Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Mart  2014 - №10

 

"Azərbaycan Dillər Universiteti keçid dövründə"

 

Müasir Azərbaycan təhsilində  Avropa təhsil sisteminə inteqrasiya xüsusilə aktuallıq kəsb edən məsələlərdəndir. Bununla bağlı son dövrlərdə dövlət səviyyəsində bir sıra tədbirlər həyata keçirilmişdir. Aparılmış islahatların nəticəsi olaraq ali təhsil müəssisələri müasirləşərək keyfiyyət baxımından ciddi şəkildə təkmilləşmişdir və bu proses davam edir. Xanməmməd İbrahimovun "Azərbaycan Dillər Universiteti keçid dövründə (2000-2009)" (Bakı, 2013) kitabı bu baxımdan oxuculara ADU-nun on illik bir dövr ərzində keçdiyi yol barədə məlumat verir.

Kitabda Azərbaycan Dillər Universitetində 2000-2009-cu illərdə həyata keçirilmiş islahatlar, müxtəlif  istiqamətlərdə aparılmış elmi-tədqiqat işləri, qurulmuş və davam etdirilən xarici əlaqələr, qloballaşma dövründə ölkəmizin, xalqımızın beynəlxalq miqyasda bütün sahələrdə layiqincə təmsil olunması  üçün xarici dillərin mənimsənilməsinin vacib olduğunu nəzərə alaraq gənclərimizin xarici dillərə yiyələnməsində bu universitetin oynadığı rol ətraflı işıqlandırılmışdır.

Beş fəsildən ibarət olan  bu kitabda universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün görülmüş işlər, beynəlxalq əlaqələrin yaradılması ilə bağlı keçirilmiş görüşlər, bağlanmış müqavilələr,  nəzərdə tutulmuş perspektiv planlar barədə  geniş məlumat verilir.

Müasir dövrün tələblərinə uyğun texniki avadanlıqdan istifadə, informasiya texnologiyalarının bütün sahələrdə tətbiqi təhsilin inkişafı üçün mühüm amillərdəndir. Kitabın "Maddi-texniki bazanın genişləndirilməsi, möhkəmləndirilməsi, fakültələrin inkişafı və dekanlıqların bu sahədəki fəaliyyəti" başlıqlı I fəslində universitetdə yaradılmış İnformasiya Resurs Kompleksində rəqəmsal videokonfransların keçirilməsi üçün ən müasir texniki vasitələr quraşdırılması, yerli və xarici ölkə universitetləri ilə canlı bağlantılar yaradılması üçün görülmüş işlər barədə məlumat verilmişdir.   Müəllif  İnformasiya Resurs Kompleksinin tərkibində Amerika mərkəzi, İndoneziya Araşdırmalar Mərkəzi, alman və fransız mərkəzləri, Strateji inkişaf mərkəzi, innovasiya mərkəzi, Media mərkəzi, türk xalqları folklor mərkəzi, əcnəbi  xalqların folklor mərkəzi, Skandinaviya mərkəzi, Avstriya mərkəzi, informasiya-kommunikasiya mərkəzi, elektron resurs mərkəzi kimi 15-ə yaxın mərkəzin fəaliyyət göstərdiyini qeyd edir. Müasir texniki vasitələrlə təchiz olunmuş bu mərkəzlərdə mütəmadi olaraq mühazirələrin təşkil olunması, əcnəbi mütəxəssislərin iştirakı ilə disputların keçirilməsi də universitetin uğurlu inkişaf göstəricilərindən biri kimi təqdim olunur. Universitetdə son bir neçə il ərzində bir sıra elmi-tədqiqat laboratoriyalarının yaradılması müxtəlif sahələrdə elmi araşdırmaların aparılması üçün zəruri şərait yaradıldığından xəbər verir.

 Təhsilin keyfiyyətinə təsir göstərən mühüm amillərdən biri də təhsil müəssisəsinin kitabxanasıdır. Hazırda universitetdə geniş kitabxana şəbəkəsinin qurulduğunu yazan müəllif kitabxananın elektron səhifəsinin yaradılmasının nəzərdə tutulduğunu, bu səhifədə kitabxana haqqında məlumatın, kitabxanada onlayn kataloqun, onlayn məlumat bazasının da hazırlanmaqda olduğunu qeyd edir. Təhsilin keyfiyyətinin artırılması və müasir tələblərə cavab verməsi istiqamətində görülmüş bu işlər, əlbəttə, universitetin  öz inkişaf  yolunda atdığı mühüm addımlardandır.  

Universitetdə tədrisin Avropa təhsil məkanına inteqrasiyası istiqamətində aparılan islahatlar da uğurlu addımlardan xəbər verir. Türkiyənin Hacettepe Universitetinin təcrübəsindən istifadə etməklə Azərbaycan Dillər Universitetində həyata keçirilən islahatlar burada tədris prosesini dünya standartları səviyyəsinə qaldırmaqla yanaşı, bu universitetin tələbəsinə öz təhsilini Hacettepe Universitetində, daha sonra isə Strasburqda magistratura pilləsində davam etdirə bilmək imkanı və bununla da onun daha yüksək nailiyyətlər qazanması üçün şərait yaradır. 

Təhsilin əsas məqsədi insanın istedadının, intellektual qabiliyyətinin açılmasına kömək etməkdir. Yaradıcılıq qabiliyyətini nümayiş etdirmək isə hər tələbəyə müyəssər olmur. Bunun üçün, şübhəsiz, müvafiq şərait olmalıdır. Azərbaycan Dillər Universitetində on ildə təşkil olunmuş elmi konfrans və sessiyalar burada gənclərin istedadının, tədqiqatçılıq bacarığının üzə çıxarılması baxımından çox əhəmiyyətlidir. Son illər bir-birinin ardınca keçirilmiş beynəlxalq və respublika miqyaslı elmi konfransları gənclərin elmi potensialının üzə çıxarılması və inkişafına təkan verən tədbirlər kimi universitetin tarixində mühüm  hadisə hesab etmək olar.

Təhsil ocağının nüfuzu, tədrisdə nailiyyətlər əldə etməsi burada fəaliyyət göstərən pedaqoji kadrların səviyyəsindən birbaşa asılıdır. X.İbrahimovun kitabında Azərbaycan Dillər Universitetində çalışan görkəmli alimlərin bir qrupunun fəaliyyəti, onların yaradıcılıq istiqamətləri ilə bağlı verilmiş məlumatlar oxucuda həm bu alimlərin, həm də universitetin yüksək nüfuzu barədə tam təsəvvür yaratmaq baxımından əhəmiyyətlidir.

Kitabda Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələrinə xüsusi fəsil ayrılması da təsadüfi deyildir. Universitetin bir sıra nüfuzlu beynəlxalq təşkilatlara üzv olması, onlarla əlaqələr yaratması bu təhsil ocağında yeni inkişaf istiqamətləri müəyyənləşdirməyə şərait yaratmışdır. YUNESKO ilə əməkdaşlığın nəticəsi kimi universitetdə YUNESKO tərcümə kafedrası, ABŞ-ın Dövlət Departamenti və Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq nəticəsində Amerika mərkəzi yaradılmışdır. Böyük Britaniyanın "British Council" təşkilatı ilə əməkdaşlığın nəticəsi kimi universitetə mütəmadi olaraq Böyük Britaniyadan  ingilis dili üzrə mütəxəssislər  dəvət olunur. "British Council" universitetə  ingilis dili və ədəbiyyatı ilə bağlı çox sayda kitab hədiyyə etmişdir. Universitetin NATO ilə, Avropa və Amerikanın nüfuzlu universitetləri ilə əməkdaşlığı da gələcək nailiyyətlərə yol açmaq baxımından  əhəmiyyətlidir. İndoneziya hökumətinin maliyyə dəstəyi ilə yaradılmış İndoneziya araşdırmalar mərkəzi Azərbaycanı İndoneziyada və İndoneziyanı Azərbaycanda təbliğ edən bir mərkəz kimi həm də həmin ölkədən tez-tez gələn yüksək səviyyəli rəsmi qonaqların ziyarət etdiyi, tələbələrlə görüşlər keçirdiyi, iki ölkə arasında dostluğun möhkəmləndirilməsində, təhsil və mədəniyyət sahəsində əməkdaşlıqda mühüm rol oynayan bir ünvandır.  

X.İbrahimov  "Azərbaycan Dillər Universiteti keçid dövründə (2000-2009)" kitabında ADU haqqında geniş məlumat verməklə həm də ölkəmizdə təhsil sahəsində aparılan islahatların, tədrisin təşkilində tətbiq olunan yeniliklərin, yeni istiqamətlər və inkişaf meyillərinin, bir sözlə, Azərbaycan təhsilinin ümumi mənzərəsini təsvir etmişdir. Hesab edirik ki, bu kitab həm ADU-nun fəaliyyəti, həm də Azərbaycan təhsilinin bugünkü vəziyyəti və perspektivləri ilə maraqlananlar üçün əhəmiyyətli bir mənbədir.  

Nəzakət QAZIYEVA,
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov