| 
						
						
						 Martın 
						17-də Şirvanşahlar Sarayı Kompleksində yeni yaradılmış 
						muzey ekspozisiyası təqdim edilmişdir. 
						
						Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və 
						xanımı Mehriban Əliyeva yeni ekspozisiya ilə tanış 
						olmuşlar. 
						
						"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 
						Bakının qədim tarixinin rəmzlərindən olan, min illik 
						tarixə malik Şirvanşahlar dövləti hökmdarlarının 
						iqamətgahı, orta əsr Şərq memarlığının nadir 
						incilərindən biri, YUNESKO-nun Dünya İrsi siyahısına 
						daxil edilmiş Şirvanşahlar Sarayı Kompleksində yeni 
						muzey ekspozisiyasını təqdim etmişdir. 
						
						Dövlət tarix-memarlıq qoruq-muzey statusunu almış 
						Şirvanşahlar Sarayı Kompleksi tarixində ilk dəfə olaraq 
						qonaqları müasir dünya standartlarına cavab verən muzey 
						ekspozisiyası ilə qarşılayacaqdır. İçərişəhər ərazisində 
						yerləşən çoxsaylı tarixi abidələrin qorunub 
						saxlanılması, bərpası və təbliği sahəsində həyata 
						keçirilən genişmiqyaslı işlər Prezident İlham Əliyevin 
						milli mədəni irsimizə göstərdiyi daimi diqqət və qayğısı 
						nəticəsində mümkün olmuşdur. 
						
						Ölkəmizin mədəni dəyərlərinin, o cümlədən zəngin 
						tarixi-memarlıq irsinin incilərindən biri olan 
						İçərişəhərin qorunmasında və dünyada tanıdılmasında 
						Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun 
						xoşməramlı səfiri Mehriban Əliyevanın və onun rəhbərlik 
						etdiyi Heydər Əliyev Fondunun böyük rolu xüsusi qeyd 
						edilməlidir. Məhz, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 
						maddi-mədəniyyət abidələrimizin, xalqımızın zəngin 
						mənəvi irsinin qorunması və təbliği istiqamətində 
						müxtəlif layihələrin ardıcıl olaraq həyata keçirilməsi 
						nəticəsində Azərbaycan mədəniyyəti dünya miqyasında 
						tanınmağa başlamışdır. 
						
						Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 
						Şirvanşahlar Sarayı Kompleksində yeni yaradılmış muzey 
						ekspozisiyası ilə yaxından tanış oldular. 
						
						Bildirildi ki, Şirvanşahlar Sarayı Kompleksində muzey 
						ekspozisiyasının hazırlanması prosesində abidənin 
						tarixi, memarlıq xüsusiyyətləri, saray həyatı və burada 
						yaşamış hökmdarlar haqqında elmi tədqiqatlar aparılmış, 
						müvafiq məlumatlar toplanaraq sistemləşdirilmişdir. Yeni 
						ekspozisiyanın yaradılmasına yerli və xarici 
						mütəxəssislər cəlb olunmuş və bu işlər dünya 
						muzeylərinin tərtibatı sahəsində ixtisaslaşan 
						Avstriyanın "Arteks" şirkəti ilə birgə həyata 
						keçirilmişdir. Ekspozisiyada zəngin muzey eksponatları 
						ilə yanaşı, videoproyeksiya, animasiyalı multimedia, 
						audio və video təqdimatlardan da geniş istifadə 
						olunmuşdur. Bununla yanaşı, Şirvanşahlar Sarayı 
						Kompleksində qonaqlar ilk dəfə multimedia 
						bələdçilərindən də faydalana biləcəklər. "İpad Mini" 
						bazasında hazırlanmış multimedia bələdçisi vasitəsilə 
						ekspozisiyanın mövzuları ilə bağlı audio yazını 
						Azərbaycan, ingilis, rus, alman və fransız dillərində 
						dinləmək, müvafiq foto və video materiallarla tanış 
						olmaq mümkün olacaqdır. Sarayın taxt-tac zalının 
						tərtibatı və burada nümayiş etdirilən eksponatlar və 
						video təqdimatlar Şirvanşahlar dövründə olan ab-havanı 
						və interyer elementlərini təsəvvür etməyə imkan 
						yaradacaq, Şirvanşahların tarixinin həcmli animasiyalı 
						modeli isə buraya gələnlərdə xüsusi maraq doğuracaqdır. 
						Muzeydə, həmçinin saray həyatı, şəhər memarlığı, 
						etnoqrafiya, musiqi, xəttatlıq, arxeologiya kimi maraqlı 
						mövzular da təqdim olunur. 
						
						Dövlətimizin başçısı və xanımı kompleksin ayrı-ayrı 
						sahələrini gəzdilər, burada yaradılan şəraitlə tanış 
						oldular. 
						
						Məlumat verildi ki, yeni muzey ekspozisiyası, həmçinin 
						Saray Kompleksinin ikimərtəbəli yaşayış binasının 
						əvvəllər bura gələnlər üçün bağlı olan aşağı mərtəbəsini 
						də əhatə edir. Binanın aşağı mərtəbəsinin otaqlarında 
						Şirvanşahların dənizdən müdafiə istehkamına - Bayıl 
						Qəsrinə aid geniş ekspozisiya da təqdim edilir. Bununla 
						yanaşı, muzey ekspozisiyasına hazırlıq mərhələsində 
						Saray Kompleksinə daxil olan yaşayış binasının 
						divarlarının əzəli daş hörgüsü bərpa edilmiş, ərazidə 
						abadlıq işləri aparılmışdır.   
						
						
						AzərTAc |