17 yaşında Pizan Universitetinə daxil olub təbabət aləmini öyrənməyə başlamış, lakin az vaxtdan sonra ən çox sevdiyi fizika və riyaziyyat sahəsinə keçmiş, bu sahədə böyük istedad göstərmiş və nəticədə Aristotel fizikasının yanlışlığını ifşa etmiş, təbiət elmlərinin təməlini yenidən qurmuş, onun gizli sirlərini açmış və materializm dünyagörüşünün inkişafına böyük bir təkan vermişdir...

...Qaliley 28 yaşında riyaziyyat professoru olur və həmin dövrdə riyaziyyata dair bir sıra əsərlər yazır... 

A.ABBASZADƏ,
professor, RSFSR Pedaqoji Elmlər Akademiyasının müxbir üzvü
"Azərbaycan müəllimi",
13 fevral 1964-cü il, №13


Böyük müəllim 

Azərbaycan ədəbiyyatı tarixində yeni ədəbi məktəb banisi kimi şöhrətlənmiş böyük şair və yazıçıların demək olar ki, hamısı eyni zamanda xalq müəllimi olmuş, gənc nəslin təlim-tərbiyəsində şəxsən iştirak etdikləri üçün fəxr etmişlər. Böyük Füzulinin müəllimlik etdiyi rəvayət olunursa, Molla Pənah Vaqifin Tərtərbasarda və Şuşa şəhərində məktəb açıb dərs verdiyi, Mirzə Şəfi Vazehin, M.F.Axundovun Tiflisdə müəllimlik etdikləri, Seyid Əzim Şirvaninin Şamaxıda yeni üsulda məktəb açıb dərs dediyini tarixi vəsiqələr aydın göstərir.

Qələmlə təbaşirdən eyni məqsəd üçün istifadə etmək, yazıçılıq fəaliyyəti ilə müəllimlik fəaliyyətini eyni dərəcədə yüksək qiymətləndirmək XX əsr ədib və şairlərimiz üçün də səciyyəvidir. Abdulla Şaiq, S.S.Axundov, Abbas Səhhət, C.Məmmədquluzadə, H.Cavid və başqa tanınmış şair və ədiblərimiz eyni zamanda görkəmli xalq müəllimi idilər. Azərbaycan xalqının böyük şairi M.Ə.Sabir də öz sələfləri kimi, yazıçılıq fəaliyyəti ilə birlikdə dövrünün ən görkəmli müəllimlərindən biri olmuşdur. O, Şamaxıda məktəbi-ümmid açmış və Balaxanıda nəşri-maarif cəmiyyətinin məktəbində müəllimlik etmiş, həmin kənddə fəhlələr üçün açılmış gecə kursunda pulsuz dərs demişdir. Şairin dərs dediyi tələbələr içərisindən istedadlı siyasi xadimlər, maarif və mədəniyyət adamları, şairlər və ədiblər də yetişmişdir.

Öz böyük sələfləri kimi Sabirin müəllimlik fəaliyyəti də yalnız sinif daxilində məhdud qalmamışdır. O, xalqın böyük tərbiyəçisi olaraq, müəllimlik fəaliyyətində çox geniş dairəni əhatə etmişdir... 

Həmid ARASLI,
filoloji elmlər doktoru, professor

"Azərbaycan müəllimi",
31 may 1962-ci il, №43


 Təşəkkür 

(Sinif rəhbərlərinə ithaf edirəm)

 

O, məktəbdən evə döndü,

Çantasını qoydu yerə.

Uzanaraq divan üstə

Getdi dərin fikirlərə.

 

Şər qarışdı... Axşam oldu,

Heç şey onu güldürmədi,

O öz ürək sirrini də,

Anasına bildirmədi.

 

Qoşa dağlar vadisindən

Bu şəfalı kəndə sarı,

İşıq saçıb, nur ələdi

Elektrik lampaları...

 

Güşad oldu aynəbəndlər,

Radiolar dilə gəldi.

İşdən çıxıb müəllimə

Düz şagirdigilə gəldi.

 

Ana ona salam verib,

Yer göstərdi, "buyur" - dedi.

Müəllimə: - uşağınız

Bəd işlərə uyur - dedi.

 

Ananı bərk tutdu bu söz,

Fikrə getdi dərin-dərin.

Pəncərədən bahar mehi,

Əsdi yenə sərin-sərin.

 

Onlar dinib-danışmadı,

Aralığa sükut çökdü.

Ananınsa ürəyində,

Göy gurladı, yağış tökdü...

 

İslam SƏFƏRLİ
"Azərbaycan müəllimi",
16 fevral 1956-cı il,
7

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov