Oğuz rayon Yaqublu kənd tam orta məktəbində "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"na həsr olunmuş "dəyirmi masa"
keçirilmişdir. Tədbirdə Oğuz Rayon Təhsil Şöbəsinin
əməkdaşları, müəllimlər, ərazidəki məktəbəqədər təhsil
müəssisələrinin tərbiyəçiləri, ictimaiyyətin
nümayəndələri iştirak etmişlər.
Məktəbin direktoru İ.Verdiyev Dövlət Strategiyasının
məqsədi, burada əksini tapmış strateji istiqamətlər,
hədəflər və tədbirlər barədə geniş məlumat vermişdir.
Mövzu ilə bağlı işgüzar müzakirə olmuşdur. Müəllimlərdən
N.Həsənov, V.Qurbanova, N.Süleymanova, R.Cavadova,
B.Qasımova, Z.Babayeva, S.Möylamova və E.Qəhrəmanov
çıxış edərək sənədin əhəmiyyətini vurğulamışlar.
Çıxışlarda səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsilin
məzmunu, müəllim hazırlığı və müəllimlərin peşəkarlıq
səviyyəsinin daim yüksəldilməsini təmin edən yeni
sistemin yaradılması, şəffaf və səmərəli tənzimləmə
mexanizmlərinə malik dövlət-ictimai xarakterli və
dövlət-biznes partnyorluğuna əsaslanan idarəetmə
sisteminin formalaşdırılması, təhsillə bağlı media və
İnternet resurslarının inkişaf etdirilməsi, səriştə və
nəticə əsaslı diferensiallaşdırılmış, əmək bazarında
rəqabətqabiliyyətli əməkhaqqı sisteminin yaradılması ilə
əlaqədar maraqlı fikir və təkliflər səslənmişdir.
"Dəyirmi masa"nı Oğuz Rayon Təhsil Şöbəsinin müdir
müavini N.Adıyev yekunlaşdırmışdır. Səslənmiş
təkliflərin ümumiləşdirilərək rayon təhsil şöbəsinə
təqdim edilməsi qərara alınmışdır.
İradə VAHABOVA,
Oğuz rayon Yaqublu kənd tam orta məktəbinin müəllimi |