Martın
18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin sərəncamı ilə Bakı Slavyan Universitetinin
(BSU) rektoru vəzifəsinə təyin olunmuş Asif Hacıyev bu
təhsil müəssisəsinin kollektivinə təqdim olunub.
İlk öncə ulu öndər Heydər Əliyevin ali məktəbin
foyesindəki büstü önünə gül dəstələri qoyulub.
Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov Asif
Hacıyevi yeni təyinatı münasibətilə təbrik edib və ona
gələcək fəaliyyətində uğurlar arzulayıb.
Nazir universitetin Elmi Şurasının üzvlərini salamlayıb
və Novruz bayramı münasibətilə təbriklərini çatdırıb.
BSU-nun rektorunun təyin olunması ilə bağlı ölkə
Prezidentinin sərəncamını nəzərə çatdıran nazir dövlət
rəhbəri tərəfindən təhsil sahəsində qarşıya qoyulmuş
tələblərin milli şüurun və vətəndaşlıq mövqeyinin
inkişafından, peşəkar biliklərin verilməsi və
rəqabətədavamlı kadr hazırlığı məsələsindən ibarət
olduğunu bildirib. Bu baxımdan "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nın mühüm rolunu vurğulayan təhsil naziri
BSU-nun zəngin ənənələrə malik olduğunu qeyd edib.
Sevindirici haldır ki, Təhsil Nazirliyinin pedaqoji
ixtisaslar üzrə kadr hazırlayan universitetlərin
tələbələri arasında keçirdiyi müsabiqədə bu ali məktəbin
təmsilçiləri dördüncü yerdə qərarlaşıb. Statistik
məlumata görə, BSU məzunlarının 51 faizi müəllim kimi
çalışır.
Nazir bildirib ki, ali məktəblərin ən böyük uğur
faktorlarından biri də onu idarəedənlərin tədris
prosesinə yanaşmasından asılıdır. Bu baxımdan BSU-da
yaxşı idarəetmə ənənəsi təşəkkül tapıb.
BSU-nun rektoru Asif Hacıyev ona göstərilən etimada görə
ölkə Prezidentinə minnətdarlığını bildirib. A.Hacıyev
BSU-da formalaşmış sağlam ənənələri davam etdirəcəyini
nəzərə çatdırıb.
BSU-nun keçmiş rektoru, Azərbaycan Respublikasının
millətlərarası, multikulturalizm və dini məsələlər üzrə
Dövlət müşaviri Kamal Abdullayev ilk növbədə ölkə
Prezidentinə təşəkkürünü bildirərək yeni təyin olunmuş
rektorun universitetin kollektivi arasından
seçilməsinin, ümumilikdə ali məktəb kollektivinə etimad
kimi qəbul edildiyini söyləyib. K.Abdullayev ali
məktəbdə həyata keçirilən layihələrin bundan sonra da
uğurla davam edəcəyinə əmin olduğunu nəzərə çatdırıb. O,
ümummilli lider Heydər Əliyevin və dünyanın bir sıra
digər nüfuzlu dövlət xadimlərinin BSU-ya gəlişinin hər
zaman sevinclə xatırlandığını bildirib.
Universitetin prorektoru, millət vəkili Sahibə Qafarova,
kafedra müdiri, millət vəkili Sevinc Fətəliyevə, kafedra
müdiri Rəhilə Qeybullayeva, ali məktəbin Kölgə
Kabinetinin rəhbəri Aydan Süleymanova BSU-nun inkişaf
yolunun bundan sonra da uğurla davam etdiriləcəyinə
əminliklərini ifadə ediblər.
Təqdimat mərasiminə yekun vuran təhsil naziri Mikayıl
Cabbarov qeyd edib ki, ali məktəblərin maliyyə
resurslarının optimallaşdırılması, dövlət tərəfindən
sistemli və məqsədyönlü mexanizmlərin hazırlanması
olduqca mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan xüsusilə
də pedaqoji ixtisasları seçmiş tələbələrin təşviq
olunması ali təhsildə yeni yanaşmaların əsas tərkib
hissələrindən biridir.
Məlumat üçün qeyd edək ki, Asif Abbas oğlu Hacıyev
Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini
fərqlənmə diplomu ilə bitirib. 1982-1986-cı illərdə
C.Naxçıvanski adına hərbi təmayüllü internat-məktəbdə
tərbiyəçi-taqım komandiri işləyib.
1986-cı ildən BSU-da (keçmiş M.F.Axundov adına
Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu)
işləyir. Bu ali məktəbin Gənc Alimlər Şurasının və
Tələbə Elmi Cəmiyyətinin sədri olub. 1987-ci ildə
namizədlik, 1998-ci ildə doktorluq dissertasiyasını
müdafiə edib. 2011-ci ilin noyabrından Bakı Slavyan
Universiteti nəzdindəki Dissertasiya Şurasının sədridir.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Universitetin
ədəbiyyat nəzəriyyəsi kafedrasının professorudur.
2000-ci ilin mayından 17 mart 2014-cü il tarixinə qədər
BSU-nun tədris işləri üzrə prorektoru vəzifəsində
çalışıb. |