| 
						
						2015-ci ildə respublikanın ali elmi qurumu Azərbaycan 
						Milli Elmlər Akademiyasının təsis edilməsinin 70 ili 
						tamam olur. 
						
						Ölkədə elmi-intellektual potensialın milli sərvət kimi 
						formalaşdırılmasında, elmin dövrün tələblərindən irəli 
						gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsi və 
						onun ən müxtəlif sahələri üzrə yüksəkixtisaslı kadrların 
						hazırlanmasında Milli Elmlər Akademiyasının müstəsna 
						rolu vardır. Yarandığı vaxtdan etibarən ötən fəaliyyət 
						müddəti ərzində o, mühüm nailiyyətlər qazanmış, elmi 
						məktəblərin qurulmasına müvəffəq olmuş, beynəlxalq elm 
						strukturlarına uğurla inteqrasiya etmişdir. Akademiya 
						müstəqil dövlətçiliyin əsaslarının möhkəmləndirilməsində 
						öz üzərinə düşən vəzifələrin öhdəsindən bu gün də 
						layiqincə gəlir və cəmiyyətin sosial-iqtisadi 
						tərəqqisinə, mədəni-mənəvi təşəkkülünə töhfələrini 
						əsirgəmir. 
						
						Azərbaycan Respublikası Konstitusiyasının 109-cu 
						maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan 
						Milli Elmlər Akademiyasının respublikada elmin təşkili 
						və inkişafındakı böyük xidmətlərini nəzərə alaraq   
						
						
						QƏRARA ALIRAM:  
						
						Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan 
						Milli Elmlər Akademiyası ilə birlikdə akademiyanın 70 
						illik yubileyinə həsr olunmuş tədbirlər planının 
						hazırlanıb həyata keçirilməsini təmin etsin.  
						
						
						İlham ƏLİYEV,Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 14 mart 2014-cü il
 |