Belə sindromlu uşaqlarla münasibət qorxu üzərində deyil,
inam üzərində qurulmalıdır
Aidə NƏBİYEVA,
Müasir Psixologiya Mərkəzinin baş psixoloqu
Müasir
dövrümüzdə həddindən artıq hərəkətli uşaqlar valideynlər
və pedaqoqlar üçün həqiqətən də böyük çətinliklər
yaradır.
Ona görə ki, bu uşaqlarla davranış qaydaları tərəf
müqabilindən çox böyük diqqət tələb edir. Bir çox dünya
ölkələrində - ABŞ, İngiltərə, Fransa, İtaliyada bu cür
uşaqlar daha çoxluq təşkil edir. Həmin ölkələrdə
hiperaktivlik və diqqət yayğınlığı problemi ilə mübarizə
aparmaq üçün xüsusi üsullardan istifadə olunur. Amerika
Birləşmiş Ştatlarında aparılmış statistik tədqiqatlara
əsasən 2 milyon uşaq diqqət yayğınlığı və
hiperaktivlikdən əziyyət çəkir. Bu da onu göstərir ki,
bir sinifdə 25-30 şagirddən ən azı birində
hiperaktivlik və diqqət yayğınlığı sindromu vardır.
Rusiyada belə uşaqlar 4-18%, ABŞ-da 4-20%, Böyük
Britaniyada 1-3%, İtaliyada 3-10%, Çində 1-13%,
Avstraliyada isə 7-10% -dir. Dünya ölkələrinə diqqət
yetirdikdə görürük ki, Fransada 200 min, ABŞ-da 1,5
milyon, Rusiyada isə 12-20 % birinci siniflər arasında
hiperaktivlik əlamətləri müşahidə olunur.
Hiperaktivlik və diqqət yayğınlığı sindromu "hiper"
yunan sözü olub "yüksək", aktivas isə "hərəkət və
hərəkətli" deməkdir. Hiperaktivlik sözü də bu iki sözün
birləsməsindən əmələ gəlib və aktiv, hərəkətli davranış
sistemini tənzimləyə bilməyən uşaqları ifadə edir. Bu
tip uşaqların aparıcı xüsusiyyətlərindən ətraf mühitlə
münasibətlərdə çətinlikləri, aşağı özünüqiymətləndirmə
müşahidə olunur. Uşaqların hərəkət aktivliyi və diqqət
yayğınlığı problemi ilə bağlı fikirlər 150 il bundan
əvvəl yaranmışdır. Hiperaktivlik və diqqət yayğınlığı
sindromunu ilk dəfə 1845-ci ildə doktor Henrix Hoffman
təsvir etmişdir. O bunu 3 yaşlı oğlu üçün oxumağa kitab
tapmayanda yazmağa başlamışdır. Nəticədə uşaqların
xarakterlərini əks etdirən kitab- sakitləşə bilməyən
Filipin hekayəsi ortaya çıxmışdır. Burada alman alimi
Henrix Hoffman 1 saniyə belə sakit otura bilməyən,
hərəkətli uşağı təsvir etmişdir. Həmin alim bu uşaqlara
"Hərəkətli fil" adı vermişdir.
Hiperaktiv uşaqlar öz yerlərində çox fırlanırlar,
dönürlər, əşyaları və paltarları dartışdırırlar,
dəfələrlə yerlərindən qalxır və ətrafı dolanırlar, uzun
müddət otura bilmirlər. Daha çox üzə çıxan patologiya
aktivliyin miqdarı ilə deyil, onun nəzarət altına alınma
dərəcəsi ilə bağlıdır. İlk növbədə, diqqət yayğınlığı
uşağın başqa işlərlə məşğul olması, oyunu sonunadək
oynaması, şəkil çəkməsi, oxuması, başqaları ilə
münasibətinə görə qiymətləndirilir. Oyun sahəsində
hiperaktiv uşaq aktivliyinə görə digər uşaqlardan
fərqlənməyə bilər. Hiperaktiv uşaqda daha çox
nəzərəçarpan özünü sakit apara, lazım gəldikdə, məsələn,
məktəbdə və yaxud da nahar masası arxasında dinc otura
bilməməsidir. Hiperaktivlik özünü müxtəlif şəraitdə
büruzə verməlidir. Məsələn, evdə, məktəbdə.
Onu da qeyd edək ki, qısamüddətli həkimlə konsultasiya
zamanı uşaqda hiperaktivlik sindromu aşkar edilməyə
bilər, belə ki, o, tanış olmayan şəraitdən, həkimdən
qorxa və yaxud da ozünə maraqlı bir məşğuliyyət tapa
bilər.
Belə
uşaqlar müalicə olunmalı və ya onlarla bağlı müəyyən
tədbirlər görülməlidir. Bu cür uşaqlar dərslərdən uzaq
olur, məktəbdə yaxşı oxumurlar. Ətrafındakılarla
ünsiyyət qura bilmirlər və nəticədə onların gələcək
həyatlarında- institutda, işlərində, cəmiyyətdə
problemlər meydana çıxır. Belə uşaqların çoxunda həm də
emosional və davranış pozğunluğu, yaşıdları ilə müəyyən
problemlər yaranır.
Hiperaktivlik başqa bir problemlərlə ortaq əlamətlərə
malik olduğu üçün qəti diaqnoz qoymaq çox çətindir. Ona
görə də dəqiqləşdirmədən öncə digər problemlərlə olan
oxşar və fərqli cəhətlərinə diqqət yetirmək lazımdır. Bu
problemlər 7 yaşına qədər olan dövrdə ortaya çıxır.
Belə uşaqların diqqət cəmləmə problemi olsa da, amma
tv, kompüter və oyun, cizgi filmi izləyərkən
diqqətlərini cəmləyə bilməsi çaşdırıcıdır. Hiperaktivlik
və diqqət yayğınlığı sindromu 12 yaşından aşağı 20
uşaqdan birində görülə bilər.
Hiperaktiv uşaqlar cəmiyyətə gec adaptasiya olunur. Bu
tip uşaqlar 1-ci sinfə gedərkən daha çox gərginlik və
diqqət problemi yaşayırlar. Hiperaktiv uşaqlar daim
aktiv, impulsivdirlər və onların hərəkətləri hər zaman
xaotikdir. Məsələn, onlar həmişə stulda yellənir,
oynayır, çoxlu danışır, informasiya verir və başlanılmış
işi başa çatdırmırlar. Tələblərə isə çox vaxt ya tabe
olmur, ya da onları unudurlar. Uzunmüddətli və
darıxdırıcı tapşırıqları yerinə yetirməkdən boyun
qaçırır və yaxud onu tamamilə etmir, hər zaman hərəkətdə
olmağı sevirlər. Hiperaktiv uşaqların davranışlarını
tənzimləmək və diqqətini toplamaq olduqca çətindir. Elə
buna görə də onlar çox zaman bir oyundan digərinə, 1
oyuncaqdan digərinə keçməyə çalışırlar. Belə uşaqlar tək
darıxır, hər şey onları tez bezdirir, valideynlərini və
ətrafdakıları gözləyə bilmir və onların sözünü tez-tez
kəsməyə meyilli olurlar. Onlar təlimatları sonadək
dinləmir, həmişə hərəkətdədirlər, hətta yaxınlarını
dinlədikdə belə hərəkət edirlər.
Uşaqların həyatının ilk illərində hiperaktivlik
problemini valideynlər müşahidə edirlər. Bu cür
uşaqlarda adətən əzələ tonusu problemi olur, kiçik
yaşlarında belə hər bir qıcığa qarşı həddindən artıq
güclü reaksiya müşahidə olunur. Uşaqların müəyyən həddə
çatdıqdan sonra diqqətini toplaya bilmədikləri, təlimata
tabe olmadıqları, oyunu sonadək davam etdirə
bilmədikləri üzə çıxır.
Hiperaktiv
uşaqlar hər şeylə maraqlanırlar, hər şeyə əl uzadır,
baxır, fikir söyləyir və qaydalara tabe olmaq
istəmirlər. Həmin uşaqlar həmişə səs-küylü və dəyişkən
oyunlara meyil göstərirlər. Bir saniyə belə bir yerdə
dura bilməyən bu uşaqlar hətta qida qəbulu zamanı da
sakit ola bilmirlər. Onların əlləri və ayaqları daim
xaotik hərəkətdədir və siz hərəkətin istiqamətini və
sürətini belə müəyyən etməyə bilərsiniz. Adətən
məktəbdən qayıdarkən belə uşaqlar müəyyən əşyalarını
itirdiyinin fərqinə vara bilərlər. Onlar ev
tapşırıqlarının yerini adətən unudur, ad yadda saxlamada
da problemlər yaşayırlar.
Hiperaktiv uşaqlar təlimatları sona kimi dinləmədikləri
və qaydalara tabe olmadıqları üçün bir çox hallarda
ailədaxili münasibətlərdə və davranış qaydalarında da
çətinliklər yaradırlar. Bu uşaqların evdəki və mühitdəki
davranışları daim diqqət mərkəzində olur. Valideynlər
tərəfindən çoxsaylı danlamalar və tənqidlər, bir çox
hallarda isə qışqırıqlar heç bir effektiv nəticə vermir.
Valideynlərin düzgün davranış qaydası tətbiq edə
bilməməsi çox zaman uşaqların probleminin daha da
dərinləşməsinə gətirib çıxardır.
Ailədə həmin uşaqlar tez-tez tənqid və danlaqla
qarşılaşdıqları üçün onlarda xarakterin mənfi əlamətləri
müşahidə olunur. Bu əlamətlərdən isə həm uşaqlar, həm də
böyüklər əziyyət çəkirlər. Hiperaktiv uşaqlar əsasən
səs-küylü olurlar. Uzun iş saatından sonra evə qayıdan
valideynlər səbrləri çatmadıqları üçün çox vaxt onları
kortəbii şəkildə sakitləşdirməyə və ya hədə-qorxu
gəlməyə başlayırlar ki, belə davranışlar da heç bir vaxt
effekt vermir. Bu davranışlar uşaqlar tərəfindən ona
görə sərgilənir ki, valideynlər düzgün davranış
qaydaları seçmirlər.
Hiperaktiv uşaqların valideynləri adətən onların
tərbiyəsində və təlimində, eyni zamanda davranış
qaydalarında çox əziyyət çəkirlər. Həqiqətən də bu
valideynləri başa düşmək olar. Bu tip uşaqlarla ilk
tanışlıq olduğu üçün çox zaman məlumatsız olub, nə
edəcəklərini bilmirlər. Valideynlər uşaqlarının tipini
bilmədikləri, onları tam anlamadıqları üçün övladlarını
mühitə çıxarmaq, bağçaya qoymaqdan belə imtina edirlər
ki, bu da yanlış fikirdir. Hiperaktiv uşaqların
valideynləri çox zaman uşaqları nəhayət bağçaya qoymaq
qərarına gəldikdə belə, tez-tez qarşılaşdıqları səhnə
pedaqoqlar, digər uşaqların valideynləri tərəfindən
iradları və tənqidləri qəbul etməmək və müdafiə olunmaq
kimi davranış nümayiş etdirmələridir.
Psixoloq və həkimin qəbulunda olan valideyn əslində
uşağının probleminin nə olduğunu anlayışla
qarşılamalıdır. Hər hansı bir uşaq bağçasına hiperaktiv
uşağın yeni qəbul olunması bəzən pedaqoqlar tərəfindən
də böyük həyəcanla qarşılanır. Məlumatsız olan pedaqoq
belə uşaqlardan imtina edə bilər. Halbuki bu çox yanlış
bir davranış qaydasıdır. Hiperaktiv uşaqlarla düzgün
davranmaq üçün aşağıdakı müəyyən qaydalara riayət etmək
lazımdır:
*
Uşaqla gecə vaxtı deyil, gündüz saatlarında işləmək.
*
Uşağın iş yükünü azaltmaq.
*
Kiçik tapşırıqlar vermək və oyunu tez-tez dəyişmək.
*
Oyun saatlarını uzatmamaq.
*
İşin gedişinin əvvəlində uşağın səliqə-sahmanına çox
diqqət yetirmək, bu qabiliyyəti onda yavaş-yavaş üzə
çıxarmaq.
*
Uşağın xırda müsbət davranışlarını alqışlamaq və ona
uğur qazanmaq qabiliyyətini aşılamaq.
*
Taktil kontakt elementləri istifadə etmək (Məsələn,
massaj, toxunmaq).
*
Bu və ya digər hərəkət haqqında uşağa əvvəlcədən
danışmaq.
*
Cəzalandırma və mükafatlandırma sistemindən məqsədəuyğun
şəkildə istifadə etmək.
*
Bu sistemdən vaxtlı-vaxtında istifadə etmək.
*
Uşağa seçim şansı vermək.
*
Hər hansı bir çaxnaşma və töküntü zamanı soyuqqanlı
olmaq.
Uşaqları hiperaktiv olan valideynlərə məsləhətlər
*
Uşaqla münasibətinizi müsbət hisslər əsasında qurun.
Layiq olduğu zaman onu tərifləyin. Yadınızdan çıxarmayın
ki, hiperaktiv uşaqlar tərifə çox həssasdırlar.
* Mükafatlandırma və ya cəzalandırma uyğun davranışdan
sonra dərhal tətbiq olunmalıdır.
* Fiziki cəzalandırmadan istifadə etməyin. Sizin
uşağınızla olan münasibətiniz qorxu üzərində deyil, inam
üzərində qurulmalıdır. O həmişə sizin kömək və
dəstəyinizi hiss etməlidir.
* Daha çox "hə" sözünü işlədin. "Olmaz" və "yox"
sözlərinin istifadəsindən çəkinin.
* Gündəlik yerinə yetirilməsi tələb olunan ev işlərinin
bir hissəsini ona tapşırın, amma heç vaxt onun yerinə bu
işi yerinə yetirməyin.
* Verilən tapşırıqları onun edə biləcəyi səviyyədən nə
çətin, nə də asan olmasına yol verməyin.
* Bal sistemindən istifadə edə bilərsiniz. Uşağınızın
hər müsbət davranışını balla qiymətləndirib, müəyyən
saya çatan zaman hədiyyə verin, onu gəzməyə aparın.
* Hərəkətlərinə müəyyən sərhəd qoyun: nəyin qəti
edilməsinə yol verilmədiyini qeyd edin.
* Kompüterin və televizorun qabağında çox vaxt
keçirməsini qoymayın.
* Başqalarının yanında onu danlamayın.
* Yuxusuz qalmalarına yol verməyin.
* Hiperaktiv uşaqlar hərəkətli, enerjili olmaqlarına
baxmayaraq, sinir sistemləri tez yorulur. Buna görə
müəyyən rejimin olması vacibdir. Rejimlə yatmaq,
durmaq, yemək vaxtları dəqiq yerinə yetirilməlidir.
Rejim həm sizə, həm də uşağınıza uyğun olmalıdır.
* İşlədiyi yeri ona uyğun düzəldin. Otağa, masanın
üzərinə fikrini yayındıra biləcək əlavə predmetlər
qoymayın. |