Təhsil Nazirliyi tərəfindən "Təhsilin inkişafı üzrə
Dövlət Strategiyası"nın əsas hədəflərinin ictimaiyyətə
çatdırılmasında KİV-in rolu" mövzusunda elan edilmiş
jurnalist yazıları müsabiqəsi başa çatıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondu və Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası ilə birgə keçirilmiş müsabiqənin məqsədi
ölkəmizdə müasir təhsil sisteminin qurulması sahəsində
aparılacaq islahatların əsas strateji istiqamətlərinin,
hədəflərinin, məzmun və mahiyyətinin KİV vasitəsilə
ictimaiyyətə çatdırılmasına nail olmaqdan, media
qurumlarının cəmiyyətin maarifləndirilməsi işinə
təşviqini stimullaşdırmaqdan ibarətdir.
Müsabiqəyə təqdim olunmuş məqalələrdə səriştəyə
əsaslanan şəxsiyyətyönümlü təhsil məzmununun yaradılması,
təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi,
səriştəli təhsilverənlərin formalaşdırılması, təhsildə
nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə
mexanizminin yaradılması, müasir tələblərə uyğun və
ömürboyu təhsili təmin edən təhsil infrastrukturunun
yaradılması, təhsil sisteminin iqtisadi cəhətdən
dayanıqlı maliyyələşdirmə mexanizminin qurulması
istiqamətləri çərçivəsində müvafiq hədəflər əhatə olunub.
Müsabiqənin münsiflər heyəti tərəfindən müəyyən edilmiş
qaliblərin yaxın günlərdə mükafatlandırılması nəzərdə
tutulub.
Müsabiqənin nəticələrinə görə, I yer üçün (5 nəfər)
1000 manat, II yer üçün (5 nəfər) 700 manat, III yer
üçün (5 nəfər) 500 manat, həvəsləndirici yer üçün (10
nəfər) 200 manat mükafat müəyyənləşdirilib. Qaliblər,
həmçinin, Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsinin xüsusi diplomu ilə
təltif olunacaqlar. |