Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Mart  2014 - №10

 

Nizami Mirzəyev - 65

Uca zirvələrə gedən ömür yolunda...

 

Deyirlər ki, bəşər övladı dünyaya gəldiyi, özünü tanıdığı gündən öz xoşbəxtliyinin, səadətinin ünvanını axtarır. Özü də əli çıraqlı.  Bu sirli, sehrli mənzilin ünvanını vaxtında tapanlar öz məqsədinə, niyyətinə, arzusuna, istəyinə çataraq əbədi səadətinə qovuşur... Amma hər bir insanı öz səadətinə, istəyinə qovuşdurmaq üçün onu uca zirvələrə aparan yollar var.  Bu yollar bizim taleyimizin, ömrümüzün bələdçisinə çevrilib. Bu yollarda kimisə tanımışıq, kimsə bizi tanıyıb. Beləcə günləri aylara, ayları illərə calayıb ömür tariximizi bu yollarda yazmışıq. İtirə-itirə tapmışıq, tapa-tapa itirmişik. Həmin yollarda irəliləyə-irəliləyə dünənimizdən bu günümüzə, bu günümüzdən sabahımıza boylanmışıq. Xoş xəyallarla, şirin arzularla, ümidlərlə yaşaya-yaşaya xoşbəxtliyimizi axtarmışıq. Onu tapmaq üçün min bir əzablara qatlaşmışıq...  Uca zirvələrə gedən bu ömür yolunun yolçularından biri də mənim yaxşı tanıdığım yazıçı-publisist Nizami Əlipaşa oğlu Mirzəyevdir (Nizami  Mirzə).

Onun həyatının bünövrəsi düzlük, doğruluq, halallıq, mərdliklə qurulub. Mənim aləmimdə Nizami xeyirxahlıq mücəssəməsi, yaxşılıq rəmzi və haqqın-ədalətin simasıdır.

Bir dəfə Şərqin böyük filosofu Sokratdan soruşurlar ki, insanda ən çox nəyi qiymətləndirirsən, filosof dərhal cavab verir:

- "İnsaniyyəti". "Bəs insaniyyət dedikdə nəyi başa düşürsən" - sualına isə müdrik filosof "insana layiq keyfiyyətləri" - deyə cavab verir.

Gəlin bu gözəl kəlama uyğun köklənmiş, bütün insani keyfiyyətləri özündə birləşdirən Nizami müəllimin keçdiyi ömür yoluna illərin, ayların yaddaş işığında nəzər salaq.

Nizami Mirzə 1949-cu il martın 1-də Azərbaycanın dilbər guşələrindən biri olan İsmayıllı rayonunun Xanagah kəndində ziyalı ailəsində - elin-obanın sayılıb-seçilən ağsaqqalı olmuş Əlipaşa kişinin ailəsində dünyaya göz açmışdır. İbtidai təhsilini də elə doğma kəndlərində almışdır. Səkkizinci sinfi qonşu Qurbanəfəndi kəndində başa çatdırmışdır. 1966-cı ildə İsmayıllı şəhər 1 nömrəli orta məktəbi bitirən Nizami 1968-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinin əyani şöbəsinə qəbul olunur. O, burada təhsil aldığı illəri ömür salnaməsinin ən ağır illəri kimi xatırlayır. Deyir ki, özümü dolandırmaq, ailəmizə yük olmamaq üçün gecələr gözətçi işləyir, çox vaxt çörək belə yeməyə macal tapmırdım. Səhər tezdən ac-susuz, özümü güclə dərs keçdiyimiz auditoriyaya çatdırırdım. Bir dəfə necə oldusa, dərsin şirin yerində məni ani yuxu tutdu. Müəllimin yüksək tonla dediyi sözə ayıldım:

- Mirzəyev, dur sinfi tərk elə... Buna bax, gözləri də qıp-qırmızıdır, Allah bilir hansı...

Bu sözləri eşidəndə elə bildim dünya başıma fırlandı... Bir neçə gün özümə gəlmədim. Sonra uşaqlar müəllimə hər şeyi izah etdilər. O, məni yanına çağırıb üzrxahlıq etdi. Bir az kövrələrək mənə gecələr işlədiyimə görə əhsən dedi. Həmin müəllimlə dost olduq...

1972-ci ildə institutu yüksək qiymətlərlə bitirən Nizami təyinatla Saatlı rayonuna göndərilir. Buradakı 9 nömrəli peşə məktəbində ixtisası üzrə müəllim işləyir. Həmin ilin payızında ordu sıralarına çağırılır. Hərbi xidməti başa çatdırdıqdan sonra yenidən doğma kəndlərinə qayıdaraq buradakı səkkizillik məktəbdə bir müddət müəllim işləyir. Sonralar Sumqayıtın Kimya Sənayesi İstehsalat Birliyinin Mənzil-Kommunal Xidməti İdarəsində  tərbiyəçi müəllim kimi çalışan Nizami Mirzəyev "Kimyaçı" qəzeti redaksiyası ilə müntəzəm olaraq əməkdaşlıq edir. Daha çox bədii yaradıcılığa meyil göstərən Nizaminin 1974-cü ildə "Kimyaçı" qəzetində dərc edilən "O qış gecəsi" hekayəsi sumqayıtlı oxucular arasında böyük əks-səda doğurur. Ona bir gənc yazıçı kimi uğur gətirir.

Nizami 1977-ci ildən Bakı şəhərində məskunlaşıb. Harada işləməsindən asılı olmayaraq, bir sıra mətbu orqanları ilə əməkdaşlıq edir, müxtəlif səpgili publisistik yazıları, zamanın problemlərinin həllini  arayan məqalələri, oxucular tərəfindən maraqla qarşılanan satirik yazıları dərc edilir.

Mən isə "Nizami Mirzə" imzasını onun özündən çox-çox əvvəl tanımışam. Yaxşı yadımdadır. 1983-cü ildə "Kommunist" qəzetində dərc olunmuş "Evimizə gəlin gəlir" adlı yumoristik hekayəsi öz həyatiliyi ilə bir oxucu kimi məni valeh etmişdi. Elə o vaxtlar həmin hekayə "İlin ən yaxşı yazısı" kimi mükafata da layiq görülmüşdü.

N.Mirzə 2000-ci illərin əvvəllərində "Azərbaycan müəllimi" qəzeti ilə də əməkdaşlıq etməyə başladı. Onunla burada tanış olduq. "Mavi gözlər" adlı kitabını mənə hədiyyə etdi. Kitabı oxuduqdan sonra sanki onu yenidən kəşf etdim.

2003-cü ildə "Azərbaycan müəllimi" qəzetində bölgə müxbiri, 2007-ci ildən isə müxbir işləmişdir. Tale elə gətirdi ki, biz onunla on ilə yaxın bir otaqda əyləşdik. Birlikdə ezamiyyətlərdə olduq, müxtəlif səpgili yazılarla qəzetdə çıxış etdik.

2010-cu ildə Nizami müəllim "Təhsil" jurnalına baş redaktor müavini vəzifəsinə irəli çəkildi. Buna baxmayaraq əlaqələrimiz kəsilmir, dostluğumuz davam edirdi. 2013-cü ildə isə o, "Təhsil" jurnalının baş redaktoru vəzifəsinə təyin olundu. Elə ilk gündən məni özünə müavin təyin etdi. Hazırda da bu jurnalda birlikdə çalışırıq.

Nizami müəllimin "Mavi gözlər", "Ömür yolu", "Ayrılığın üzü dönsün", "Qatil", "Ömürdən ötən illər", "Ömürdən zirvəyə" və başqa kitabları da ona uğur gətirmiş, saysız-hesabsız oxucu auditoriyası qazandırmışdır. Bu kitabların ilk oxucusu mən olsam da sözə könül verdiyi gündən, onun nazını çəkən, başına pərvanə kimi dolanan, hər kəlməsinə böyük məhəbbətlə yanaşan Nizaminin uğurlarına ədəbiyyatımızın tanınmış yazıçı və şairləri də biganə qalmamışdır. 

Mərhum yazıçı Əlibala Hacızadə:

- Mən Nizami Mirzəni hələ 80-ci illərdə "Kommunist" qəzetində dərc olunmuş "Evimizə gəlin gəlir" və "Qurğu" adlı yumoristik hekayələrini oxuyandan sonra qiyabi olaraq bir istedadlı qələm sahibi kimi tanıyıram. Bizim bu qiyabi tanışlığımız sonralar həqiqi dostluğa çevrildi. Onu bir insan, şəxsiyyət kimi də sevdim. Şəxsiyyətindəki və yaradıcılığındakı sadəlik, təvazökarlıq onu bir insan, vətəndaş, yazıçı kimi gözlərimdə ucaltdı. Qələm dostuma daha yeni nailiyyətlər və xoşbəxtlik arzu edirəm. 

Xalq şairi Nəriman Həsənzadə:

- Nizami Mirzənin yaradıcılığı da özü kimi səmimidir. O, bir yazıçı olaraq nəsrin əhatəli və genişliyindən qorxmur, əksinə, bu məziyyətdən ustalıqla istifadə edir. Mətbu orqanında işləməsi Nizamiyə çox şey verib. Lakin mətbuatda çox işləmək onun yaradıcılığına mənfi təsir göstərə bilər. Nizami Mirzəni oxuculara sevdirən əsərlərini gözəl, rəvan, axıcı xalq dilində yazmaq bacarığıdır. Yaratdığı bədii lövhələr və obrazlar canlı və inandırıcıdır. Onun 2006-cı ildə çap olunmuş "Sarıca" povesti bu baxımdan layiqli bədii sənət əsəridir... 

Şair Musa Yaqub:

- Sevimli yazıçımız Nizami Mirzəni lap çoxdan tanıyır, müxtəlif mətbu orqanlarında dərc edilən bədii əsərlərini maraqla oxuyur, ildən-ilə, əsərdən-əsərə mövzu dairəsinin genişləndiyinin şahidi oluram. Nizami realist yazıçıdır. Onun hər bir əsərində yazıçı qəlbinin qüdrəti, imkanları aydın görünür. Bir sözlə, Nizami Mirzə zamanımızın gözəl yazıçısıdır. Ona bu yolda uğurlar diləyirəm...

Qələm dostumuz, iş yoldaşımız olan bu kövrək qəlbli yazıçının 2005-ci ildə çapdan çıxmış "Ayrılığın üzü dönsün" kitabı "Azərbaycan müəllimi" qəzetinin şöbə müdiri, gözəl insan, istedadlı jurnalist dostumuz, hamımız üçün əziz olan iş yoldaşımız Əyyub Hüseynovun faciəli ölümünə, keçdiyi həyat yoluna həsr edilib.

Müəllif bu kitabına görə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqının "Araz" ali ədəbi media mükafatına, 2006-cı ildə isə çap edilmiş "Qatil" kitabı da Azərbaycan KİVİHİ-nin "Məmməd Araz" və "Qızıl qələm" ali ədəbi media mükafatlarına layiq görülmüşdür.

Nizami Mirzə Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdür. Ailəlidir, bir qızı var. Qayğısız böyüyən üç nəvəsini isə özünün qol-qanadı, ömrünün davamçıları adlandırır. Kiçik nəvəsinə isə öz adını verib. Nizami müəllim həmçinin "İlin ən yaxşı əsəri" və "İlin ən yaxşı kitabı" nominasiyalarının qalibidir.

Bəli, 65 yaş... Ömrün 65-ci zirvəsi... İndi bu zirvəyə Nizami Mirzə adlı bir kövrək qəlbli yazıçı da gəlib çatdı... Biz də "Azərbaycan müəllimi" qəzetinin və "Təhsil" jurnalının kollektivləri olaraq əziz dostumuz, qələm yoldaşımız Nizami Mirzəni ömrünün 65-ci baharının tamam olması münasibətilə səmimi-qəlbdən təbrik edirik. Ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Arzu edirik ki, onun sonrakı zirvələrə gedən ömür yolunda sözün işığı, sözün nuru bələdçisi olsun. 

Ədalət DAŞDƏMİRLİ

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov