"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət Proqramı" ilə bağlı
aparılan islahatların davamı olaraq, Nazirlər
Kabinetinin 27 noyabr 2008-ci il tarixli, 261 nömrəli
qərarı ilə təsdiq edilmiş "Azərbaycan gənclərinin xarici
ölkələrin ali məktəblərində təhsil haqlarının ödənilməsi
Qaydaları"na bir sıra dəyişikliklər edilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il
13 mart tarixli, 78 nömrəli qərarına əsasən, edilən
dəyişiklik nəticəsində tələbənin təhsil aldığı ölkəyə
daxil olmasından sonra həmin ölkə üzrə müvafiq təhsil
səviyyəsinin standart tədris müddətinə uyğun olaraq,
ödəmələr aşağıdakı kimi həyata keçiriləcəkdir:
- Bakalavriat səviyyəsi üzrə
Kanada və Böyük Britaniya - 8 ay, digər ölkələr - 9 ay;
- magistratura səviyyəsi üzrə
Böyük Britaniya - 12 ay, digər ölkələr - 10 ay;
- aspirantura, doktorantura, rezidentura səviyyələri
üzrə - 12 ay.
Müqayisə üçün bildiririk ki, əvvəlki illərdə Dövlət
Proqramı təqaüdçüləri üçün aylıq təqaüdlər tələbə təhsil
aldığı ölkəyə cari ayın 1-15-i arası daxil olduğu
təqdirdə həmin aydan etibarən, 15-i tarixindən sonra
daxil olduğu təqdirdə isə növbəti ayın əvvəlindən
etibarən ödənilirdi. Bu səbəbdən də Dövlət Proqramı
çərçivəsində 15 gündən az təhsil alan tələbəyə həmin ay
üzrə təqaüd ödənilmirdi.
Yeni dəyişikliklərdən sonra isə yuxarıda qeyd olunan
standart təhsil müddətindən əlavə təhsil dövrü üçün (ay
və gün) yaşayış xərcləri aidiyyəti ölkə üzrə aylıq
yaşayış xərci normasının bir günə düşən məbləğini əlavə
günlərin sayına vurmaqla müəyyən ediləcəkdir.
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın icrasının
təkmilləşdirilməsi istiqamətində həyata keçirilən
islahatlar gələcəkdə də davam etdiriləcəkdir. |