X-XI sinif şagirdlərinin peşəyönümünə dəstək proqramı
Məlumdur ki, şagirdlərin peşəyönümü istiqamətində
aparılan profilaktik işlər təhsilalanlarla pedaqoji
işin təbii davamı və onun məntiqi sonluğudur.
Mütəxəssislər qeyd edirlər ki, yeniyetmələrə peşə
dünyasında layiqli seçim etmələrinə hərtərəfli yardım
göstərilməlidir. Yeniyetmə özünün həyat yolunun qurucusu
və bu layihənin müəllifi olmalıdır. Şagirdlərin
peşəyönümünə istiqamətləndirilməsi bütün təhsil
prosesinin əsasıdır. Məhz peşəyönümü sahəsində aparılan
işlər məktəblinin, "mən niyə oxuyuram" sualına cavab
verməlidir. Hər bir insanın peşə seçimi öz əsasını uzaq
uşaqlıq dövründən götürür və erkən yeniyetməlik dövründə
başa çatır.
Bu dövrdə isə insanın gələcək həyatına təsir edə biləcək
qərar qəbul olunmalıdır.
Rusiyada həyata keçirilməkdə olan "Öz seçimini et!"
proqramı da ümumtəhsil məktəblərinin X və XI sinif
şagidlərinə gələcək peşəyönümündə kömək etmək məqsədilə
yaradılıb.
Bu proqramın əsas məqsədi və vəzifələri bunlardır:
- təsərrüfatın müxtəlif sahələrində və sferalarında
uğurlu fəaliyyət üçün savadlı, təşəbbüskar, özünə və
gələcəyinə inamlı gənclərin yetişdirilməsi;
- şagirdlərin uğurlu və effektiv əmək fəaliyyətinə
hazırlanması;
- şagirdlərdə gələcək həyatlarında üzləşəcəkləri
çətinliklər və peşə vəzifələrinin öhdəsindən gəlmələri
üçün keyfiyyət, bacarıq və vərdişlərin
formalaşdırılması;
- hər bir insana vacib olan davranış və təfəkkür
modelinin formalaşdırılması və biliklərin
mənimsənilməsinə yönəlmiş sosial təhsilin təmin
olunması.
Bu proqram 9 saat X sinifdə, 9 saat isə XI sinifdə
olmaqla 18 saata nəzərdə tutulub. Proqramın əsas
hədəfi şagirdləri müstəqil peşə fəaliyyətinə
hazırlamağa; onlarda qərarların qəbul olunması
qabiliyyətinin formalaşmasına, məsuliyyət və təşəbbüsü
öz üzərinə götürməyə; beynəlxalq və milli praktikada
qəbul olunmuş terminləri mənimsəməyə, tədris gedişində
əldə olunmuş bilik və bacarıqların praktik tətbiqinə
nail olmağa, effektiv kommunikasiya, kritik və
konstruktiv düşünmə vərdişlərinə sahib olmağa, axtarış,
təhlil və məlumatlardan istifadə etmə modelinin inkişaf
etdirilməsinə yönəlib.
"Öz seçimini et!" proqramında əsas diqqət peşə
fəaliyyətinin ağılla müəyyən edilməsi və gələcək
karyeranın planlaşdırılmasına, cəmiyyətdə və kollektivdə
davranış qaydalarını öyrənməyə, ünsiyyət qurma
bacarıqlarına və böhranlı vəziyyətlərdən çıxma
yollarının tapılmasına yönəlib. Didaktik materiallar və
ona aid tapşırıqların məzmunu elə seçilib ki, şagirdlər
peşənin müxtəlif aspektləri ilə tanış ola, onları təhlil
edə bilsinlər. Proqram şagirdlərin meyillərini və
imkanlarını, güclü və zəif tərəflərini üzə çıxarmağa
imkan verəcək ki, bu da onların savadlı mütəxəssis və
cəmiyyətin layiqli üzvü olmasına şərait yaradacaq.
Proqram bir-biri ilə qarşılıqlı surətdə əlaqədə olan
yaradıcı tapşırıqlar və işgüzar oyunları birləşdirir. Bu
prosesdə şagirdlər situasiyanı təhlil edə, modelləşdirə
və dəyişdirə, problemin mümkün həll yollarını gözdən
keçirə, müxtəlif fikirləri ifadə və müdafiə edə,
diskussiyalarda və müzakirələrdə, rollu oyunlarda
iştirak edə, proyekt və təqdimatlar üzərində işləyə,
hesabatlar və məruzələr hazırlaya bilərlər.
Uşaqlar digər insanlarla qarşılıqlı ünsiyyətdə davranış
qaydaları üzrə praktik təcrübə qazanacaqlar ki, bu da
onların həm gündəlik həyatlarında, həm də gələcək
peşəkar karyeralarında istifadə oluna bilər.
Proqramın həyata keçirilməsindən sonra şagirdlər
aşağıdakı anlayışların mahiyyətini və məzmununu
bilməlidirlər:
-şəxsiyyətin psixi xüsusiyyətləri, temperament, yaddaş,
diqqət, təfəkkür, emosiyalar; özünü müəyyənetmə
səviyyəsi (peşəkar, şəxsiyyət, həyati); peşəkar
maraqlar və meyillər, qabiliyyətlər; peşə, vəzifə,
karyera, üfiqi və şaquli böyümə; peşəkar mobillik;
peşələrin təsnifatı, onların növü;
-peşə seçimində şəxsi keyfiyyətlər; şəxsi peşə planı;
təlim növləri: universal, profil; əmək bazarı; peşəkar
fəaliyyətdə psixo-emosional sağlamlığın qorunub
saxlanması qabiliyyəti.
Əldə olunmuş biliklər əsasında şagirdlər öz
şəxsiyyətlərinin psixoloji xüsusiyyətlərini açmağı, öz
qabiliyyətlərini və peşəkar maraqlarını, seçdikləri
ixtisasın qabiliyyətlərinə, şəxsiyyət xüsusiyyətlərinə
və əmək bazarının tələblərinə uyğun olub-olmadığını
müəyyənləşdirməyi, peşələrin növlərindən baş çıxarmağı,
şəxsi peşə planı və icmal hazırlamağı, öz peşəkar
karyeralarını layihələşdirməyi bacarmalıdırlar.
Ehtimal olunan nəticələr isə aşağıdakılardır:
-şagirdlər onların qabiliyyət və səylərinə uyğun gələn
təhsil seçiminə şüurlu surətdə yanaşmalıdırlar; öz şəxsi
keyfiyyətlərinə (qabiliyyət, meyil, temperament,
xarakter, istək) uyğun olan peşə fəaliyyətlərinin
növlərini müəyyənləşdirməyi bacarmalıdırlar; öz yaşadığı
şəhərdə təhsil almaq imkanının olduğu barədə, eləcə də
regionda və ölkədə daha çox hansı peşələrə ehtiyac
olduğuna dair məlumata sahib olmalıdırlar.
Proqram çərçivəsində X-XI sinif şagirdləri üçün
sentyabr-may ayları ərzində aşağıdakı tematik
mövzularda məşğələlərin keçilməsi nəzərdə tutulur.
X siniflər üçün:
Diaqnostika: mənim qabiliyyətim, maraqlarım, dəyərlər
sistemim; Psixoloji treninq. Peşə seçimində idraki
qabiliyyətlər: intellektual sahənin diaqnostikası; Meyil
və peşə yönümü. Şəxsiyyətin peşə tipi; Diskussiya:
məsuliyyətdən azad olmaq olarmı?; Ünsiyyət saatı -
insanlar həyatda nəyə can atırlar?; Tədqiqat: peşə və
sağlamlıq; "Dəyirmi masa": etiket və peşə fəaliyyətinin
etikası; İşgüzar oyun: "Münaqişəli vəziyyətlər və
onların aradan qaldırılması yolları"; Praktiki iş:
"mənim təhsil marşrutum" plan, xəritə.
XI siniflər üçün:
Psixoloqun söhbəti: "sənin peşə karyeranda uğur
vərdişləri və səriştələr"; İşgüzar oyun: "qarşılıqlı
səylər üçün ünsiyyət"; Psixoloji treninq: "həyat və
peşə üçün menecment; Hüquqi breyn-rinq: "məzun - gələcək
abituriyent"; Ünsiyyət saatı. Əmək bazarı. Dialoq-
"Məşğulluğun əsas sahələri" (məşğulluq təşkilatı rəhbəri
ilə görüş); Ünsiyyət saatı. Ölkədə təhsil xidmətləri
bazarı; Təqdimat. Peşə öyrənirik. "Yeni zaman-yeni
peşə"; Söhbət elementli mühazirə. Hüquqşünasla görüş.
"Gənclərin məşğulluq sahəsində sosial və hüquqi
müdafiəsi"; İşgüzar oyun- "İşəgötürən: icmal, portfolio,
özünü təqdimetmə vərdişləri".
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
"Uçitelskaya qazeta"nın
materialları əsasında |