| 
						
						Hörmətli həmvətənlər! 
						
						Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, 
						hər birinizə cansağlığı, səadət və bahar əhval-ruhiyyəsi 
						arzulayıram. 
						
						Milli varlıq və mənəviyyat xəzinəsi olan Bahar bayramı 
						müdrik əcdadlarımızın bugünkü nəsillərə misilsiz 
						yadigarıdır. Kainatın dəyişməz ahəngi və əbədi qanunları 
						ilə bağlı bu el bayramı zamanın sınaqlarından çıxmış 
						çoxəsrlik mədəniyyətimizin parlaq təcəssümüdür. Novruz 
						ənənələri dəyərlər sistemimizdə müstəsna yer tutmuş, 
						xalqımızın təfəkkürünün ayrılmaz tərkib hissəsinə 
						çevrilmişdir. Cəmiyyət üzvləri arasında qarşılıqlı 
						ünsiyyətə çağırması, səmimiyyəti gücləndirməsi və yüksək 
						əxlaqi keyfiyyətlər formalaşdırması onu ən ali insani 
						xüsusiyyətlərin daşıyıcısı kimi ümumbəşəri mədəni 
						sərvətlər sırasına daxil etmişdir. 
						
						Bahar bayramı keçmişimizin ən çətin dövrlərində belə 
						zehinlərdən silinməyib gələcəyə inamımızı sarsılmağa 
						qoymamışdır. Qəlbimizin dərinliklərində kök salaraq 
						milli özünüdərk məfkurəsini yaşatması sayəsində o, ötən 
						əsrin sonlarına doğru Azərbaycanda müstəqil dövlətçilik 
						ideallarının gerçəkləşməsini təmin edən mühüm 
						amillərdəndir. Mənəvi mədəniyyətimizin zənginliklərini 
						özündə toplamış qədim Novruz mərasimlərini 
						qloballaşmanın vüsət aldığı, sürətlə dəyişən dünyada 
						bütün rəngarəngliyi ilə layiqincə qoruyub saxlaması 
						müasir Azərbaycanın tarixi-mədəni və milli-mənəvi irsə 
						bağlılığının rəmzidir. 
						
						Yazın gəlişi onun yeniləşdirici ovqatına uyğun, 
						yurdumuzun hər bir guşəsində aparılan genişmiqyaslı 
						quruculuq-abadlıq işləri və insanlarımızın rifahını 
						əsaslı surətdə yaxşılaşdıran çoxsaylı nailiyyətlərlə 
						səciyyələnir. Bizimlə birgə baharı azərbaycançılıq 
						düşüncəsi işığında minlərlə soydaşımız ölkəmizin 
						hüdudlarından uzaqlarda qarşılayırlar. Həmrəyliyimizin 
						rəmzi olaraq bu ümumxalq bayramı qoy hər bir ailəyə bol 
						sevinc və ruzi-bərəkət bəxş eləsin. 
						
						Hamınızın əziz Novruz bayramınız mübarək olsun!  
						
						
						İlham ƏLİYEV,Azərbaycan Respublikasının Prezidenti
 Bakı 
						şəhəri, 
						18 
						
						mart 
						2014-cü
						
						
						il
 |