Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Mart  2014 - №10

 

Qismətini küçələrdə tapan uşaqlar

 

Uşaqlar  bizim gələcəyimizdir! Uşaq hüquqlarının qorunması ulu öndərimiz  Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün də uğurla davam etdirilən sosialyönümlü siyasətin tərkib hissəsi kimi ölkə Prezidentinin daim diqqət mərkəzindədir. Respublikamızda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə Prezident İlham Əliyev  22 dekabr 2008-ci ildə sərəncam imzalayıb. Bu sərəncama görə, dövlətin əsas öhdəliklərindən biri  xalqın sağlam gələcəyini təmin etməkdən ibarətdir. Sərəncamla bağlı respublikada uşaq problemlərinin həlli istiqamətində həm dövlət, həm də ictimai təşkilatlar tərəfindən xeyli işlər görülüb, böyük layihələr həyata keçirilib. Ailələrə sonsuz sevinc bəxş edən uşaqlar həqiqətən  bizim sabahımızdır.

İşğal altında əsir qalan torpaqlarımızdan nigarançılığım nə qədərdirsə, şəhərin müxtəlif küçələrində, işıqforlarda, böyük ticarət  obyektlərinin qarşısında  işləyən, pul qazanan, ya da dilənən   məktəbyaşlı uşaqların dərsdən nə səbəbə  yayınmalarından doğan nigarançılığım da elə o qədərdir. İşıqforlarda  cəmi 30-40 saniyəliyə dayanan maşınların şüşəsini tələsə-tələsə silərək hər sürücüdən  20-30 qəpik qazanmağa çalışan uşaqlar doğrudanmı ehtiyacdan küçələrdədirlər? Bəs bu uşaqları dərsdən yayındıran səbəblər  onların valideynlərini və ya oxuduqları məktəblərin pedaqoji kollektivlərini narahat etmirmi? Bu mövzuda müşahidələrimi oxucularımızla bölüşmək istərdim. 

Birinci epizod

 İki-üç günün söhbətidir. İşdən evə qayıdırdıq. 20 yanvar dairəsində həmişəki kimi yenə də tıxac vardı. Təbii ki, dayanmağa məcburduq. Bir də gördüm ki, iki məktəbyaşlı oğlan uşağı əllərində şampun və əski maşınımızın şüşələrini tələsə-tələsə silməyə başladı. Uşaqlardan kiçiyinin 8-9,  o birinin də 10-11 yaşı olardı. Üzdən oxşamırdılar, yəqin   qardaş deyildilər. Saçları pırtlaşıq, pal-paltarları nimdaş və çirkli, əlləri güman ki, suda çox qalmaqdan şişkin, cadar-cadar idi. Şüşələri aşağı salıb onları söhbətə çəkmək istədim:

- Uşaqlar, çərşənbə bayramınız mübarək olsun, bu soyuqda nə əcəb çöldəsiniz?

Uşaqların kiçiyi dillənmədi, yaşca bir az böyük görünəni  pəncərəyə yaxınlaşdı:

- Ay bibi, nə bayram, nə soyuq? Bundan da soyuq havalarda biz işimizin başında dayanmışıq.

- Siz hələ işləyən yaşda deyilsiniz axı...

- Bəs neyləyək, çarəmiz nədi?

- Çarəniz odur ki, siz məktəbə gedin, dərsinizi oxuyun, qoy qalan problemlərinizi  böyükləriniz özləri  həll eləsin.

- Hansı böyüklərimiz?

- Necə yəni hansı böyükləriniz? Atanız-ananız... Onlar sizə demirlər  ki, məktəbə getmək lazımdır?

- Lap desinlər, xeyri olmayacaq... Tutaq ki, biz getdik məktəbə, bəs evdəkilər nə yeyib-içəcək? Anam xəstədir, işləyə bilmir. Atam da yoxdur.

- Yoxdur deyəndə... Vəfat edib?

- Vəfat etməyib də... amma yoxdu. Gecə-gündüz  bizimlə araq pulu, siqaret pulu davası döyür, elə yoxa taydı da...

Bu yerdə  gözləri doldu, çirkli gödəkçəsinin biləyi ilə gözlərini ovxaladı.

- Uşaqlar, gəlin belə danışaq. Siz mənə deyin görüm eviniz hardadı, hansı məktəbin şagirdisiniz, bəlkə bir köməyim dəydi... - sözüm ağzımda qaldı. Uşaqlar ikisi də sürətlə maşınımızdan uzaqlaşdılar.  

İkinci epizod 

Üzü şəhərə doğru gedəndə Babək prospektinin axırındakı körpünün üstündə  yayın cırhacırında, qışın şaxtasında  bir də görürsən əyni nimdaş paltarlı, sağ qolu  olmayan bir  yeniyetmə  oğlan maşınların arasında qəfildən  peyda olur. 16-17 yaşı ola, ya olmaya... Qolunun amputasiya olunmuş hissəsi də yay-qış açıq olur.  Onu elə görəndə özümü son dərəcə pis hiss edirəm.

Bir-iki həftə  əvvəl gördüyüm  mənzərə məni hey düşündürür. Bakımızı, hətta küləksiz təsəvvür etmək olar, -uzaqbaşı "təbiətin işidir"-deyərik. Amma tıxacsız Bakını  təsəvvür etmək mənimçün mümkünsüzdür. Sözügedən körpünün üstündə adəti üzrə yenə də tıxac vardı. Bizdən qarşıda dayanan ağ rəngli, özü də, nömrəsi də çox bahalı olan  bir  maşından həmin oğlan düşdü və maşınların arasında dilənməyə başladı... O gündən hələ də həmin görüntünün ürəyimdə yaratdığı suallara cavab tapa bilməmişəm. Əgər o maşının sahibi o əlil uşağın qohumudursa, niyə onun dilənməsinə gözünü yumur? Bəlkə elə...

Bu iki epizodu deməkdə niyyətim  kimlərisə suçlamaq deyil. Sadəcə diqqəti ona yönəltmək istəyirəm ki, uşaqların bizim gələcəyimiz olduğunu onların əməyini istismar edənlərə ən ciddi səviyyədə başa salmağın  vaxtı  yetişib ...Bu istismarçı istər valideyn olsun, istərsə də uşaq əməyindən bəhrələnən  dələduz - fərqi yoxdur. Bütün hallarda cəmiyyət istismara məruz qalan uşaqları  belələrinin cəngindən qoparmalıdır. Biz  gələcəyimizi uşaqlara bağlayırıqsa, onların hər birinin öz uşaqlığını normal yaşamasının, təhsildən geri qalmamasının, qara əllərdə pul qazanmaq vasitəsi, istismar obyekti olmamasının  qayğısını hamılıqla çəkməliyik.

Uşaqlar cəmiyyətin güzgüsüdür.  Uşaqlar bu günün sabaha uzanan qollarıdır. Planetimizin gələcəyi onların əlindədir. Uşaqların müdafiəsi birinci növbədə doğma  valideynləri tərəfindən  təmin olunursa, valideyn himayəsindən məhrum olanlar  bu baxımdan  cəmiyyətin diqqət və qayğısına möhtacdırlar. Hər birimizin borcu uşaqları qoruyan, onların bir şəxsiyyət kimi yetişməsi naminə əlindən gələni əsirgəməyən cəmiyyətə yardımçı olmaqdır. Uşaqlarının mənafeyini düşünən, onların müdafiəsinə qoşulan  cəmiyyət sabahına ümidlə boylana bilər.

  Ellada UMUDLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov