...Bu
günlərdə görüşdük, onun üçün doğma və əziz olan
məktəbdə. Baxışındakı müəllim ciddiliyi, çöhrəsindəki
səmimiyyət iki il əvvəl necə idisə, eləcə də qalmışdı.
Köhnə tanışlar kimi hal-əhval tutduq. Şükranlığını
söyləsə də illərin tez ötdüyündən gileyləndi: "İllər elə
bil uçur. Dönüb ötənlərə boylananda elə bilirəm indiyə
kimi yaşadıqlarım bir göz qırpımı imiş.
Bəzən düşünürəm ki, ali təhsilli müəllim kimi sinif
otağına qədəm qoyduğum o ilk gün bu qədər uzaq ola
bilməz... Axı, o günün həyəcanı və sevinci hələ də
əlçatacaq qədər yaxın görünür... Amma illər məndən uzaq
düşsə də, ömrümdən nələr aparsa da şərəfli müəllimlik
peşəsinə olan sonsuz sevgimi ala bilməz".
65 yaşının astanasında bir qədər kövrəlmişdi Məhburə
müəllim. Ancaq bilirdim ki, bu günlərdə sevimli
şagirdlərinin, müəllim yoldaşlarının, məktəb
rəhbərliyinin təbriklərini qəbul edəcək. Onun səmərəli
pedaqoji fəaliyyətindən ürəkdolusu söz açılacaq.
Məhburə Həsənova müəllimliyə ilk olaraq təyinatla doğma
məktəblərində - Yevlax rayonundakı Varvara kənd
səkkizillik məktəbində başlayıb. Bakıdakı A.Xəlilov
adına 263 nömrəli məktəbdə isə 33 ildir ki, çalışır.
Məhburə müəllim şagirdlərə riyaziyyat fənnini tədris
edir. Baş müəllimdir. O, məktəblilərin yüksək təhsili,
təlim və tərbiyəsi, cəmiyyətimiz üçün layiqli
vətəndaşlar kimi yetişməsi üçün bilik və bacarığını,
təcrübəsini əsirgəmir. Dərslərinə həmişə yaradıcı
yanaşır, şagirdlərin fəallığını təmin etməyə çalışır.
Məhburə Həsənovanın "Riyaziyyat dərslərində müstəqil
işlərin təşkili" mövzusunda qabaqcıl iş təcrübəsi
rayonun riyaziyyat müəllimləri arasında yayılıb.
Məhburə müəllim şəhər məktəblərində keçirilən
"Riyaziyyat aylığı"nda fəal iştirak edir. Hər dəfə də
özünün pedaqoji ustalığı və şagirdlərinin müstəqil
işləri yüksək qiymətləndirilir.
Qəlbində bir peşənin sevgisini gəzdirən, ucalıq yaşında
müəllimliyin şərəfi ilə fəxr edən, riyaziyyatın
sirlərini böyük həvəslə şagirdlərə öyrədən cəfakeş
müəllimi, bilik və təcrübəsini gənc həmkarlarından
əsirgəməyən geniş ürək sahibini ad günü münasibətilə
təbrik edirik.
Nazim ƏLİFOV |