| 
						
						
						 Azərbaycan 
						Prezidenti İlham Əliyev şənlikdə iştirak edib 
						
						Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - 
						Novruz münasibətilə ümumxalq şənliyi keçirilmişdir. 
						
						Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və 
						xanımı Mehriban Əliyeva Novruz şənliyində iştirak 
						etmişlər. 
						
						Dövlətimizin başçısı və xanımı əvvəlcə Qız qalasının 
						qarşısındakı meydana gəldilər. 
						
						Milli geyimli uşaqlar Azərbaycan Prezidentinə bayram 
						xonçası təqdim etdilər. Uşaqlar Prezident İlham Əliyevi 
						və Mehriban xanım Əliyevanı Novruz bayramı münasibətilə 
						təbrik etdilər. 
						
						İçərişəhərin qala divarları üstündə və meydanda qədim 
						tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər 
						dayanmışdılar. 
						
						Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının 
						xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı. 
						
						Milli geyimli uşaqlar meydanda rəqs edirdilər. İncəsənət 
						ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnıları 
						ətrafa yayılır, bayram şənliyinin iştirakçılarında xoş 
						ovqat doğururdu. 
						
						Prezident İlham Əliyev Novruz tonqalını alovlandırdı. 
						
						Dövlətimizin başçısı bayram şənliyində nitq söylədi. 
						
						Sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı 
						Mehriban Əliyeva Dənizkənarı Milli Parka gəldilər. 
						
						Dövlətimizin başçısını və xanımını Novruz bayramının 
						əsas personajları olan Kosa və Keçəl qarşıladılar. 
						
						Kosa və Keçəl Prezidenti və xanımını bayram münasibətilə 
						təbrik etdilər, dövlətimizin başçısı ilə yumurta 
						döyüşdürdülər. 
						
						Daha sonra dövlətimizin başçısı və xanımı bayram 
						konsertinə baxdılar. 
						
						Milli Parkda təşkil edilən "Şərq bazarı" bayram 
						şənliyinə xüsusi çalar qatırdı. Burada ölkəmizin 
						müxtəlif bölgələrini təmsil edən özfəaliyyət 
						kollektivlərinin çıxışları və hazırlanmış sənətkarlıq 
						nümunələri maraqla qarşılandı. Bir tərəfdə isə gənc 
						pəhləvanlar xalça üzərində qurşaq tutur, idmançılar 
						məharətlərini göstərirdilər. 
						
						Dövlətimizin başçısı və xanımı zorxana güləşçiləri ilə 
						xatirə şəkli çəkdirdilər. 
						
						Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva burada 
						nümayiş etdirilən Azərbaycan xalçalarının nümunələri ilə 
						tanış oldular. 
						
						Azərbaycan Prezidenti və xanımı manqalda bişirilən 
						kababın dadına baxdılar. Ulu babalarımızdan bugünkü 
						nəslə yadigar qalan qədim el sənətlərinin nümayiş 
						olunduğu mərasimdə, həmçinin Novruz bayramının rəmzi 
						olan müxtəlif şirniyyat nümunələri də təqdim edilirdi. 
						
						Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva 
						və şənliyin digər iştirakçıları bu səhnələri maraqla 
						izlədilər, qədim el sənətlərinin nümunələrinə baxdılar. 
						
						Dövlətimizin başçısı və xanımı bərəkətli Azərbaycan 
						torpağında yetişdirilmiş məhsulların bayram şənliyi 
						çərçivəsində təşkil edilmiş sərgisi ilə tanış oldular. 
						Müxtəlif rayonlardan gətirilmiş Novruz mətbəxinin 
						nümunələri də şənlik iştirakçılarında maraq doğurdu. 
						
						Prezident və xanımı bayram şənliyində nümayiş etdirilən 
						"Bakı-2015" Birinci Avropa Oyunları ilə bağlı təqdimata 
						baxdılar, idmanın müxtəlif növləri üzrə idmançıların 
						çıxışlarını izlədilər. 
						
						Azərbaycan Prezidenti onun pişvazına və bayram 
						gəzintisinə çıxmış Bakı sakinlərinə və paytaxtımızın 
						qonaqlarına Novruz münasibətilə bir daha xoş arzularını 
						yetirdi. 
						
						Novruz bayramı münasibətilə keçirilən şənliklərdə Baş 
						nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, 
						Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və 
						digər rəsmi şəxslər iştirak edirdilər.   
						
						
						AzərTAc |